hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Belarus uğrunda “nəhənglərin döyüşü”

Belarus uğrunda “nəhənglərin döyüşü”

Belarusun Qərblə münasibətlərində Rusiyanı narahat edən proseslər baş verir.

Aleksandr Lukaşenko hakimiyyətinin əvvəllər Avropa və ABŞ-la tərəfdaşlığın vacibliyi barədə mövqeyi indi siyasi bəyanatlar müstəvisindən real əlaqələrə keçib. Son günlər Belarusun Qərblə yaxınlaşması istiqamətində həm siyasi, həm də iqtisadi baxımdan, ciddi hadisələrlə yadda qaldı. Ümumiyyətlə, 2020-ci il Belarusun xarici siyasət balansında Avropa və ABŞ-la əməkdaşlıq Rusiya ilə müqayisədə ağırlıq təşkil edib. Əslində, rəsmi Minskin Qərbə yaxınlaşmaq istiqamətində real addımlar atacağı gözlənilən idi. Yəni Belarusun Qərblə münasibətlərində müşahidə olunan “İstiləşmə”ni son bir ildə baş verən proselərin nəticəsi də hesab etmək olar.

Qeyd edək ki, hələ 2019-cu ildə Belarus Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında sazişin imzalanması ilə bağlı öhdəliklərin müzakirəsinə razılıq vermişdi. Belarusun xarici işlər naziri Vladimir Makey isə ilk dəfə Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin ötən ilin may ayında Brüsseldə keçirilən sammitində iştirak etmişdi. Eyni zamanda, Belarus Ümumdünya Ticarət Təşkilatı ilə danışıqları bərpa edib. Ötən ilin avqust ayında ABŞ prezientinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Boltonun Minskə səfəri Belarusla prezident Lukaşenkonun özünün təklif etdiyi kimi “Təmiz ağ səhifədən” başlanmasına təkan verdi. 2020-ci il yanvarın 8-də Avropa Birliyi ilə imzalanmış “Readmissiya haqqında saziş” Belarusun Qərbə inteqrasiyası istiqamətində növbəti addım sayıla bilər. Bunun ardınca, yəni fevralın 1-də ABŞ-ın Dövlət katibi Mayk Pompeonun Minskə səfəri Lukaşenko iqtidarına Vaşinqtonla əlaqələri həm diplomatik, həm də iqtisadi sahələrdə yeni səviyyəyə qaldırmağa imkan yaratdı. Təbii ki, bütün bu proseslər Rusiya-Belarus münasibətlərində narazılığın artması baş verirdi. Belə ki, cari ilin əvvəlində Kremlin neftin satış qiymətində Belarusa güzəştə getməməsi və rəsmi Minskin Rusiya əleyhinə verdiyi bəyanatlar ABŞ-ın diqqətindən yayınmırdı. Pompeonun prezident Lukaşenkoya ABŞ neftini almağı təklif etməsindən dərhal sonra Aleksandr Lukaşenko Belarusdakı neft emalı zavodları üçün mənbələrin diversifikasiyasını təmin etməyi tapşırdı. Prezident Lukaşenkonun hökumətə verdiyi göstərişə uyğun olaraq, Belarusun idxal etdiyi neftin ümumi həcmində Rusiyanın payı 40 faizdən artıq olmamalıdır. Digər 60 faiz isə neft mənbələrinin şaxələndirilməsi hesabına həyata keçirilməlidir. “Bu, mənbələri şaxələndirmək və Belarus neft emalı kompleksinin 2020-ci il və ondan sonrakı müddətdə dayanıqlı işləməsini təmin etmək üçün dövlət strategiyasının bir hissəsidir”-Lukaşenko belə deyib.

Belarus əsas tədarükçülər kimi Azərbaycan, Qazaxıstan, Norveç və Səudiyyə Ərəbistanını nəzərdən keçirsə də, ABŞ-ın təklifinə də yox deməyib.

Nəhayət, son günlər baş verən iki mühüm hadisə Belarusun Avropaya inteqrasiyası və ABŞ-la yaxınlaşmasında mühüm rol oynaya bilər. Mayın 13-də Avropa Parlamenti Avropa Birliyi ilə Belarus arasında sədələşdirilmiş viza rejiminin tətbiqi haqqında sazişi təsdiq edib. Bu, Belarus vətəndaşlarının 35 dollar ödəməklə şengen vizası ölkələrinin ərazisinə sərbəst çıxışını təmin edəcək. Eyni zamanda, Avropa Birliyi vətəndaşlarının da Belarusa səfər etməsini asanlaşdıracaq. Sözügedən saziş perspektivdə tərəflər arasında arasında ticarət əlaqələrinin, turizmin genişlənməsinə şərait yaratmaqla yanaşı, Qərb investorlarının Belarus iqtisadiyyatına marağının artması baxmından mühüm əhəmiyyət daşıyır. Ancaq sözügedən saziş siyasi baxımdan da Belarusa təsirsiz ötüşməyəcək. Avropa Birliyi Ukraynada münaqişənin başlanmasından sonra Rusiya ilə Qərb arasında bufer zonaya çevrilmiş Belarusu özünün geosiyasi təsir dairəsinə salmaq üçün rəsmi Minsklə əməkdaşlığın dərinləşməsində maraqlıdır. Bu, Rusiyanın təzyiqlərindən xilas olmağa çalışan Lukaşenko hakimiyyəti üçün də əlverişlidir. Siyasi nöqteyi-nəzərdən Belarus Rusiya ilə “Vahid İttifaq Dövləti” sazişindən yayınmaq üçün mövqelərini gücləndirmək imkanı əldə etməyə çalışır. Bu səbəbdən rəsmi Minskin Qərbin dəstəyinə ehtiyacı var. Digər tərəfdən, Belarus xeyli müddətdir Rusiyadan enerji asılığına son qoymaq istəyir. Neft tədarükünün diversifikasiyası sözügedən asılılığı aradan qaldırmaq imkanı yaradır. Ona görə də Belarusun getdikcə artan geosiyasi əhəmiyyəti ölkə rəhbərliyinə həm Rusiyadan, həm də Qərbdən güzəştlər əldə etmək üçün manevr imkanları açır.

