hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Bir daha enməyəcək üçrəngli bayrağımız!

Bir daha enməyəcək üçrəngli bayrağımız!

Bayraq hər bir dövlətin milli rəmzi hesab olunur.

Dövlət bayrağı üzərindəki işarələrin, rəngləri xüsusi anlam və mahiyyət daşıyır. Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Bayrağımızın üzərində rənglərin mənası belədir: mavi-türkçülüyümüzü, qırmızı-müasirliyimizi, yaşıl isə Azərbaycan xalqının müsəlman sivilizasiyasına, islam dininə mənsubluğunu ifadə edir. Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır.

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Azərbaycanın üçrəngli bayrağı ilk dəfə 1918-ci ilin 9 noyabrında  Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. Sovet İmperiyasının Azərbaycanı işğal etməsindən sonra Azərbaycan bayrağı da “işğal” altına düşdü. Azərbaycan Bayrağı növbəti dəfə 5 fevral 1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edildi.

Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilib. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir. Sonradan Azərbaycan bayrağı ilə bağlı qanunvericilikdə müəyyən dəyişiklər edilib.

"Azərbaycan Respublikasının dövlət bayrağının istifadə qaydası" haqqında sərəncamda dövlət bayrağının dəqiq rəng xüsusiyyətləri qeyd olunub. 22 oktyabr 2013-cü il tarixində “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Üçrəngli Dövlət bayrağımız Azərbaycan Xalq Cümhuriyyətinin adı ilə bağlıdır. 1918-ci ilin 7 dekabrında AXC parlamentinin açılış mərasimində böyük öndər, cümhuriyyətimizin banisi Məhəmməd Əmin Rəsulzadənin səsləndirdiyi “Bir kərə yüksələn bayraq bir daha enməz!” sözləri günümüzə qədər gəlib çıxıb. 

Dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyli “Azərbaycan” qəzetində (1918-ci il, 9 dekabr) M.Ə.Rəsulzadənin bu çıxışını belə təsvir edirdi: “Məhəmməd Əmin milli ittitahəsində bu üç rəngin: türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə - bu bayraq endirilməz! - dedikdə bütün məclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən, təəssüratı-fövqəladəmdən başımın tükləri biz-biz durdu”.

Bu gün Üçrəngli Dövlət bayrağımız tək 10 milyonluq Azərbaycan Respublikası vətəndaşlarının deyil, 50 milyonluq dünya azərbaycanlılarının birlik rəmzidir. Nə qədər Azərbaycan xalqı var müstəqil dövlətimiz, onun üçrəngli bayrağı da yaşayacaq, başımız üzərində dalğalanacaq. 

Daim zirvələrdə dalğalan, üçrəngli bayrağımız!

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 2443