hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Bələdiyyələri dirçəldəcək 1 milyon?

Bələdiyyələri dirçəldəcək 1 milyon?

50 bələdiyyəyə dövlət büdcəsindən ilk dəfə vəsait ayrılacaq. 

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib ki, dəfələrlə parlamentdə bələdiyyələrə subvensiyaların ayrılması ilə bağlı məsələ qaldırılıb: 

“2019-cu ilin dövlət büdcəsindən isə ilk dəfə olaraq bələdiyyələrə 1 milyon manat subvensiya ayrılıb. Burada əsas məqsəd ondan ibarətdir ki, bələdiyyələr müəyyən layihələr həyata keçirməklə gəlir əldə edə bilərlər”.

Deputat bildirib ki, bələdiyyələrin irəli sürdüyü layihələri həyata keçirməsinə görə, həmin subvensiyadan onlara təxminən 100 - 200 min vəsait ayrılacaq: 

“Həmin subvensiya vasitəsilə bələdiyyə özünün istehsal müəssisəsini aça, xidmət sahəsi yarada, uşaq bağçası tikə bilər. Lazımi layihəni təqdim edən bələdiyyələrə həmin subvensiya vasitəsilə də pul ayrılacaq. Artıq 50 bələdiyyə öz layihəsini Maliyyə Nazirliyinə təqdim edib. Nazirlik tərəfindən həmin layihələr məqbul sayıldıqdan sonra isə onların hesablarına vəsait köçürüləcək. Hesab edirəm ki, 50 bələdiyyənin təqdim etdiyi layihələr keçərli olacaq”.

Maraqlıdır, dövlət büdcəsindən bələdiyyələrə vəsait ayrılmasına qanunvericilik icazə verirmi? Maliyyələşməni xüsusi fond yaratmaqla təmin etmək olmazmı?

Bələdiyyə üzrə ekspert Abil Bayramov “Cümhuriyət” qəzetinə bildirib ki, mövcud qanunvericilikdə bələdiyyələrə həm məqsədli, həm də məqsədsiz transfertlərin verilməsi nəzərdə tutulub: 

“Amma bu günə qədər bələdiyyələrə məqsədli transfertlərin ayrılması təcrübəsi olmamışdı. Əslində bələdiyyələrə məqsədli transfertlərin verilməsinə başlanması çox müsbət haldır. Məqsədli transfertlərin ayrılması konkret qaydalara əsaslanmalıdır, yəni, hansı meyarlar əsasında və necə ayrılmalıdır və s. məsələləri tənzimləyən normativ sənədin olması yaxşı olardı. Hələlik bu meyarlar yoxdur. Bu qaydalar olmadan belə bələdiyyələrə dövlət büdcəsindən vəsaitin ayrılması olduqca təqdirəlayiq haldır. Gələcəkdə məqsədli transfertlərin həcmi arta bilər. Bu, bələdiyyələrin maliyyə imkanlarının artmasına, o cümlədən ictimai xidmətlərin keyfiyyətinin artırılmasına gətirib çıxardacaq”.

Ekspert layihələrinin maliyyələşməsi üçün bələdiyyələrə vəsaitin ayrılmasını QHT-lərin fəaliyyət növünə bənzəməsi fikri ilə razılaşmayıb:

“Təbii ki, hər ikisi layihədir, amma bələdiyyə QHT fəaliyyət növü deyil. Məsələ burasındadır ki, bu, dünyada tətbiq olunan təcrübədir. Dövlət büdcəsindən ayrılan vəsaitlərin məqsədli təyinatları olur. Məsələn, indiyə qədər ayrılan dotasiyalar məqsədsiz transfertlərdir. Yəni, onun hansı istiqamətə xərclənməsini bələdiyyə özü müəyyənləşdirir. Amma məqsədli transfertin mahiyyəti ondan ibarətdir ki, vəsaitlərə əvvəlcədən müəyyənləşdirilmiş konkret məqsədə istiqamətlənir. Bu baxımdan da bələdiyyə əvvəlcədən hansı layihəni gerçəkləşdirmək istəyir və yaxud hansı işi vacib hesab edirsə, ona uyğun da konkret layihəni hazırlayıb təqdim edir. Yəni, QHT fəaliyyətini bələdiyyələrlə eyniləşdirmək düzgün deyil”. 

Dövlət büdcəsindən ayrılan vəsait bələdiyyələrin fəaliyyətində yaranan durğunluğu aradan qaldıracaqmı?

Abil Bayramov hesab edir ki, büdcədən ayrılan vəsaitin həcmi böyük deyil: 

“Ayrılan vəsaitlər nəticəsində nəyinsə köklü dəyişəcəyini gözləmək düzgün deyil. Amma bu təcrübənin əsasının qoyulması baxımından məqsədli transfertlərin verilməsi təqdirəlayiqdir. Yaxşı olar ki, bütün bələdiyyələrin yararlana biləcəyi həcmli büdcə olsun. Bunun üçün mexanizmləri fərqli olan ayrıca bir fond da yaradıla bilər. Əgər gələcəkdə işlənmiş qaydalar əsasında transfertlərin həcminin artırılması təcrübəsi olarsa, bu, əhəmiyyətli dəyişikliklərə gətirib çıxara bilər”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 613