hava haqqinda Bakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.9181
  • NEFT - $ 66.75
  • clouds-weather

Bazarlar ciddi nəzarətə götürülür: BAHALAŞMAYA SON?

Bazarlar ciddi nəzarətə götürülür: BAHALAŞMAYA SON?

Azərbaycanda maliyyə bazarlarındakı yoxlamalara tətbiq edilən məhdudiyyət aradan qaldırılıb. 

Bu barədə məsələ Milli Məclisin son plenar iclasında müzakirə edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2020-ci ilin sonuna qədər dayandırılıb. Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının müdafiəsi məqsədilə qanunun 2.1-ci maddəsində göstərilən hallarda yoxlamaların həyata keçirilməsinə icazə verilir. Təklif edilən dəyişikliyə əsasən, bu siyahıya maliyyə bazarlarında aparılan yoxlamalar da əlavə edilib.

Həmçinin, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna da dəyişiklik edilməsi təklif olunur ki, bu qanun maliyyə bazarlarındakı yoxlamalara şamil edilməsin. Dəyişikliklər səsə qoyularaq qəbul edilib. Məlumat üçün bildirək ki, 2017-ci ilin noyabr ayında ölkə başçısı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna dəyişikliyi təsdiq edib. Sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilədək dayandırılmışdı. Qanuna əsasən, istisna sahələr var ki, orada yoxlamalar aparıla bilər.

Dəyişiklik həmin sahələrin dairəsinin nisbətən genişləndirilməsini də nəzərdə tuturdu. Dəyişikliyə qədər vergi məsələləri, insanların həyatına, sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar aparıla bilərdi. Dəyişiklikdən sonra dərman vasitələrinin keyfiyyəti və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar da aparılır.

Qeyd edək ki, Azərbaycanda sahibkarlıq sahələrində yoxlamalar 2015-ci il noyabrın 1-dən 2 illik müddətə dayandırılmışdı. Bu müddətdə yalnız vergi məsələləri, insanların həyatına, sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə yoxlanmalara icazə verilirdi. Həmin yoxlamaların da bəlli məhdudiyyətlər nəzərə alınmaqla aparılması nəzərdə tutulurdu. 

Uzun zaman idi ki, sahibkarlarda bir arxayınlıq var idi. İndi bu arxayınlıq yerini məsuliyyətə verir. Maraqlıdır, sahibkarlara təzyiqlər yenidən gündəmə gəlir?

İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə bildirib ki, qanunda dövlət təhlükəsizliyi, maliyyəyə nəzarət, eyni zamanda qida təhlükəsizliyi ilə bağlı bir sıra məqamlar əks olunub: 

“Artıq bəzi sahələrdə yoxlamalara başlanılacaq. Yoxlamalar birtərəfli qaydada dayandırılandan sonra bir çox sahədə neqativ hallar üzə çıxdı. Bəzi sahibkarlıq subyektləri yoxlamaların dayandırılmasından sui-istifadə hallarına yol verməyə başlamışdılar. Ötən ilin dördüncü rübü ərzində qəfil yoxlamalar nəticəsində nə qədər ərzaq məhsullarının yararsız olması müəyyən olunmuşdu. Əsasən də keyfiyyətsiz ət və ət məhsullarının satışının təşkili aşkarlanmışdı. Məlumdur ki, vaxtı ötmüş ərzaq məhsulları insan sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Sahibkarlıq subyektlərinə təzyiq olmasın deyə öncə sərbəst buraxılır, son nəticədə bazarda bu kimi neqativ hallar üzə çıxırdı. Məhz yoxlama qadağaları qoyulanda bu məsələyə birtərəfli qaydada yox, differensial yanaşmaq lazımdır. Əvvəllər bir sıra dövlət nəzarət orqanları var idi ki, küçəni düz gedə bilmirdilər, mütləq girib hansısa mağazadan nəsə tələb edirlər. Bu, konkret faktdır. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları iş yerlərində çalışanların müqaviləsini yoxlayırdılar. Əgər müqaviləsiz çalışan şəxslər müəyyən olunurdusa, sahibkardan “hörmət” tələb edirdilər, əks təqdirdə cərimə ilə hədələyirdilər. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ətraf mühitə zərər vurması ehtimal olunan müəssisələrə gedib ekoloji və normativ sənədi tələb edirdi. Əgər istifadəçidə bu sənəd olmurdusa, dərhal cərimə tətbiq edilirdi. İllər boyu Vergilər Nazirliyi sahibkarlarla fəaliyyətini qura bilməmişdi. Analoji vəziyyət “Azərişıq” ASC-nin, Fövqəladə Hallar Nazirliyinin və digər qurumların əməkdaşları tərəfindən də müşahidə olunurdu. Bu özbaşınalıqların qarşısı alınmalı idi və hesab edirəm ki, çox da uğurlu alındı”.

Maliyyə bazarlarında aparılan yoxlamalara əlavə edilən dəyişikliklərə gəlincə, ekspert maliyyə bazarlarına nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb: 

“Ölkədən qeyri-qanuni yolla kapital axını və digər əməliyyatlar hər zaman nəzarətdə saxlanılmalıdır. Bu kimi məsələlərin nəzarətdə saxlanması heç bir halda sahibkarlıq sinfinə təzyiq kimi qiymətləndirilə bilməz. Əksinə, neqativ halların qarşısı vaxtında alınarsa, “sahibkar”lar bazardan çıxmış olar və sağlam mühit yaranar. Bu yanaşma vaxtında olmalı idi, indi yox. Çünki bu boşluqlardan istifadə edən bəzi qara qüvvələr bazar münasibətlərində sahibkarlıq adı altında fəaliyyət göstərirlər. Bu kimi halların aradan qaldırılması üçün bu qərar çox düzgün və vaxtında verilib.

Qanuna edilmiş dəyişiklikdən məlum olur ki, sahibkarlar üzərində tək Vergilər Nazirliyinin yoxlamaları qalmır, eyni zamanda Qida Təhlükəsizliyi Agentliyi də vaxtaşırı monitorinqlər aparacaq. İndi yoxlamada cəza yox, müasir elementlərdən istifadə olunur. Monitorinqlər keçirilir, sahibkara tövsiyə və məcburi göstəriş xarakterli xəbərdarlıq olunur. Şübhəsiz ki, bu halda qərəzli münasibət yaranarsa, sahibkarın da qaynar xətlə istənilən dövlət nəzarət orqanlarına müraciət etmək imkanı var. Hüquqi cəhətdən maariflənmiş sahibkarlar bilməlidirlər ki, dövlət orqanları tərəfindən neqativ addım atılarsa, qaynar xətlərə dərhal müraciət etməlidir. Müraciət etdiyi halda adekvat reaksiya veriləcək”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 2707