t Berlin konfransının nəticəsi nə oldu? - Ekspert ŞƏRH EDİR
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Berlin konfransının nəticəsi nə oldu? - Ekspert ŞƏRH EDİR

Berlin konfransının nəticəsi nə oldu? - Ekspert ŞƏRH EDİR

"Liviya probleminin həlli ilə bağlı Berlindəki görüşdən ciddi nəticə çıxmadı".

Cebhe.info xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, Berlində atəşkəslə bağlı ümumi razılıq əldə olunub və Liviyadakı bütün tərəflərə silah embarqosunun tətbiq olunması tələb edilib, bunu reallaşdırmaq isə bir qədər çətindir:

"Berlindəki görüşə Liviya probleminin həllindəki iki əsas dövlətin – Türkiyə və Rusiyanın liderləri də qatılmışdılar. Ancaq Berlin toplantısı vasitəsilə BMT və Avropa “biz də varıq” demək istəyirdilər. Berlinə qarşıduran tərəflər – Tripolidəki Liviya Milli Barışıq Hökumətinin başçısı Sərac və müxalif general Həftər konfransın özünə dəvət olunmamışdılar. Onlar Berlində idilər və müxtəlif liderlərlə konfransdan kənarda görüşürdülər. Berlində atəşkəslə bağlı ümumi razılıq əldə olundu. O da qeyd edildi ki, Liviyada qarşıduran tərəflərə silah və hərbi texnika verilməsin. Yəni Liviyadakı bütün tərəflərə yönəlik silah embaroqusu tətbiq edilsin. Bunları reallaşdırmaq çətindir. 

Birincisi, Liviyada yüzlərlə aşirət yaşayır, hamısı da silahlıdır, kim zəmanət verəcək ki, onlar atəşkəsə riayət edəcəklər? İkincisi, Liviyanın qonşu Misirlə minlərlə kilometr nəzarətsiz sərhəddi var. Misir isə general Həftəri dəstəkləyir. Elə Birləşmiş Ərəb Əmirlikləri də Həftərə tonlarla silah və hərbi texnika göndərib və göndərir. Liviyanın müxtəlif dövlətlərlə uzun məsafəli sərhəddini necə monitorinq altında saxlamaq olar ki, Misir və ya digər dövlət general Həftərə silah və hərbi texnika ötürməsin?".

Ekspert vurğulayıb ki, Berlin görüşünün nəticəsi Türkiyənin Liviyada rolunun azaldılmasına yönəldimişdi:

"Çünki əgər deyilirsə ki, qarşıduran tərəflərə hərbi dəstək verilməsin, bu o deməkdir ki, Avropa Türkiyənin hərbi qüvvələrinin Tripoliyə göndərilməsinin əleyhinədir. Digər tərəfdən Berlin konfransının nəticəsinə görə Liviya probleminin həlli ilə bundan sonra BMT Təhlükəsizlik Şurası məşğul olmalıdır. Türkiyə isə Təhlükəsizlik Şurasının üzvü deyil. Deməli, bu yolla Türkiyəni Liviya probleminin həllində kənarda saxlamaq istəyirlər. Buna baxmayaraq, Türkiyə və Rusiya Liviyada əsas oyunçu olaraq qalacaqlar. Liviya faktiki 2014-cü ildən iki hissəyə bölünüb. Tripolidə bir hökumət, Benqazidə başqa hökumət fəaliyyət göstərir. Benqazini bir qrup ölkə, Tripolidəkini isə digər qrup ölkə dəstəkləyir. Belə vəziyyətdə atəşkəsi Liviyada qorumaq çətin olacaq. Suriyada bu alınmadı".

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 10264