hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Biləsuvarda vətəndaş və təhsil şöbəsi arasında qalmaqal: Uşaq məktəbə buraxılmadı

Biləsuvarda vətəndaş və təhsil şöbəsi arasında qalmaqal: Uşaq məktəbə buraxılmadı

Son zamanlar ölkəmizdə rus dilində təhsil almaq məsələsi gündəmin əsas mövzularındandır.

Biləsuvar rayonunun Pramxor qəsəbəsində yaşayan Qubadov Famil adlı vətəndaş da birinci sinifə gedəcək övladının rus bölməsində təhsil almasına icazə verilməməsi barədə Cebhe.info- nun redaksiyasına şikayət edib.

Vətəndaş bildirir ki, onun övladı Qubadlı Tunar rus bölməsində oxumaq üçün məktəbəqədər hazırlıq müddətinin sınaq yoxlamasından keçsə də təhsil almasına icazə verilməyib.

“Mən Qubadov Famil Zeynal oğlu övladım Qubadlı Tunarı Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbin rus bölməsində təhsil almaq üçün qeydiyyata saldırmaq istəsəm də mənə bunun mümkünsüz olduğunu dedilər. Oğlumu qeydiyyatdan keçirmək üçün 17 iyunda məktəbə aparmışam. Mənə məktəbdən dedilər ki, bu məsələ ilə rayon Təhsil şöbəsi məşğul olur. Təhsil şöbəsinə müraciət edəndə dedilər ki, siz qeydiyyat üçün gecikmisiz. Gərək övladınızı məktəbəqədər hazırlıq kursuna yazdıraydınız”.

Vətəndaş iddia edir ki, Təhsil şöbəsinin təşkil etdiyi məktəbəqədər hazırlıq kursu haqqında bir az gec məlumatlansa da övladı tələb olunan sınaq mərhələsindən uğurla keçib:

“Mən Təhsil şöbəsinin təşkil etdiyi məktəbəqədər hazırlıq kursundan bir az gec xəbər tutsam da övladım təşkil olunan sınaq testindən keçdi. Amma mənə dedilər ki, bu imtahanı rəsmi şəkildə Təhsil Nazirliyi götürür. O imtahana da gecikmisiz. Artıq sistem bağlanıb və sizi qeydiyyata sala bilmərik. İstəsəniz oğlunuzu Azərbaycan bölməsində oxumasını təşkil edə bilərik. Uşaq da rus bölməsində oxumaq istəyir. Hər gün mənə deyir ki, ata nə vaxt məktəbə gedəcəm? Mən də bir söz deyə bilmirəm”.

Məsələnin mahiyyətini öyrənmək üçün Biləsuvar rayonunun Təhsil şöbəsi ilə əlaqə saxladıq. Təhsil şöbəsindən bildirdilər ki, məsələyə onların heç bir aidiyyəti yoxdur. Bu məsələ birbaşa Təhsil Nazirliyinin sərəncamındadır:

“Qubadov Famil övaldı ilə bərabər bizə müraciət edib. Lakin o, müraciət edəndə artıq gec idi. Rus bölməsində oxumağa hazırlaşanlar sıfırıncı sinif dediyimiz məktəbəqədər hazırlıq mərhələsində hazırlaşdırılırlar. Ondan sonra Təhsil Nazirliyi onlardan imtahan götürür və nəticəsi tələblərə uyğun olanların rus bölməsində oxumasına icazə verilir”.

Təhsil şöbəsindən bildirdilər ki, rus bölməsində oxuyacaq uşaqların sistemə salınmasını da Təhsil Nazirliyi həyata keçirir:

“Rus bölməsində oxuyan uşaqların adlarının sistemə daxil edilməsi ilə Təhsil Nazirliyi məşğul olur. Biz Qubadov Familin övladına bir neçə sual versək də bilmədi. Ona məsləhət gördük ki, ya övladını Azərbaycan bölməsində qeydiyyatdan keçirsin, ya da gələn ili gözləsin. Növbəti tədris ilində övladını məktəbəqədər hazırlıq qruplarında qeydiyyatdan keçirər. Əgər oxuyub sınaqdan keçə bilərsə, rus bölməsində təhsil alar. Biz onu qeyri-qanuni şəkildə qeydiyyata sala bilmərik. Vətəndaş bu gün də razılaşsa, övladı Azərbaycan bölməsində təhsil ala bilər. Rus bölməsi üçün artıq qeydiyyat vaxtı da bitib. Əgər vətəndaşın şikayəti varsa, Təhsil Nazirliyinə müraciət edə bilər”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 7371

Bizim Telegram səhifəmizi izləyin