hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9389
  • NEFT - 43.47
  • clouds-weather

Belarusla bağlı “B planı”: Qərb demokratiyada israrlı olacaq?

Belarusla bağlı “B planı”: Qərb demokratiyada israrlı olacaq?

ABŞ prezidenti Donald Tramp Belarus hökumətinin bəzi nümayəndələri tərəfindən ölkəsinin milli təhlükəsizliyinə olan təhdidlə bağlı bu ölkəyə sanksiyaların müddətini daha bir il uzadıb. Bununla bağlı Ağ Evin rəhbəri ABŞ Senatının sədrinə və Nümayəndələr Palatasının spikerinə məktub göndərib.

“Belarus hökumətinin siyasi repressiyalarla və korrupsiyada iştirakla bağlı olan bəzi üzvlərinin və digər şəxslərin Belarusdakı demokratik prosesləri və ya qurumları sarsıtmağa yönəlmiş hərəkətləri və siyasi təşəbbüsləri ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə xas olmayan fövqəladə təhlükə yaratmağa davam edir"-Tramp belə yazıb.

Qeyd edək ki, Belarusa sanksiyalar ilk dəfə 2006-cı il iyunun 16-da ABŞ prezidenti Corc Buş tərəfindən tətbiq edilib. Lakin ötən ildən başlayaraq ABŞ-la Belarus arasında rəsmi müşahidə olunan yaxınlaşma sanksiyaların ləğvinə ümid yaratdığı bir vaxtda Tramp administrasiyasının qadağaları qüvvədə saxlaması Aleksandr Lukaşenko iqtidarı üçün müəyyən qədər gözlənilməz olub.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Boltonun 2019-cu ilin avqust ayında və dövlət katibi Mayk Pompeonun 2020-ci il fevralın 1-də Minskə rəsmi səfərləri zamanı əsas müzakirə mövzularından biri sanksiyaların aradan qaldırılması məsələsi olub. ABŞ-ın Belarusla diplomatik əlaqələri bərpa edərək bu ölkəyə səfir təyin etməsini Lukaşenko hakimiyyəti sanksiyaların ləğvi istiqamətində mühüm addım hesab edirdi. Hətta prezident Lukaşenko Con Boltonla görüşündə münasibətləri "ağ vərəqdən başlamağı" təklif etmişdi.

Buna baxmayaraq, Mayk Pompeonun Minskə səfəri zamanı sanksiyaların ləğvi üçün insan haqları məsələsini başlıca şərt kimi qoyması Vaşinqtonun bu məsələdə tələsmədiyini göstərdi.

"Hansı sanksiyaların və nəyin nəticəsində ləğv olunacağını nəzərdən keçirəcəyik. İndiyə qədər bu nöqtəyə çatmamışıq. Ancaq bu gün baş verən məqamlar bu hədəfi daha da yaxınlaşdırır"- dövlət katibi belə deyib.

Pompeo Minskdə verdiyi açıqlamada əlavə edib ki, Belarus insan haqları məsələsində bir sıra uğurlar əldə etsə də bu sahədə növbəti irəliləyişlər sanksiyaların ləğvi üçün yeganə səbəb ola bilər. Mayk Pompeonun qeyd edilən sözləri Belarus rəhbərliyinə insan haqları və demokratikləşmə sahəsində islahatları davam etdirməyə çağırış mesajı idi. Bu isə Belarusu Qərblə daha da yaxınlaşdıra bilər. Pompeonun "növbəti irəliləyişlər" ifadəsi isə Lukaşenko hakimiyyətinə vaxt verilməsi anlamına gəlir. Həmin müddət isə iyunun 16-da başa çatır. Yəni ABŞ dörd aydan artıq müddətdə Belarus rəhbərliyinin hansı addıımlar atacağını müşahidə edib.

Lukaşenko iqtidarı insan haqları probleminin həllində ciddi qərarlar qəbul edəcəyi təqdirdə, ABŞ sanksiyaları aradan qaldırmaqla bərabər, həmçinin Belarusa kifayət qədər iqtisadi dəstək verə bilərdi. Dövlət katibi Pompeo da ABŞ-ın belə bir niyyətdə olduğunu gizlətməmişdi. Lakin həmin vaxt Pompoenun Belarusa ABŞ neftini satmaq təklifini bir çox müşahidəçilər Rusiya ilə enerji bazarında gedən iqtisadi rəqabət fonunda dəyərləndirdilər. Belarusun alternativ neft mənbələri axtarışı ABŞ üçün cəlbedici görünürdü.

Bu baxımdan, Rusiyanın enerji asılılığında olan Belarusu öz tərəfinə çəkmək Vaşinqton üçün yalnız iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyır. Hətta Lukaşenko hakimiyyəti görünür, ABŞ-ın iqtisadi maraqlara üstünlük verərək insan haqları probleminə göz yumacağını düşünüb. Minsk 77 min ton Texas neftini almaqla Vaşinqtonla münasibətləri yumşaltma yaratmağa çalışdı.

Bəzi ekspertlər isə ABŞ-ın Belarusu Rusiyanın təsir dairəsindən çıxartmaq üçün geosiyasi maraqlara üstünlük verəcəyini və demokratik dəyərlərin arxa plana keçəcəyini istisna etmirdilər. Amma ABŞ neftinin Belarus zavodlarında emal olunduğu bir vaxtda Tramp administrasiyasının sanksiyaların müddətini uzatması tərəflər arasında əsas mübahisəli məsələnin öz həllini tapmadığını sübut edir.

