hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

BMT-nin mənzil qərargahı ABŞ-dan çıxarılır? - ŞƏRH

BMT-nin mənzil qərargahı ABŞ-dan çıxarılır? - ŞƏRH

Elşad Mirbəşiroğlu: “BMT dövlətlər arasında haqq-hesab çəkmək plaformasına çevrilməkdədir”

İran rəsmilərinin  BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün ABŞ-a buraxılmaması bu təşkilatın yerinin dəyişdirilməsi məsələsini gündəmə gətirib.  

Xatırladaq ki, ABŞ Birləşmiş  Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün İran prezidenti Həsən Ruhanini müşayiət edən nümayəndə heyətinin üzvlərinə viza verməyib. ABŞ-ın Maliyyə Nazirliyi  tərəfindən viza qadağı tətbiq edilənlər arasında xarici işlər naziri Məhəmməd Cavad Zərif də var. 

İran mediasının məlumatına görə, prezident Ruhaninin səfər  proqramı hələlik qətiləşməyib. Ona  görə də  onun ləğv edilmə ehtimalı mövcuddur. Əgər bu baş versə, Həsən Ruhani və Məhəmməd Cavad Zərif BMT-nin Baş Assambleyasında iştirak etməyəcək.

Xatırladaq ki, cari ilin iyul ayının 31-də ABŞ  İran XİN-in rəhbəri M.C.Zərifi sanksiyalar siyahısına daxil edib.

BMT Baş katibinin sözçüsü Farhan Haq isə ABŞ-ın bu qərarından narahat olduqlarını bildirib. 

Rusiya isə ABŞ-ın BMT-nin fəaliyyətinə təsirinin qarşısını almaq üçün bu təşkilatın mənzil qərargahının üçüncü ölkəyə köçürülməsini təklif edib. 

Ekspertlər isə BMT-nin mərkəzi ofisinin yerinin dəyişdirilməsini qeyri-real hesab edir. Politoloq Elşad Mirbəşiroğlu Cebhe.info-ya açıqlamasında bildirdi ki, BMT-nin mənzil qərargahının Nyu-Yorkda  yerləşməsi ABŞ-ın siyasi maraqlarına cavab verir:

“BMT hazırkı mərhələdə dövlətlərarası münasibətlərin tənzimlənməsindən daha çox ölkələr arasında haqq-hesab çəkmək platformasına çevrilməkdədir. Dünyanın bir çox liderləri də etiraf edirlər ki, BMT-nin strukturlaşmasında yeni baxış tətbiq olunmalıdır. Bu baxımdan, düşünürəm ki, BMT-nin baş qərargahının ABŞ-dan üçüncü ölkəyə köçürülməsi qeyri-mümkündür. Çünki ortada ABŞ amili var bunun üzərindən keçilmək heç də asan deyil.  BMT yarandığı gündən mənzil qərargahı ABŞ-da yerləşir. Bunun özü ABŞ-ın dünyanın siyasətinə təsir göstərmək imkanlarını təmin etmək üçün nəzərdə tutulmuşdu. Bu baxımdan, ABŞ dünyanın siyasi mənzərəsinə və  BMT-nin mövqeyinə təsir edə bilir. İranla ABŞ arasında münasibətlərin tənzimlənməsi dünya üçün yeni presedentlər yaratmalıdır. Yəni ABŞ-ın diktəsi ilə idarə olunan dünya deyil, bütün tərəflərin maraqlarının nəzərə alındığı beynəlxalq münasibətlər sisteminə ehtiyac yaranıb. Hazırkı reallıqlar da bunu tələb edir”. 

Ekspert qeyd etdi ki, digər beynəlxalq qurumları aktivləşdirməklə BMT-nin fəaliyyətində neytrallıq prinsipinin saxlanılmasına nail olmaq mümkündür. “Dünya siyasətinin BMT-nin inhisarında olması belə hallara gətirib çıxaracaq. Digər beynəlxalq təşkilatların rolunun gücləndirilməsi bu sahədə problemlərin həllinə kömək göstərə bilər”. 

Xatırladaq ki, 2015-ci ildə BMT-nin UNİCEF, Qadınlara Dəstək və İnkişaf proqramlarının baş ofisləri (UNDP) Türkiyənin İstanbul şəhərinə köçürülüb. 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1354