hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0224
  • EURO - 2.9898
  • NEFT - 64.70
  • clouds-weather

Baş redaktor: “Siyasi dialoq müstəqillik tariximizin ən böyük uğurlarından biridir”

Baş redaktor: “Siyasi dialoq müstəqillik tariximizin ən böyük uğurlarından biridir”

“Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin ölkədə tanınmış politoloq və müvafiq sahədə ixtisaslaşmış QHT rəhbərləri ilə “Siyasi dialoqun Azərbaycan modeli” mövzusunda növbəti görüşü keçirilib. Çox təqdirəlayiq və alqışlanmalı bir prosesdir. Bütün bunlar Prezidentin siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması siyasətinin tərkib elementlərindən biridir”.

Bunu “Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının baş redaktoru Rəfail Becanov deyib.

“Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və onun rəhbərlik etdiyi şöbə Prezidentin iradəsinə uyğun olaraq, tapşırıq və tövsiyələri doğru-düzgün icra edir. Nəticədə ölkədə yeni siyasi mühit formalaşıb. Təbii ki, bu mühitin formalaşmasında Ədalət Vəliyevin siyasi bacarıq və xidməti çox böyükdür.

Siyasi dialoq müstəqillik tariximizin ən böyük uğurlarından biridir. Ona görə ki, bu, polemika yox, dialoqdur. Polemikada mövqelərin mübahisəsi, dilaoqda müzakirəsi olur”,- deyə baş redaktor bildirib.

R.Becanovun fikrincə, bu dialoqun digər mühüm cəhəti isə mərhələli və davamlı olmasındadır:

“Yəni bu dialoq müvəqqəti və ya mövsümi deyil, siyasi iradə, yeni yanaşma və davamlı prosesdir. Partiyalarla əlaqələrin qurulması, onların qurultaylarının keçirilməsinin zamana və dövrün şərtlərinə uyğunlaşdırılması, bunun hüquqi mexanizminin tətbiqi, siyasi partiyaların qeydiyyat problemlərinin həlli kimi mühüm və sistemli bir proses aparılıb. Daha sonra siyasi təşkilatların yaxşı və faydalı fəaliyyəti üçün onların ofislərlə təminatı böyük hadisədir.

Bəzən fikirlər səslənirdi ki, Vətən müharibəsindən sonra yenidən bu əlaqələr kəsiləcək, cəmiyyətdəki əvvəlki qütbləşmə müşahidə olunacaq. Lakin prosesin bu şəkildə davamı göstərir ki, elə deyil. Qarşıda isə dialoq mühitinin daha da dərinləşdirilməsi nəzərdə tutulur.

Reallıq budur ki, siyasi dialoq ancaq mühüm bir tarixi zamanda, seçki və s. kimi proseslərdə həyata vəsiqə alır. Dünya təcrübəsində də, elə bizim özümüzdə də belə bir təcrübə var ki, müəyyən zaman çərçivəsində əlaqələr qurulub, danışıqlar olub, lakin proses bitəndən sonra əlaqələr kəsilib, danışıqlar dayanıb. İndiki model isə cəmiyyətin inkişafını, siyasi əlaqələrin genişlənməsini, yeni siyasi konfiqurasiyanın yaranmasını hədəfləyən davamlı və ictimai-siyasi mühit üçün, o cümlədən region üçün yeni bir modeldir. Ona görə də bunun təbliğ olunması mühüm şərtdir. Media, sosial şəbəkələrdə bu təbliğ olunmalı və siyasi dialoqun Azərbaycan modelinin əhəmiyyəti ictimaiyyətin daha geniş kütlələrinə olduğu kimi, beynəlxalq ictimaiyyətə də çatdırılmalıdır”.

Cebhe.info


Oxunma sayı: 4896