hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Bələdiyyə icra hakimiyyətinin kölgəsindən çıxır: “Parlament səlahiyyətləri artırmaq istəyir” - Vahid Əhmədov 

Bələdiyyə icra hakimiyyətinin kölgəsindən çıxır: “Parlament səlahiyyətləri artırmaq istəyir” - Vahid Əhmədov 

Bu il ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. Seçkilər dekabrın 27-ə təyin olunub.

Xatırladaq ki, ölkəmizdə ilk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib.Seçki qanunvericiliyinə əsasən 5 ildən bir keçirilən bələdiyyə seçkiləri dekabr ayına təsadüf edir.Qeyd edək ki, ölkəmizdə bələdiyyə sistemi qurulmazdan əvvəl yerli idarəetmə orqanlarına ümidlər böyük idi.Amma ötən müddət ərzində bu qurumların fəaliyyəti gözləntiləri doğrultmadı.

Bələdiyyələrin fəaliyyətinin genişləndirilməsi və təkmilləşdirilməsi məqsədilə bir sıra ictimai müzakirələr aparılır.Bu cür müzakirələr Milli Məclisdə də ara-sıra yer alır.Ötən ilin sonlarında da parlamentdə “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyə maliyyəsinin əsasları haqqında” qanun layihələrində edilən dəyişikliklər müzakirə olunub.Amma ekspertlər hesab edirlər ki, dövlət tərəfindən bələdiyyələrin maliyyə məsələsi həll olunmayanadək onların fəaliyyətində ciddi dəyişiklik olmayacaq.

Bələdiyyələrin fəaliyyəti üçün ciddi problemlərdən biri isə onlara verilən səlahiyyətlərin az olmasıdır. Ölkəmizdə yerli icra hakimiyyətləri orqanları fəaliyyət göstərdiyindən, demək olar ki, əksər səlahiyyətlər bu orqanlara verilir. Bu baxımdan da, səlahiyyətsiz və kiçik büdcəli qurumlar olan bələdiyyələrin fəaliyyətləri demək olar ki, hiss edilmir.

Bu istiqamətdə qanunvericilikdə dəyişikliklərin edilməsi və bələdiyyələrin statuslarının dəyişdirilməsi nəzərdə tutulurmuə

Millət vəkili Vahid Əhmədov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bələdiyyələrin statusu, büdcəsi ilə bağlı məsələ daim Milli Məclisin gündəliyində olan məsələlər sırasındadır:

“Müxtəlif millət vəkilləri tərəfindən bu məsələlərə toxunulub. Qanunvericiliyə müəyyən dəyişikliklər edilib.Bələdiyyələrə yardım məqsədilə ildə təqribən 5 milyon vəsait ayrılır.Çalışırıq ki, icra hakimiyyətinin səlahiyyətlərinin müəyyən hissəsi tədricən bələdiyyələrə verilsin.Məsələn, tikinti ilə əlaqədar bəzi sahələr, bağçaların təşkili və digər sahələri bələdiyyələrə verməklə onların səlahiyyətlərini artırmaq istəyirik”.

Bələdiyyələrin yaranmasından təqribən 20 il keçdiyini deyən deputat qeyd etdi ki, bu müddət ərzində bələdiyyələrin statusu lazımi səviyyəyə çatdırılmayıb:

“Türkiyədə bələdiyyələrin səlahiyyətləri çox yüksəkdir. Bu sahədə bizdə əlbəttə ki, boşluqlar var və işlər gedir.Müəyyən dəyişikliklər edilib və bu davam etdiriləcək”.

Bələdiyyələr üzrə ekspert Abil Bayramov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, seçki ərəfəsində bələdiyyələrin real fəaliyyət göstərən qurumlara çevirilməsi üçün onların səlahiyyətləri genişləndirilməli, eləcə də yerli icra hakimiyyətləri ilə üst-üstə düşən səlahiyyətləri ayrılmalıdır:

“Bilinməlidir ki, hansı ictimai xidmətləri hansı qurum göstərir. Əslində, ictimai xidmətlər bütövlükdə bələdiyyələrin səlahiyyətləri verilməlidir.Əgər istəyiriksə, yerli əhəmiyyətli problemləri səmərəli həllini tapsın, o zaman təkcə səlahiyyətlər deyil, eyni zamanda maliyyə potensialı da genişləndirilməlidir.Bələdiyyələrə dayanıqlı maliyyə mənbələri verilməlidir.Dövlət büdcəsindən ayrılan məqsədli və məqsədsiz transferlərin həcmi artırılmalıdır.Elə bir mexanizm formalaşdırılmalıdır ki, bu bələdiyyələr işlək quruma çevrilsin.Bunun da başlıca yolu qanunvericilikdə köklü dəyişikliklər edib, bələdiyyələrin səlahiyyətlərini genişləndirmək, onlara dayanıqlı maliyyə mənbələri tanımaqdır.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 23403