hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Batalyon komandiri Şuşa ilə bağlı gizlinləri açdı: “Elbrus Orucov parta arxasından durub gəlmişdi” - MÜSAHİBƏ

Batalyon komandiri Şuşa ilə bağlı gizlinləri açdı: “Elbrus Orucov parta arxasından durub gəlmişdi” - MÜSAHİBƏ

Bu gün Şuşanın işğalının növbəti ildönümüdür. 

27 il ötsə də, Şuşanın işğalı ilə bağlı qaranlıq məqamlar hələ də qalır. Rayonun işğalındakı gizli məqamlarla bağlı Şuşa özünümüdafiə batalyonunun komandiri Fəxrəddin Səfərovla söhbət etdik. “Cümhuriyət” qəzetinə müsahibəsində Fəxrəddin bəy maraqlı faktlar açıqladı.

“Həqiqəti deməyəndə yalan faktlar ortaya çıxır”

-Fəxrəddin bəy, Şuşanın işğalı ilə bağlı müxtəlif iddialar səslənir. İddialara görə o zaman Şuşanın müdafiəsi yaxşı təşkil olunmayıb...

-Bunlar çox yanlış fikirdir. Şuşa işğal olunan gün 23 saat döyüşüb, sonra bir neçə sutka Turşsuda qalmışıq. Əgər Şuşa rahatlıqla verilibsə, onda bu itkilər necə olub? Azərbaycan ordusu bu günə qədər hansı əməliyyatda, döyüşdə 196 döyüşçü şəhid verib? Şuşa işğal olunan günü 196 azərbaycanlı şəhid olub, 407 döyüşçü ağır yaralanıb. Necə deyə bilərik ki, Şuşa müdafiəsiz erməniyə verilib? Bu fikri yayanlar istəmirlər ki, xalq həqiqəti bilsin. Mən də yaşlaşmışam, döyüşçü yoldaşlarım da, dünyasını dəyişənlər də var. Həqiqəti deməyəndə yalan faktlar ortaya çıxır. Məsələn, o gün televiziyaların birində bir nəfər deyir ki, Şuşada döyüşmüşəm, yaralanmışam. Amma o, nə məndə, nə də başqa batalyonlarda əsgər olub. Müsahibəni götürən adam da öyrənməlidir ki, o adam mayın 8-də Şuşada olub, yoxsa, olmayıb. Şuşada batalyon komandiri olmuşam və bu müddətdə bəzən postlarda olan ərazi bölüklərinə əsgər çatmırdı. İndi iclaslarda, tədbirlərdə, televiziyalarda baxıram ki, hamı qalstuk taxıb danışır, altına da yazırlar ki, müharibə döyüşçüsü, əlili, veteranı. Axı onların heç biri orada döyüşməyib. Bununla bağlı çox belə qeyri-dəqiq məlumatlar verilir. Şuşa uğrunda ağır döyüşlər gedib. Şuşada erməniləri əməliyyata hazırlayan generalların kitabları çıxıb. Kitabı yazan general bildirir ki, 11 min nəfərlə Şuşaya hücum ediblər, geriyə 8 min erməni qayıdıb. Qalanları Şuşa döyüşçüləri tərəfindən məhv edilib. Bu faktdır, o kitab Azərbaycanda da bəzi yoldaşların əlində var. Şuşada son gülləmizə qədər döyüşmüşük. 27 ildir deyirəm ki, Şuşadan döyüşçülər qorxub geri çəkilməyib, erməninin qabağından qaçmayıb. Həmin gün Şuşaya əmr gəlib. Əmr bu qaydada olub: “Hərbi texnika və canlı qüvvə təcili surətdə Şuşa şəhərini tərk etsin. “Azərbaycan qaranquşları” Şuşanı yandırıcı bomba ilə yandıracaqlar”. Bu əmrdən sonra şəhər yanacaq deyə, Şuşa əhalisi və döyüşçülər geri çəkilib. Bundan sonra Şuşada digər mövqelərdə bir neçə gün gözləmişik. Həmin dövrdə geri çəkilən ordu Azərbaycandan gələn digər qüvvələrlə, batalyonlarla birlikdə Turşsuda gözləyib. Həmin dövrdə Azərbaycanın daxilində fəaliyyət göstərən siyasət dəllalları döyüşçülərin çoxunu geri çağırıb. Bu faktdır ki, 1992-ci ilin 14 mayında Ayaz Mütəllibov hakimiyyətə gələn günün səhəri Bişkekə getməli və Azərbaycanın MDB-yə üzv olmasına qol çəkməli idi. Bundan sonra da Azərbaycan ordusu Turşsudan Şuşaya qayıtmalı idi. Komandir olduğum üçün bu məsələlərdən məlumatlı idim. Şuşada baş verənlərin başında dayanan Rusiya olub. 1992-ci ilin 11 mayında Azərbaycan Dövlət Televiziyasında bu sözü işlətmişəm ki, Şuşada ermənilərlə deyil, ruslarla döyüşürdük. Bütün standartlara uyğun olan rus qoşunları ilə üz-üzə gəlmişdim. Azərbaycan MDB-yə getmədiyi üçün Rusiya digər rayonlarımızı bir-bir işğal etdi. Kimə qarşı döyüşdüyümüzü sətiraltı hər kəs bilir.