Prezident Lukaşenko Belarusun neft emalı komleksində Rusiyanın yerini ABŞ-a və onun müttəfiqi Səudiyyə Ərəbistanına versə də Ağ Evin mövqeyində dönüş yarada bilməyib. Doğrudur, ABŞ-ın bəzi sanksiyaları ləğv etməklə rəsmi Minskə güzəştə getməsi mümkün variantlardan biri idi. Ancaq Belarusda avqustun 9-da keçiriləcək prezident seçkiləri ərəfəsində siyasi təqiblərin güclənməsi bu prosesin başqa istiqamətə yönəlməsində mühüm rol oynadı.

Yəni Belarusda seçkiqabağı situasiya Trampın Konqresə göndərdiyi məktubun əsas səbəbi kimi dəyərləndirilə bilər. Sanksiyaların bərpası ABŞ-ın Belarusda keçiriləcək prezident seçkilərinin nəticələrini tanıyacağını şübhə altına alır. Lukaşenko hakimiyyətinə artan təzyiqlər ilk növbədə, siyasi reytinqinə görə onun əsas rəqibi sayılan blogger Sergey Tixonovski ilə bağlıdır.

Ötən il keçirilən parlament seçkilərində namizədliyini irəli sürən Tixonovskinin Belarusun bölgələrinə səfərləri zamanı insanlarla söhbətində problemləri açıq müzakirə etməsi, tənqidi fikirləri və irəli sürdüyü təkliflər siyasi proseslərdən uzaq olan bitərəf mövqeli seçiciləri öz tərəfinə çəkmək imkanı yaradıb. Qısa müddətdə populyarlıq qazanan Tixonovski reytinq baxımından Lukaşenkonu üstələyir. Tixonovskinin prezidentliyə namizədliyinin qeydə alınmaması və mayın 26-da onun Qrodno şəhərində polisə qarşı zorakılıq ittihamı ilə saxlanılması siyasi sifariş hesab edilir. Ona görə də bloggerin xanımı və Belarus cəmiyyətində yüksək nüfuza malik olan Svetlana Tixonovskaya prezidentliyə namizədliyini irəli sürüb. Sergey Tixonovski həbsindən əvvəl namizəd kimi həyat yoldaşının təşəbbüs qrupuna rəhbərlik edirdi. Bu baxımdan, Sergey Tixonovskinin həbsi həm də xanımına siyasi təzyiq kimi qiymətləndirilir. Hətta Lukaşenkonun seçkilərin nəticəsini gözləmədən, "Qadından prezident olmaz"-deməsi həm beynəlxaq, həm də Belarus ictimaiyyətində mənfi reaksiyaya səbəb olub.

Avropa Birliyi bəyanat yayaraq Belarus İstintaq Komitəsi tərəfindən blogger Sergey Tixanovski və digər 7 fəala qarşı irəli sürülən ittihamları əsassız adlandırıb. Rəsmi Brüssel fəalları azad etməyə çağırıb. "Cənab Tixanovskinin tutulması və mühakimə olunmasının özbaşına xarakter daşıdığını nəzərə almaqla, AB dərhal və əlavə şərtlər olmadan onun sərbəst buraxılmasına çağırışını davam etdirir, ona və digər fəallara qarşı bütün ittihamların ləğv edilməsini istəyir"-bəyanatda belə deyilir. ABŞ-ın və Avropa Birliyinin son addmları Belarusla Qərbin münasibətlərində gərginliyi artııra bilər. Tramp administrasiyasının sanksiyalarından sonra Belarus prezidenti seçim qarşısındadır. Aleksandr Lukaşenko seçkidə prosesinin şəffaf keçirilməsi üçün Qərbin tələblərini yerinə yetirərsə münasibətlərdəki balansı saxlaya bilər.

Əks təqdirdə, Minsk sanksiyalara göz yumaraq Avropa Birliyi ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində strateji əməkdaşlıq sazişinin imzalanmasından və Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlardan imtina etmək ehtimalı artır. Bu isə Belarus prezidentinin siyasi manevr imkanlarını xeyli azaldır. Çünki Qərbin təzyiqlərinin artması Kremlin diqqətindən yayınmayacaq.

Rusiya yaranmış vəziyyətdən istifadə edərək son zamanlar ABŞ və Avropa Birliyi ilə yaxınlaşmış Belarusu öz təsir dairəsinə qaytarmağa çalışacaq. Rəsmi Moskva Aleksandr Lukaşenkoya hakimiyyətini təmin etmək üçün siyasi dəstək verə bilər. Ancaq bunun qarşılığında prezident Vladimir Putin yəqin ki, Belarusun suverenliyinə zidd olan şərtlər təqdim edə bilər. Rusiyanın planlarına ilk növbədə, Belarusda hərbi bazalar yerləşdirmək daxildir.

Almaniyadakı hərbi kontingentinin 9,5 min nəfərini Polşaya köçürməyə hazırlaşan ABŞ-ın isə bununla razılaşacağı inandırıcı görünmür. Ona görə də seçkilər yaxınlaşdıqca, Rusiya ilə Qərb arasında bufer zonasına çevrilmiş Belarus uğrunda geosiyasi rəqabət artacaq. ABŞ-ın növbəti sanksiyaları bu baxımdan, Belarusu öz təsir dairəsinə çəkməyə hesablanmış təzyiq kimi başa düşülə bilər. Lakin Lukaşenkonun "Belarusda "Maydan" olmayacaq"-deməsi Qərbin seçkilərlə bağlı "B planı"nın olduğunu istisna etmir.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 33309