hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

BMTM ekspertlərinin “Euractiv” portalında məqalələri dərc olunub

BMTM ekspertlərinin “Euractiv” portalında məqalələri dərc olunub

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun Avropanın “Euractiv” nəşrində “II Qarabağ müharibəsi Ermənistan və Azərbaycanı necə dəyişdi?” başlıqlı məqaləsi dərc olunub.

Məqalədə sentyabrın 27-dən oktyabrın 10-a kimi Ermənistan və Azərbaycanın arasında baş tutmuş müharibədən söz açılıb.

Vurğulanıb ki, 44 günlük müharibə Ermənistanın məğlubiyyəti ilə nəticələnib və tərəflər Rusiyanın vasitəçiliyi ilə Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasına dair bəyanat imzalayıblar.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən Cebhe.info-ya verilən məlumata görə, müəllif qeyd edib ki, müharibə Azərbaycanda sosial və siyasi mühiti əhəmiyyətli dərəcədə dəyişib və xalq yekdil şəkildə müharibə ilə bağlı hökumət və onun siyasətinə dəstək ifadə edib.

Vasif Hüseynov yazıb ki, müharibə dövründə hökumət həmçinin tənqidi mövqe sərgiləyən müxalif qüvvələrin də dəstəyini qazanıb. Lakin bildirilib ki, müharibə qarşı tərəfdə tamamilə fərqli nəticələrə səbəb olaraq Ermənistan ordusunun yenilməzliyinə və Azərbaycan ordusu üzərində mütləq üstünlüyə sahib olduğuna inanan əhali arasında şok effekti yaradıb. Bu bir tərəfdən siyasi qüvvələrə etibarı sarsıdıb, digər tərəfdən ölkədə güclü siyasi böhrana gətirib çıxarıb. Müəllif eyni zamanda üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistanda əhali tərəfindən parlamentə hücum, etiraz aksiyaları və etirazçıların həbsindən danışıb.

Yekun olaraq müəllif bildirib ki, Qarabağdakı məğlubiyyət Ermənistanı siyasi böhrana, ətraf mühitə qarşı cinayət törətməyə sürüklədiyi halda, Azərbaycanda əhali tarixi qələbəni qeyd edir və öz torpaqlarından didərgin düşmüş məcburi köçkünlər tezliklə doğma yurdlarına qayıdacaqları günü gözləyirlər.

Həmçinin BMTM-in mütəxəssisi Şahmar Hacıyevin eyni nəşrdə Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin işə düşməsi barədə məqaləsi dərc olunub. Müəllif qeyd edir ki, TAP Boru kəməri türk-yunan sərhədindən başlayır və Yunanıstan, Albaniya və İtaliyanın cənub hissəsindəki son təyinat məntəqəsinə qədər uzanır:

“Boru kəmərinin ilkin gücü ildə 10 milyard kubmetr təbii qaz olacaq və gələcəkdə bu həcm 20 milyard kubmetrə qədər artıracaq. TAP vasitəsi ilə ildə 8 milyard kubmetr qaz İtaliyaya, qalan 2 milyard kubmetr isə Yunanıstan və Bolqarıstana nəql olunacaq”.

Müəllif yazıb ki, 2020-ci il TAP boru kəməri üçün əlamətdar bir il olub. Belə ki, 2020-ci ilin oktyabr ayında TAP Yunanıstan-Türkiyə sərhədindən Cənubi İtaliyadakı boru kəməri qəbul terminalına qədər təbii qazla dolduruldu. Nəhayət ki, 15 Noyabr 2020-ci ildə Cənub Qaz Dəhlizinin son hissəsi olan TAP kəməri tamamlandı və ticarət fəaliyyətinə başladı:

“Nə COVID-19 pandemiyası, nə də Dağlıq Qarabağ müharibəsi Azərbaycanın TAP layihəsini yekunlaşdırmasına mane ola bilmədi və ilk Azərbaycan qazı artıq Avropa istehlakçılarına nəql edilib. Təxmini dəyəri 4,5 milyard avro olan TAP boru kəməri, Xəzər dənizindəki Şahdəniz 2 qaz yatağından (SD2 )Avropa istehlakçılarına qaz nəql etmək üçün yeni bölgələrarası ixrac qaz kəməridir”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 595

Bizim Telegram səhifəmizi izləyin