hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Bazar çalxalanır: Neft, bitcoin, qızıl...

Bazar çalxalanır: Neft, bitcoin, qızıl...

Dünya bazarı bu həftə bir qədər hərəkətli keçdi.

ABŞ Prezidenti Donald Trampın “Tvitter”də 300 milyard dollar dəyərində Çin mallarına 10 faizlik tarif tətbiq edəcəyi ilə bağlı açıqlamasının ardınca dünya bazarında bir silkələnmə yaşandı. Qlobal risklərin artması avronu və nefti ucuzlaşdırıb, qızılı isə bahalaşdırıb. Beynəlxalq maliyyə bazarlarında EUR/USD məzənnəsi cari həftənin maksimum və minimum səviyyələri aralığında dalğalanmaqda davam edir və korreksiya 1.1138 dollara kimi dərinləşə bilər.

Avropada, xüsusilə də İtaliyada siyasi risklərin artması, Almaniya ilə bağlı fundamental göstəricilərin mənfi açıqlanması, avroya təsir edən əsas amillərdir. Dünyada siyasi və iqtisadi risklərin artması, neftə olan tələbin də azalmasına və qiymətlərin ucuzlaşmasına təsir edir. Təhlillərə əsasən, Avropanın Brent markalı neftinin bir barel qiyməti 59 dolların altında qaldıqca, 50 dollara kimi də ucuzlaşa bilər.

Əlvan metallar bazarlarında isə qızıla olan tələbin artması müşahidə edilir. Son altı ayın maksimum səviyyələrində ticarət edilən qızılın bir unsiya üzrə qiymətinin 1551 dollara kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır. “Merrill Lynch International” metal araşdırma təşkilatının analitiklərinin proqnozlarına görə, pul genişlənməsi davam edərsə, qızılın bir unsiyası 2000 dollara qədər qalxa bilər. Təşkilatın ekspertləri hesab edirlər ki, mərkəzi banklar iqtisadiyyatları səfərbər etməyə və ya bazarları böyümə məsələsinə inandırmaqda uğursuz olan pul genişlənməsi yolunu tutsa, qızılın 2 min dollara qədər yüksəlməsi qaçılmazdır. Təşkilat gələn ilin II rübü üçün baza senarisinin 1 unsiya üçün 1500 dollar olduğunu və bunun bütün dünyada mərkəzi bankların genişlənməyə getməsi ilə əlaqəli olduğunu açıqlayıb. Kriptovalyuta bazarında da dalğalanmalar olub. Son açıqlanan qiymətlərdən bəlli olur ki, bəzi kriptovalyutaların qiymətlərində enmələr, bəzilərində isə artımlar davam edib. Ən çox dəyər itirən ethereum kriptovalyutasıdır, ən az ucuzlaşan isə tetherdir.

İqtisadçı-ekspert Vüsalə Əhmədova “Cümhuriyət” qəzetinə bildirib ki, Trampın Çinə tətbiq etdiyi əlavə gömrük rüsumu ilk növbədə neftə öz təsirini göstərib: “Qızıl isə bir qədər etibarlı aktiv sayıldığı üçün yeni gömrük tarifləri qızıla olan tələbi artırdı. Hazırda 1,8 faiz dəyər qazanaraq unsiyası 1457.50 dollardan satılır. Ancaq Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcəsini endirdikdən sonra dolların möhkəmlənməsi fonunda qiymətli metalların qiymətlərində də eniş olacağı ehtimal olunur. Düşünüldüyü kimi, İran böhranı belə neft qiymətlərini dəstəkləyə bilmədi. Qərbi Texas Intermediate markalı neft, Amerika neftinin əsas alıcılarından biri olaraq qalmaqda davam edən Çin ilə bağlı narahatlıqlar səbəbindən bu həftə ucuzlaşdı. ABŞ-ın şist neft hasil edən şirkətləri xərcləri azaldacaqlarını və ilin ikinci yarısında yeni quyuların qazılmasını ləngidəcəklərini bildirdilər. Bu faktor neft qiymətlərini normallaşdıra bilər, ancaq effekt düşünüldüyü kimi tez alınmayacaq. Ötən gün WTI markalı neft 8 faiz dəyər itirərək 2015-ci ilin fevralından etibarən ən aşağı səviyyəyə düşdü. Brent markalı neft isə 7,2 faiz geriləyərək 2015-ci ilin sentyabrından bəri ən aşağı həddə endi. Ticarət müharibəsinin yenidən alovlanması faktorunun tələbə potensial təsir edəcəyi narahatlıq doğurur. Zatən zəif iqtisadi aktivlik, əlverişsiz hava şəraiti və ticari gərginliklər fonunda neftə olan tələb bu il o qədər də ürəkaçan olmayıb. Hazırda investorların FED-in uçot dərəcələrini yenidən endirə biləcəyi ilə bağlı bəzi gözləntiləri var. Ancaq FED sədri Jerome Powell bu il ərzində uçot dərəcələrinin təkrar endirilə biləcəyi fikrini rədd edir”.

