hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

BAŞSIZ QALAN EL: Qazaxıstanda rus dönəmi başlayır- "Moskvanın adamı", yoxsa böyük siyasətçi? - TOKAYEV KİMDİR?

BAŞSIZ QALAN EL: Qazaxıstanda rus dönəmi başlayır- "Moskvanın adamı", yoxsa böyük siyasətçi? - TOKAYEV KİMDİR?

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin istefasından sonra dünyanın diqqəti bu ölkəyə yönəlib. 19 martda istefasını açıqlayan prezidentin çıxışından dərhal sonra onun yerində kimin oturacağına dair müzakirələr başlayıb.

Qazaxıstan Konstitusiyasına əsasən, prezident vəzifəsindən vaxtından əvvəl getdikcə, yaxud onun ölümü halında hakimiyyət müvəqqəti olaraq Parlament Senatının sədrinə keçir. İndiki halda bu vəzifəni Qasım-Comərd Tokayev tutur. Əgər Senat sədri prezident səlahiyyətlərini qəbul etməsə, o zaman bu vəzifəni müvəqqəti olaraq Məclis sədri icra edir. Hazırda bu vəzifəni Nurlan Niqmatullin tutur. İerarxiyada üçüncü vəzifə sahibi baş nazirdir, hazırda Qazaxıstanın baş naziri Əsgər Mamindir.

Cebhe.info xəbər verir ki. indilik prezidentin slahiyyətlərini Senatın spikeri Qasım-Comərt Tokayev icra edəcək. Tokayev 20 martda and içəcək və ölkəni 2020-ci ilin aprelinə qədər idarə edəcək. Məhz həmin vaxt ölkədə prezident seçkisi keçiriləcək. Qazaxıstanda növbədənkənar seçki olmayacaq. Nazarbayev özü artıq Təhlükəsizlik Şurasının rəhbəridir və deməli, vəziyyətə nəzarət imkanına malikdir. Bundan başqa o, "Nur Otan" Partiyasının da sədridir. Həmçinin Konstitusiya Şurasının sədri kimi də qalır.

Nazarbayev indiyə qədər müstəqil Qazaxıstanın ilk və yeganə prezidenti olub. 24 aprel 1990-cı ildən Qazaxıstan SSR-nin rəhbəri olan Nazarbayev buna qədər Nazirlər Kabineti və Ali Sovetə rəhbərlik edib. 78 yaşlı Nazarbayev bütün sabiq SSRİ liderləri arasında hakimiyyətinin uzunömürlülüyünə görə rekordu əlində saxlayırdı. Sovet dönəmindən etibarən rəhbər dəyişikliyi görməyən Qazaxıstan indi prosesləri maraqla izləyir.

Konstitusiyaya əsasən, Nazarbayev ölkəni ömrünün sonuna qədər də idarə edə bilərdi, ancaq o, bu yolu seçmədi və istefa verdi.

Hələ 1 ay əvvəldən Nazarbayevin istefası barədə bəzi məlumatlar yayılırdı. Məlumatların kökü bir müddət öncə ölkə qanunvericiliyindəki dəyişikliyə əsaslanırdı. Nazarbayev Təhlükəsizlik Şurasının rəhbəri olduqdan sonra onun gedişinə mümkün variant kimi baxırdılar. Ancaq qərarın bu tezliklə veriləcəyi gözlənilmirdi. Buna görə də qərarın tezləşdirilməsi səbəbi kimi Nazarbayevin səhhətindəki problemlər göstərilir.

O ki qaldı prezident səlahiyyətlərini yerinə yetirəcək şəxsə, bu, 65 yaşı Qasım -Comərd Tokayevdir. Onu Qazaxıstan “xarici siyasət idarəsinin atası” adlandırırlar. Bundan əvvəl iki dəfə XİN-ə rəhbərlik edib. 1999-2002-ci illərdə baş nazir vəzifəsini tutub. 2011-2013-cü ildə Tokayev BMT baş katibinin müavini vəzifəsini icra edib. O, BMT-də işini davam etdirmək istəyirdi, ancaq Nazarbayevin xahişi ilə ölkəsinə döndü. Senat rəhbəri vəzifəsini tutması onu faktiki olaraq ölkənin ikinci adamına çevirdi. Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitə sədri Leonid Slutski onu belə xarakterizə edib: "Böyük siyasətçi, hətta Avropa miqyaslı yox, daha böyük masştablı". Ancaq bu tərif Tokayevin “Rusiyanın adamı" olması barədə iddiaları da özüyə gətirib. Bəzi Qazaxıstan mətbuatı uzun müddət məhz bu bəyanatdan yazıb.

 

Baxmayaraq ki, Rusiya mətbuatı Qazaxıstan lideri Nazarbayevin ruslara qarşı siyasətdə ittiham edirdi. Buna səbəb kimi ölkədə rus əhalinin sayının azalmasına yönəlik siyasət göstərilirdi. Əgər 1989-cu ildə ruslar ölkə əhalisinin 37,82 faizini təşkil edirdisə, 2018-ci ilin əvvəlinə olan məlumata görə, bu rəqəm 19,76 faizdir. 2017-ci ildə Nazarbayev ölkənin latın qrafikalı əlifbaya keçməsinə dair sərəncam imzaladı, pulların üstündə rus dilindəki bütün yazıları "sildirdi". Baxmayaraq ki, rus əhalisinin sayını nəzərə alaraq ölkənin ikidilli olduğunu vurğulayırdı, ancaq məmurlara ancaq qazax dilində danışmaq tapşırığı verirdi. 

Beləliklə, indi Nazarbayev “elbaşı” kimi qalsa da, artıq prezident deyil. Qazaxıstanın isə hansı yol seçəcəyini zaman göstərəcək.

Xəzər

Cebhe.info


Oxunma sayı: 31572