hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

BNA ilə bağlı etirazlar böyüyür: Burda dayanmaq-durmaq qadağandır

BNA ilə bağlı etirazlar böyüyür: Burda dayanmaq-durmaq qadağandır

Bakı Nəqliyyat Agentliyinin dayanma-durma qaydalarını pozan sürücülərə qarşı cərimə tətbiq etməsi uzun müddətdir ictimaiyyətdə sərt şəkildə tənqidlərə səbəb olur.

Sürücülər bildirirlər ki, ilk növbədə, BNA avtomobillərin qanuni park edilməsi üçün yerlər yaratmalı, təkliflər verməli, sonra bu cür cərimələri yazmalıdır. Eyni zamanda bildirilir ki, bu cür cərimələr BNA tərəfindən heç bir xəbərdarlıq edilmədən yazılır.

Bu barədə dəfələrlə irad və narazılıq bildirilsə də, BNA-nın əməkdaşları hansısa aptek, market və ya iaşə obyektinin qarşısında avtomobilin bir neçə dəqiqə saxlandığını görən kimi həmin maşının şəklini çəkib, sürücüyə cərimə haqqında bildiriş göndərirlər.

Bu günlərdə millət vəkili Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında BNA-nın əməkdaşları haqqında narazılıq edib.

Millət vəkili Bakı Nəqliyyat Agentliyini (BNA) sərt tənqid edib: "BNA-nın əməkdaşları niyə şəkil çəkib qaçırlar? Gəlib izah etsinlər ki, burada saxlama, orada saxla. Daha niyə şəkil çəkən kimi qaçırlar? Təklif edirəm ki, harada dayanma-durma qadağandırsa, bunu plakata yazıb həmin əraziyə vursunlar. Vətəndaş da bilsin ki, burada 5, 10 dəqiqə durmaq olmaz. BNA-nın mühüm şəxslərini dəvət edək və soruşaq ki, cərimələrdən yığılan pullar hara gedir?”.

Millət vəkili Tahir Kərimli bir müddət öncə BNA-nın nəyin bahasına olursa-olsun, cərimə yazmasını böyük bəla adlandırmışdı.

Maraqlıdır, BNA əməkdaşları cərimələri nəyə əsasən yazırlar? Son günlər cərimələrin yazılmasının çoxalmağına səbəb nədir? Dayanma-durma nişanı yoxdursa, sürücüyə cərimə yazıla bilərmi?

Mövzu ilə əlaqədar Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Cebhe.info-ya danışıb.

O bildirib ki, hazırda baş verən yumşalmalar yollarda da hərəkətliliyin artmasına səbəb olub:

"Ümumiyyətlə, son vaxtlar sərt karantin rejimi çərçivəsində çox böyük yumşalmalar tətbiq olunub. İş və xidmət sahələrinin fəaliyyəti bərpa olunub. Təbii ki, bu da yollarda nəqliyyat vasitələrində hərəkətliliyin artmasına gətirib çıxarmışdır. Yəni bu günlərdə daha çox fərdi minik avtomobilləri də xəttə çıxır. Bir sözlə, əvvəlki sərt karantin vaxtları ilə müqayisədə yollarda hərəkətlilik xeyli artıb. Xatırlatmaq istəyirəm ki, istər aprel-may, istərsə də iyul-avqust aylarında hərəkət məhdudiyyətləri vaxtı Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən hər hansı sürücüyə qarşı dayanma-durma qaydalarının pozulmasına görə cərimə tətbiq olunmurdu. Yalnız yollarda hərəkətlilik artdıqdan sonra yenidən dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı inzibati tədbirlərin görülməsinə başlanılıb. Bunun da səbəbin aydındır. Çünki bu tədbirlərin həyata keçirilməsində bizim əsas məqsədimiz yollarda ümumi hərəkətə mane olan halların aradan qaldırılmasıdır. Bu halların içərisində məhz parklanma, dayanma-durma qaydalarının pozulması xüsusi yer tutur. Yəni yumşalmalardan sonra nəqliyyat vasitələrinin sayı artıb. Cərimələrin çox yazılması da buradan qaynaqlana bilər.

Mais Ağayev qeyd edib ki, heç kimə əsassız olaraq cərimə yazılmır:

"Əgər belə bir hal varsa, sürücü düşünürsə ki, ona hər hansı bir əsas olmadan qayda pozuntusu cəriməsi tətbiq edilib o zaman sürücü rahat şəkildə BNA-ya gəlmədən elektron qaydada müraciət edə bilər. Bu zaman onun məsələsinə baxılacaq. Bu cür hallarda biz daha çox vətəndaşın xeyirinə məsələnin baxılmasının tərəfdarıyıq".

Mais Ağayev dayanma-durma nişanının olmadığı yerlərdə cərimə yazılmağına da aydınlıq gətirib:

"Cərimələr çox vaxt dayanma-durmanın qadağan edildiyi yerlərdə yazılır. Lakin nişan olmadığı halda belə əgər sürücü nəqliyyat vasitəsini avtobus dayanacağında, yolun hərəkət hissəsinin ikinci hissəsində, piyada keçidinin yaxınlığında saxlayıbsa bu zaman sürücüyə xəbərdarlıq etməyə ehtiyac yoxdur. Yolda nişan varsa, sürücü hərəkətini həmin yol nişanının tələbinə uyğun tənzimləməlidir".

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 3840