hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

Bölgədə yeni siyasi ittifaq: Türk birliyinə açılan qapı

Bölgədə yeni siyasi ittifaq: Türk birliyinə açılan qapı

Azərbaycan, Türkiyə və Pakistan arasında yaranan strateji əməkdaşlıq formatına yaxın perspektivdə başqa dövlətlər də qoşula bilər.

Artıq bu istiqamətdə ilk addımlar atılmağa başlayıb. Azərbaycan Əfqanıstanda öz səfirliyini açmağı qərara alıb. Azərbaycan, Türkiyə və Pakistan Xarici İşlər nazirlərinin İslamabadda keçirilən görüşünün ardınca rəsmi Bakının belə addım atması məhz bu əməkdaşlığın inkişafına şərait yaratmağa hesablanmış geosiyasi gediş sayıla bilər. Gələcəkdə sıraları genişlənəcək sözügedən birliyin əsas üzvlərini isə müsəlman ölkələri təşkil edəcək.

Politoloq Natiq Mirinin sözlərinə görə, Azərbaycan, Türkiyə və Pakistan tərəfindən təməli qoyulmuş əməkdaşlıq Cənubi Qafqaza, Mərkəzi Asiyaya və Orta Şərqə həm iqtisadi, həm də siyasi sabitliyin təmin olunmasında ciddi töhfə verə bilər:

“Bu regional əməkdaşlıq formatı təşəbbüskarı Azərbaycanın olduğu tarixi “İpək yolu”nun yeni kommunikasiya sistemi ilə paralel olaraq həyata keçirilir. Avropadan başlayan bu marşrut Əfqanıstanadan və Pakistandan keçməklə Hindistana qədər uzanacaq. Bu da iqtisadiyyatın və ticarətin inkişafını çiçəkləndirəcək.

Nəticədə, regiona müəyyən mənada sülh gətirəcək. Ona görə də belə bir əməkdaşlıq formatının qurulması strateji əhəmiyyət daşımaqla yanaşı, həm də Azərbaycana, Türkiyəyə və Pakistana düşmən olan ölkələrə mesaj xarakteri daşıyır. Bu üçlük həm də Azərbaycanın Vətən müharibəsində də siyasi baxımdan, birlik olaraq özünü doğrultdu. Son günlər isə Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin İslamabadda sammitinin keçirilməsi, konkret sahələr üzrə birgə sənədlərin imzalanması, üçtərəfli hərbi əməkdaşlığın qurulması çox böyük və uzağa gedən nəticələri özündə ehtiva edir”.

Politoloq hesab edir ki, bu görüşün Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri arasında keçirilən danışıqlardan sonra baş tutması da diqqət çəkən nüansdır:

“Hesab edirəm ki, bu məsələnin özü də müəyyən mesajları əks etdirir. Çünki Pakistan Asiyada ən güclü ordulardan birinə malik olan, xüsusilə də nüvə silahına malik dövlətdir. Türkiyə artıq regional gücdən qlobal gücə çevrilən bir ölkədir. Cənubi Qafqazın da ən strateji ölkəsi olan Azərbaycan da Vətən müharibəsində özünü həm regionda, həm də dünyada qalib dövlət kimi göstərdi. Bu üç ölkənin birlik formatı gələcək perspektivdıə daha böyük birliyin yaranmasına stimul verəcək. Çünki Mərkəzi Asiyada türk dövlətləri var. Həmin ölkələr Qarabağ müharibəsindən sonra Türkiyəyə ciddi şəkildə yaxınlaşmaq xəttini götürüb. Artıq türk dövlətləri Qarabağ müharibəsindən sonra əmin oldular ki, Türkiyə bir çıx geosiyasi məsələləri həll edə biləcək güclü bir ölkədir. Türkiyə onları Rusiya kimi güclü nüvə imperiyasından onları müdafiə edə biləcək bir dövlətdir. Artıq bundan sonra türkdilli ölkələrin Türkiyəyə yaxınlaşması və türk biriliyinin formalaşması prosesi daha da sürətlənəcək. Artıq Türkiyə də bu yöndə fəal siyasət yürüdür”.

N.Mirinin fikincə, Azərbaycan, Türkiyə və Pakistan tərəfindən əsası qoyulan əməkdaşlıq formatı Mərkəzi Asiya üçün daha böyük birliyin yaranmasına yaşıl işıq yandıracaq:

“Qlobal səviyyədə ciddi bir güc potensialı var. Söhbət sıralarında Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan və Mərkəzi Asiya ölkələrini birləşdirən güc mərkəzindən gedir. Mənə elə gəlir ki, gələcəkdə bu proses bütün İslam dünyanına yayıla bilər. Çünki İslam coğrafiyasında, xüsusilə də ərəb coğrafiyasında yaşayan xalqlar diktatura rejimlərindən bezib. Ona görə də yeni əməkdaşlıq formatının qurulması gələcəkdə İslam aləmində böyük birliyin yolunu aça bilər. Bu da Azərbaycanın, Türkiyənin və Pakistanın maraqlarına cavab verir. Osmanlı dövlətinin dağılmasından sonra parçalanmaqda davam edən İslam birliyi yenidən qurula bilər. Bu strategiyanın əsas müəllifləri isə Türkiyənin beyin mərkəzləridir. Həmin planın 2023, 2053 və 2072-ci illərə aid mərhələlərdə həyata keçirilməsi nəzərdə tutulur”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 3895