Analitikin sözlərinə görə, ABŞ-la Çin arasında ticarət kəsiri son 12 ayda rekord həddə (355 milyard dollardan artıq) çatıb: “Bu cür ticarət kəsirinin qloballaşma, iş bölgüsü və fundamental idxal-ixrac quruluşundan qaynaqlandığını söyləmək olar. İlk başlarda iki ölkə arasındakı fundamental idxal-ixrac strukturuna nəzər salsaq ABŞ Çinə texnoloji məhsullar ixrac edir, əvəzində isə Çindən Amerika korporasiyaları tərəfindən istehsal olunmuş ucuz mallar idxal edirdi. Hazırda isə Çinin ABŞ-a ixracında tamamilə yüksək texnologiyalı məhsullar yer alır. ABŞ isə Çinə aşağı dəyərli xammal və məhsullar ixrac edir. Bu o demək deyil ki, ABŞ texnologiya baxımından Çindən geridə qalır. Sadəcə olaraq, ABŞ-da bir çox məhsul növünü Çin ilə müqayisədə istehsal etmək rentabelli sayılmır. Eyni məhsulu Çində istehsal etmək daha ucuz başa gəlir. Belə bir siyasətin Amerika korporasiyalarının qazancını artırmaq üçün qəsdən qurulduğunu söyləmək olar. Son nəticədə isə uduzan ABŞ oldu və ticarət kəsiri yarandı. Hazırda ABŞ gömrük rüsumları və süni məhdudiyyətlərlə ticarət balansını dəyişdirməyə çalışır. Bu isə praktiki olaraq mümkün görünmür. Çinə zərər vermək adına ən çox özünə zərər yetirir. ABŞ-ın Çinə ixracı inanılmaz dərəcədə azalmaqdadır. O cümlədən, Çin ABŞ-ın əsas ticarət tərəfdaşı olduğundan rüsumların artırılması ABŞ üçün ən azı 0,7 faizlik inflyasiya deməkdir. Dolayısıyla, ABŞ-ın növbəti addımı Çinin texnoloji və iqtisadi inkişafını ləngitmək olacaq. Çin də öz növbəsində ABŞ-dan kənd təsərrüfatı məhsullarının alışını dayandırıb”.

Vüsalə Əhmədova hesab edir ki, neftin qiymətindəki ucuzlaşma hələ ki, qızıla sirayət etməyib: “Hazırda dünya bazarında Brent markalı neft 57,80, WTI markalı neft isə 52,83 dollardan satılır. Bazar ertəsindən etibarən isə kriptovalyuta bazarında artım müşahidə olunur. Kapitallaşma dərəcəsi 319 milyard dollara qədər yüksəldi. Bazar ertəsində 12.200 dollara yüksələn bitcoin hazırda 11.814 dollardan satılır. Qiymətin bir müddət stabil qalacağını söyləmək olar, növbəti artımın olacağı da ehtimal olunur. Ethereum kriptovalyutası isə 233 dollardan satılır və artım potensialı az görünür. O cümlədən, litecoin kriptovalyutasında da azalma tendensiyası müşahidə olunur. Göründüyü kimi, Bitcoin investorlar üçün daha bir şans verməkdədir. Ancaq bu, o demək deyil ki, Bitcoinin qiyməti əvvəllər olduğu kimi birdən-birə yüz dəfələrlə artacaq. Kriptovalyuta bazarı böyümə potensialı və nisbi dəyişkənlik baxımından ənənəvi bazarlara yaxınlaşır. Artıq investorlar kiçik faizlərlə kifayətlənməlidirlər. Hələ ki, Bitcoin üçün texniki görüntünü əlverişli hesab etmək olar. Spekulyativ alış-veriş nəzərə çarpmasa da, yuxarıya doğru hərəkətlilik davam edir”.

Yeganə Oqtayqızı

Cebhe.info


Oxunma sayı: 6051