hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0272
  • EURO - 1.9336
  • NEFT - 65.27
  • clouds-weather

Baş pediatr xəbərdarlıq edir: “Bu içkiləri uşaqlara vermək düzgün deyil” 

Baş pediatr xəbərdarlıq edir: “Bu içkiləri uşaqlara vermək düzgün deyil” 

Son dövrlər qazlı, şəkərli içkilərə tələbat artıb.

Xüsusilə azyaşlıların sevərək içdiyi bu içkilər insan orqanizmində fəsadlar yarada bilər. Qida Təhlükəsizlik Agentliyi bununla bağlı qazlı içkilərin istifadəsinin minimuma endirilməsini tövsiyə edib. 

Onlar bu barədə Amerika alimlərinin araşdırma apardıqlarını və araşdırmaların nəticəsi olaraq hər il dünyada şəkərli içki istehlakı səbəbilə 133 min insan diabet, 44 min insan ürək-damar xəstəlikləri və 6 min insan xərçəngdən dünyasını dəyişdiyini bildiriblər. Adətən, qazlı sulara uşaqlar daha çox meyl edir.

Görəsən, uşaqların qazlı və rəngli içkilərdən istifadəsinin fəsadları çoxdurmu?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən tanınmış həkim-pediatr Vaqif Qarayev bidirib ki, qazlı və rəngli içkilər doğrudan da zərərlidir, uşaqlara isə qəti şəkildə bu içkiləri vermək düzgün deyil:

“Qeyd edim ki, yayda suya tələbat artır, uşaqlara isə adi su verilməlidir. Qazlı və rəngli sulara həm qaz, həm də rəng əlavə edirlər. Bu sular nəinki sussuzluğu aradan qaldırmaq, hətta həddən çox sussuzluq yaradır.  Ona görə də qazlı içkiləri məsləhət görmürəm.

Rəngli içkilər isə illərin problemidir. Adi bir kolanı biz süzgəcdən keçirdikdə, süzgəcdə çöküntü qaldığını görə bilərik. Bu çöküntülər isə mədə-bağırsağa gedir və inqrediyentlər orada çöküntü olaraq qalmır, onlar orqanizmə kifayət qədər zərər vururlar. Bəzi mədə-bağırsaq xəstəliklərinə mineral sular ciddi təsir edir. Orqanizm xəstə deyilsə, xüsusən də uşaq orqanizmidirsə, ona əlavə minerallar yeritmək düzgün deyil. Valideynlər bu suların tərkibini düşünmədən onları uşaqlarına verirlər”.

V.Qarayev Qida Təhlükəsizlik Agentliyinin bu məsələ ilə bağlı məlumat yaymasını isə yaxşı qarşılamayıb:

“Agentlik yaxşı olar ki, öz işlərilə məşğul olsunlar. Onlar qazlı içkilərin hansı xəstəliklərə səbəb olduqlarını həkimlərin öhdəliyinə buraxsalar daha yaxşı olar. Çünki onların özlərinin görməli olduqları vacib məsələlər var. QTA yaxşı olar ki, insanları xəstəliklə qorxutmaq yerinə, satış şəbəkələrində olan bu suların keyfiyyətinə nəzarət etsinlər və əgər keyfiyyətsizdirsə, satışdan çıxarsınlar. Bu məhsulların açıq havada, plastik qablarda satılması isə ayrı bir mövzudur. Plastik qablardakı zəhərli maddələr həmin sulara daxil olur. Bu qazlı içkilər birinci mədə-bağırsaq, sonra isə böyrəklərə təsir edir”.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 914