hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Bankların yeni gəlir mənbəyi: Miqrantlar da qazanc gətirəcək?

Bankların yeni gəlir mənbəyi: Miqrantlar da qazanc gətirəcək?

Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğində pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi veriləcək.

Bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik edilir. Məcəllənin 45-ci (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar) maddəsinə edilən əlavəyə əsasən, Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğdə pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi verilir.

Banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə alan şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir. Həmin siyahıda göstərilən şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 100 min manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat verir.

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, yaşamaq icazəsinin verilməsi üçün banka vəsaitin qoyulması praktikası bir çox ölkələrdə var:

“Xüsusən də kiçik ölkələr bu təcrübədən istifadə edir. Hansılar ki, oraya investorlar böyük maraq göstərmir, amma banka vəsaitin qoyulması vasitəsilə yaşamaq hüququ verilir. Hətta bəzi ölkələrin Miqrasiya Məcəlləsində əmanətlər qoyulduqdan sonra vətəndaşlıq hüququ verilməsi ilə bağlı müddəalar da var. Amma yaxşı olardı ki, Azərbaycanda bunu düşünüb başqa formasını həyata keçirərdilər. İlk öncə investisiya mühiti yaxşılaşdırılmalıdır, sonradan Azərbaycana investisiya kimi vəsait yatıranlara yaşamaq və yaxud da vətəndaşlıq hüququnun verilməsi daha məqsədəuyğun olardı. Bu, ölkədəki iqtisadi canlanmaya da səbəb olan faktora çevrilə bilər. Amma tək 100 min manatın bank depoziti kimi qoyulması, yaşamaq hüququnun verilməsi o qədər də cəlbedici deyil. Birincisi, Azərbaycanda yaşamağa can atan və buna çalışan insanların bir çoxunun o qədər vəsaiti yoxdur. Bu gün Azərbaycana gəlmək istəyənlər əsasən qonşu və üçüncü dünya ölkələrinin vətəndaşlarıdır. Bu da çox zaman öz soydaşlarımız olur. İndi öz soydaşlarımıza Azərbaycanda yaşamaq icazəsinin pula bağlanması doğru yanaşma deyil. Ona görə də, bu məsələni investisiya mühitinə çəkmək daha məntiqli olardı. Bunun üçün də ilkin olaraq investisiya mühiti yaxşılaşdırılmalı, daha sonra Azərbaycanda sərmayə qoyanlar üçün müxtəlif fürsətlər yaradılmalıdır. Yəni onlara həm oturum, həm də vətəndaşlıq hüququ verilə bilər”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 1552