İkinci mühüm hadisə isə Belarusun son günlər ABŞ-dan neft istehlak etməsidir. Mart ayından bəri Belarus Ukrayna və Litva ərazisindən keçməklə Norveçdən və Azərbaycandan neft alıb. Belarusun ən böyük neft emalı müəssisələrindən biri olan “Naftan” ASC Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətindən mayın 16-da 87 min ton neft alıb. Litvanın Klaypeda limanına daşınan “qara qızıl”ın ilkin olaraq 3600 tonu dəmir yolu vasitəsilə Belarusa çatdırılıb. Eyni zamanda, Belarus ABŞ-dan 80 min ton Texas nefti alınması barədə saziş imzalayıb. ABŞ-ın Beaumont limanından Klaypedaya daşınan neft iyun ayının əvvəlində “Naftan”a təhvil veriləcək.

Lakin ekspertlər hesab edir ki, ABŞ neftinin tədarükü, eyni zamanda Minsk və Vaşinqton arasında münasibətlərin qurulması ilk növbədə, iqtisadiyyat deyil, siyasi məsələdir. ABŞ Belarusa kömək etməklə bölgədəki geosiyasi təsirini gücləndirmək problemini həll edir. Bununla yanaşı, analitiklər enerji bazarında vəziyyətin Minskin xeyrinə inkişaf etdiyini, yəni neftin qiymətinin minimum həddə enməsini də nəzərə alır. Statistikaya görə, bu ilin əvvəlində başqa ölkələrdən alınan neftin tədarükü Belarusa Rusiya məhsulu ilə müqayisədə başa gəlirdi. Həmin dövr üçün bir ton neftə təqribən 130 dollar ödəmək lazım gəlirdisə, indi vəziyyət dəyişib. Lakin dünya bazarında olduğu kimi, Belarusa satılan neftin qiymətini syasi trendlər müəyyən edir.

Qeyd edək ki, Belarusla ÜTT arasında danışıqların iyun ayında başa çatacağı gözlənilir. Buna nail olmaq üçün Lukaşenko hökuməti ABŞ və Avropa Birliyi ilə bəzi öhdəlikləri razılaşdırmalıdır. Avropa Birliyi ilə və ABŞ-la strateji əməkdaşlıq sahəsində atılan son addımlar ÜTT-yə qəbulla bağlı razılaşmaların sürətlənməsinə kömək edə bilər. 2020-ci ilin sonunda isə Belarusun ÜTT-yə üzv qəbul olunacağı gözlənilir. Bu isə Belarus məhsullarının Avropa bazarlarına çıxışını təmin etməklə yanaşı, ölkəni keçmiş Qərb şirkətləri üçün cəlbedici edə bilər. Hazırda ÜTT-ə üzvlüklə bağlı əsas maneə iqtisadiyyatda dövlətin iştirakının yüksək olmasıdır. Ona görə də Lukaşenko iqtidarı Qərbin dəstəyini qazanmaq üçün cari ilin sonuna qədər geniş iqtisadi islahatlar həyata keçirmək məcburiyyətindədir.

ABŞ-ın son zamanlar Belarus istiqamətində geosiyasi fəallığının artması müşahidə olunur. Belarusu Rusiyanın geosiyasi orbitindən çıxartmaq üçün ABŞ rəsmi Minskə nəinki ucuz neft, başqa sahələrdə də dəstək verməyə hazırdır. Bu, Ukrayna münaqişəsinin həllində bölgədə geostrateji balansı ABŞ-ın xeyrinə dəyişmək üçün mühüm rol oynaya bilər.

Digər tərəfdən, Rusiya neftinin Avropa bazarlarına çıxışının böyük hissəsi Belarus vasitəsilə həyata keçirilir. Belarusun neftayırma kompleksinin ABŞ-ın nəzarətinə keçməsi Rusiyanı bu imkandan məhrum edə bilər. Rəsmi Minskin Vaşinqtonla yaxınlaşması isə Şərqi Avropa İlə Rusiya arasındakı bufer zonanın ABŞ-ın nəzarətinə keçməsi deməkdir. Nəticədə, ABŞ Rusiya sərhədlərinə birbaşa çıxış əldə etmək imkanı qazanmış olar. ABŞ-ın Belarusda möhkəmlənməsi həm də Rusiyanın NATO üzvü olan Baltikyanı ölkələrə təhdidlərinin qarşısının alınması baxımından, Vaşinqton üçün strateji əhəmiyyət kəsb edir. ABŞ-ın 2008-ci ildə Belarusla kəsilmiş diplomatik əlaqələri bərpa etməsi və əvvəllər Rusiyada çalışmış Culia Fişeri Minskə səfir təyin etməsi bu planın tərkib hissəsidir. Ona görə də Rusiyanın baş verə biləcək proseslərə sərt reaksiya verəcəyi gözləniləndir. Yəni yaxın perspektivdə Belarus uğrunda Qərb və Rusiya arasında geosiyasi savaş arta bilər. Hətta bəzi mütəxəssislər Rusiyanın postpandemiya dövründə əsas diqqətini Ermənistandan və Dağlıq Qarabağa münaqişəsindən ayırıb Belarus-Ukrayna istiqamətinə yönəldəcəyini proqnozlaşdırır.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 22507