“Azərbaycan ordusunda tabe olmamaq söhbəti yox idi”

-Belə bir iddia səslənir ki, aprelin 22-dən Şuşa, Laçın, Qubadlı və Zəngilan bölgələri üzrə hərbi komendant təyin olunmuş polkovnik-leytenant Elbrus Orucovdan sonra müdafiə xəttində xaos yarandı, pərakəndəlik başlandı...

-Burada bir məsələ var ki, Elbrus Orucov ora gələndə cavan oğlan idi, parta arxasından durub gəlmişdi. Həmin dövrdə Elbrus Orucov çalışdı ki, briqadanı yaratsın. Elələri var idi ki, tabe olmaq istəmirdilər, amma vətən uğrunda döyüş olduğuna görə, hamı birləşmişdi. Pərakəndəliyi yaradan səbəblər də var idi. Tutaq ki, hansısa bölgədən döyüşçü gəlib Şuşada döyüşüb. Şuşada vəziyyət ağır olanda o döyüşçü üçün problem o qədər yaranmır. Amma yerli sakininin anası, atası, uşağı, ailəsi şəhərdədir. Şəhərdə vəziyyət pisdirsə, yerli döyüşçünün çoxlu problemləri yaranır. Əgər erməni şəhərə yaxınlaşırsa, yerli döyüşçü daha çox anasını, bacısını, körpə qızını oradan çıxarmağı düşünür. Xocalı faciəsini görəndən sonra yerli əsgərlər onları əvəz edəcək döyüşçüləri yerlərinə qoyub çalışırdı ki, ailəsini təhlükəsiz bölgəyə çıxarsın. Belə məsələlər var idi. Tabe olmamaq fikri Azərbaycan ordusuna qarşı xarici dövlətlərin təxribatı idi. Tabe olmamaq fikrini heç vaxt qəbul etməmişəm, edə də bilmirəm.

“O xəbərdən sonra Şuşaya köməyə gələnlər azaldı”

-Şuşaya paytaxtdan və digər bölgələrdən kömək gəlirdi?

-Daşaltı hadisəsindən əvvəl bütün respublika ərazisindən Şuşaya kömək gəlirdi. Bütün millət çalışırdı ki, Şuşaya kömək etsin. O zaman ANS TV məlumat yaydı ki, yerli bələdçilər kənardan gələn döyüşçüləri aparıb ermənilərə qırdırdı. Ondan sonra millət elə bir “əyləci” basdı və belə bir fikir formalaşdı ki, ordakılar alçaqdır. Bax, bu təxribat Azərbaycanın düşünən beyninin içərisinə bir virus kimi girməyə başladı. Bu həqiqətləri demək lazımdır, bu gün varıq, sabah yox. Bundan başqa, Şuşa işğal olunan günü 196 nəfər şəhid olub, ancaq onlardan 195-nin adı çəkilmir. Yalnız 1 şəhid yəhudimizin adı çəkilir. O da orada mənimlə döyüşüb, qanı mənim üstümə tökülüb. 195 nəfər oğlanın adı niyə heç bir tədbirdə çəkilmir?

-Sabiq müdafiə naziri Rəhim Qazıyevin Şuşanın işğal olunmasında rolu nə qədərdir?

-Rəhim Qazıyevin nazir olduğu dövrdə, həqiqətən də ölkədə vəziyyət qarışıq idi. Yəni hakimiyyətə gəlmək istəyən qüvvələr, universitetlərdə tətillər, bəzi siyasilərin döyüşçüləri geri çağırması qarışıqlıq yaratmışdı. Həmin dövr üçün “Azadlıq” meydanından çəkilmiş kadrlarda da bunu görmək mümkündür. Torpaqların işğal olunması ilə əlaqədar Rəhim Qazıyevlə bağlı heç bir fikir deyə bilmərəm.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 3763