hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Bazarda “ucuz küləklər” əsir: Azərbaycan nefti neçəyə satılacaq? - PROQNOZLAR

Bazarda “ucuz küləklər” əsir: Azərbaycan nefti neçəyə satılacaq? - PROQNOZLAR

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) gələn ilə dair neft qiyməti proqnozlarını 2 dollar aşağı salıb. "Oktyabr 2019" hesabatına görə, 2020-ci ildə Brent xam neftinin ortalama barel qiymətinin 60 dollar, ABŞ-ın Qərb Teksas (WTI) növü xam neftinin ortalama barel qiymətinin də 54,50 dollar olacağı nəzərdə tutulur. 

EIA-nın sentyabr ayı hesabatında, gələn il Brent neftin barel qiymətinin 62 dollar, WTI neftinin də 56,50 dollar olacağı təxmin edilmişdi. Beləcə, hər iki xam neft növündə gələn ilə dair qiymət gözləntisi 2 dollar endirilib. 

Maraqlıdır, növbəti ildə Azərbaycan nefti üçün proqnozlar nədir?  

Cebhe.info neft məsələləri üzrə eksprtlərdən proqnoz alıb. 
 
Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev Cebhe.info-ya açıqlamasında gələn il Azərbaycan neftinin satışında ciddi dəyişikliklərin olacağını deyib:

“Gələn il həm Norveçin Şimal dənizində olan iki yatağında - "Martin Ling" və "Yohsn Sverdrrup"da hasilat həcminin artırılması gözlənilir.  Üstəlik Braziliyada, ABŞ-da neft hasilatında kifayət qədər artım müşahidə olunacaq. ABŞ-la Çin arasında tarixən olan qarşıdurma, ticari qaydaların nizamlanmasına yönəlik ümumi fikrin formalaşmaması neftə son anda tələbatı aşağı salıb. Digər tərəfdən, qlobal bazarlar üçün 2020-ci ilin yanvarından ciddi bir problem ortaya çıxacaq. Bu, BMT nəzdində fəaliyyət göstərən Beynəlxalq Dəniz Administrasiyasının bunker yanacaqları ilə bağlı 2020-ci ilin yanvarın 1-dən yeni reklament qaydalarının qüvvəyə minməsidir. Bu qaydaya uyğun olaraq, 2020-ci ildə dünyanın bütün böyük limanlarında bunker yanacağı satan şirkətlər satdıqları bu yanacağın tərkibində kükürdün faizlə miqdarını 0,5 faizdən yuxarı təşkil etməməlidir. Halbuki, indi dünya limanlarında ildə 200 milyona yaxın tərkibində kükürdlə miqdarı 3,5 faiz təşkil edən bunker yanacaqları satılır. Bu, bir qədər də yüksək kükürdlü neftə olan tələbatı aşağı salacaq. Yüksək kükürdlü bunker yanacaqları kükürddən təmizlənməlidir. Bu da əlavə xərc deməkdir. Ona görə də gələn il Azərbaycan neftinə yüngül, az kükürdlü neftə tələbat artacaq. Digər tərəfdən, həm Liviya, həm də Nigeriyada olan neft bazarları dünyanın qaynar nöqtələri sayılır”.

Ekspertin sözlərinə görə, gələn il Azərbaycan neftinin satış qiymətlərində də ciddi dəyişiklik olacaq:

““AzərLight” markalı Azərbaycan neftinin hər bareli sentyabr ayında CİF Augusto təslimində (İtaliyada liman-red.) hər bareldə 3 dollar premiya ilə satılıb. Yəni baha satılır. Bu baxımdan, Azərbaycan neftinin də gələn il dünya bazarında qiymətlərində çox ciddi dəyişikliklər olacaq və beynəlxalq bazarda tələbat artacaq. Azərbaycan Dövlət Neft Şirkəti qarşıdakı illərdə bütün fəaliyyətini ölkədə neft hasilatını sabit saxlamasına yönəltməlidir. Məsələn, Dövlət Neft Şirkətinin bir neçə il əvvəl prqoramı var idi ki, ölkədə neft hasilatını 40 milyon ton civarında saxlasın. Təəssüflər olsun ki, ölkədə neft hasilatı getdikcə aşağı düşür. Bütün bunlara baxmayaraq, gələn il yüngül və az kükürdlü neftə dünya bazarında tələbat bir az artıq olacaq”. 

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, “AzərLight"ın qiyməti birjalarda müəyyənləşdirilmir:

"“Brent" neftinin üzərinə müəyyən formulla qiymət əlavə edildikdən sonra 1-1,5 dollar baha satılır. Maraqlısı odur ki, Amerika neft proqnozlarını verərkən həmişə daha yüksək qiymətlərin fonunda proqnoz verir. Yəni biz son 10 ili götürsək, Amerikanın Energetika İnstitutunun verdiyi proqnozlar həmişə real qiymətlərdən daha artıq olur. Bu nöqteyi-nəzərdən, bu,  çox optimist yanaşmadır”. 

İqtisadçının fikrincə, neftin indiki qiyməti iqtisadi amillərə görə formalaşmayıb: 

“Gələn il neft ətrafında baş verən bir çox problemlər həll olunsa, bazara 6-8 milyon barel arası neftin əlavə olaraq daxil olması neft qiymətlərinə böyük təsir göstərəcək. Amerika Energetika İnstitutu da məhz buna əsaslanıb. Belə olan halda neft qiymətlərində daha ciddi korreksiya gözləyə bilərik. Azərbaycan neftinin qiyməti gələn il büdcədə 55 dollar götürülüb. Hesab edirəm ki, qiymətin elə 55 dollar civarında olması ehtimalı ən yaxşı ssenaridir. Bundan da aşağı ola bilər. Neftin qiyməti aşağı düşsə, Azərbaycanda makroiqtisadi sabitlikdə müəyyən problemlər yarana bilər”. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 4214