hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Baş nazir üçün kritik 6 ay: İngilislər AB-yə geri dönür?

Baş nazir üçün kritik 6 ay: İngilislər AB-yə geri dönür?

Elşən Manafov: “Artıq Britaniyalılar qurumun tərkibində qalmaq istəyirlər”

Böyük Britaniyada keçirilən uzunmüddətli gərgin müzakirələrdən sonra məlum olub ki, Brexit məsələsi hələ oktyabr ayına qədər uzanacaq. Avropa İttifaqının liderləri və Britaniya aprelin 10-da Brüsseldə keçirilən sammitdə Birləşmiş Krallığın ittifaqdan çıxması prosesinin və Brexitin oktyabrın 31-dək uzadılması barədə razılığa gəliblər. Diplomatların mətbuata açıqlamasına görə, Fransa prezidenti Emmanuel Makron Londona bu qədər uzun müddətin verilməsinə qarşı çıxıb. 

Almaniya, İspaniya və İrlandiya da daxil olmaqla Aİ-nin əksər üzvləri Brexit üçün daha uzun müddətin verilməsini istəyiblər. Lakin iclasın yekununda Avropa İttifaqının 27 üzvü və Britaniya 31 oktyabr qərarında ortaq məxrəcə gəliblər. İclasın qərarında deyilir ki, iyun ayında Avropa İttifaqı liderləri Brexit prosesinin necə getdiyini qiymətləndirəcəklər. Bu qərarın qəbul edilməsi isə o deməkdir ki, Britaniya may ayında keçiriləcək Avropa Parlamenti seçkisində iştirak edəcək. Məlum olduğu kimi, Lissabon müqaviləsinə görə, Böyük Britaniyaya Brexitlə bağlı qərar qəbul etməsi üçün 2019-cu martın 29-na qədər vaxt verilmişdi. Bu günlərdə isə Avropa İttifaqından Brexitlə bağlı Britaniyaya əlavə vaxtın verilməyəcəyi bildirilmişdi. Brexitlə bağlı razılaşma əldə edə bilməyənTereza Mey hökumətinin istefaya getməsi də müzakirə mövzusuna çevirilib. 

Bəs, ümumilikdə vaxtın uzadılması tərəflərdən hansının maraqlarına cavab verir? 

Politoloq Elşən Manafov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilk növbədə qurumu qayğılandırmalıdır:

“Britaniyanın Avropa İttifaqından çıxması qurumda domino effekti yarada bilər. Bu qısa zamanda Birliyin dağılmasını özündə ehtiva edir. Yəni, Britaniyanın qurumdan çıxması digər Avropa dövlətlərinin siyasi elitalarının da mövqeyinə təsir edə bilər. İspaniya, Portuqaliya, İtaliya, hətta Yunanıstanın İttifaqdan çıxmasına gətirib çıxara bilər. Şərqi Avropa ölkələrinin isə bu məsələdə mövqeyi fərqlidir. Yəni, onların Avropa İttifaqından gözləntiləri də kifayət qədər fərqlidir. Hazırda prezident seçkiləri keçirilən Ukraynanın da əsas qayğılarından biri Avropa İttifaqının tam hüquqlu üzv olaraq öz ailəsinə qəbul etməsidir. Bu Ukraynaya vahid gömrük sistemi, vahid taariflər və s. kimi müəyyən dividentlər verə bilər”.

Politoloq xatırladıb ki, Böyük Britaniyanın zamanında Avropa İttifaqından çıxmaqla bağlı mövqeyi Almaniya ilə yaşanan münasibətlərlə bağlı olub: 

“Almaniya Birliyin əsas aparıcı qüvvələrindən biri kimi qəbul edilirdi. Almaniya ilə Fransanın mövqeyi qurumun tərkibində daha çox ABŞ-ın maraqlarını müdafiə edən Böyük Britaniyanın maraqlarına uyğun deyildi. Amma Britaniyada da gördülər ki, İttifaqın imkanları, perspektivləri kifayət qədər güclüdür və bu ölkənin ticari münasibətlərinin güclənməsi üçün vacibdir, bu ölkədə də münasibət fərqli oldu. Britaniyanın tərkibində olan Şotlandiyanın, İrlandiyanın, Uelsin məsələlərə fərqli mövqeyi ortaya çıxdı. Britaniya özü də qurumdan çıxmaqla bağlı məsələlərə hər zaman ehtiyatla yanaşıb. Ona görə də İttifaqın tərkibində qalmaq Tereza Mey hökumətinin maraqlarına cavab verəcək. Əksinə olan proseslər isə mütləq mühafizəkarların qarşıdakı parlament seçkilərində leyborist və liberallara uduzmasına gətirib çıxaracaq. Bu da Britaniyanın siyasi sistemində kifayət qədər dəyişikliyə səbəb olacaq”.

Politiloq hesab edir ki, ABŞ Böyük Britaniyanın Avropa İttifaqının tərkibində qalmasına çalışacaq: 

“Amma bu anqlosaksların İttifaqın tərkibində qalması anlamında qəbul olunmalıdır. Britaniyanın qurumdan çıxması Almaniyanı o qədər də qayğılandıran məsələ deyil. Birliyin maliyyə yükü ilə bağlı məsələləri Almaniya Fransa ilə birlikdə öz üzərinə götürüb. Britaniyanın zamanında Brexitlə bağlı mövqeyi məhz Avropa Birliyinin gündən-günə artmaqda olan maliyyə yükünün altından çıxmaq istəyindən irəli gəlirdi. Amma gördülər ki, bu yaxın 5-10 il ərzində ölkəyə yüz milyardlarla dollar ziyan vura bilər. Ona görə də artıq britaniyalılar daha praqmatik və fərqli mövqe sərgiləyir və qurumun tərkibində qalmaq istəyirlər”.

Elşən Manafov qeyd edir ki, bütün hallarda vaxtın uzadılması mövcud mühafizəkar hökumətin maraqlarına cavab verir: 

“Hətta Tereza Meyin istefaya göndəriləcəyi halda belə mühafizəkarların nüfuzdan düşə biləcəyi birmənalıdır. Çünki layihə mühafizəkarlar tərəfindən dəstəklənmişdi və və leyborist və liberallar bu məqamı əldən verməyəcəklər. Ona görə də vaxtın uzadılması həm də Tereza Mey hökumətinin ömrünün uzadılması kimi anlaşılmalıdır”.

Belə olduğu halda oktyabrdan sonra Brexit məsələsi qapadıla bilərmi? Politoloq deyir ki, bu hər iki tərəfi məmnun edə biləcək anlaşmanın əldə edilməsindən asılı olacaq.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 2763