hava haqqinda Bakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8952
  • NEFT - $ 70.44
  • clouds-weather

Borçalıda seçki: Soydaşlarımızın şansı nə qədərdir?

Borçalıda seçki: Soydaşlarımızın şansı nə qədərdir?

Gürcüstanın Marneuli rayonunda İcra Hakimiyyətinin başçısı vəzifəsinə seçkilər keçiriləcək. 

Bu rayonun icra başçısı istefa verdiyi üçün növbədənkənar seçkilərin keçirilməsi zərurəti yaranıb. Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, mayın 19-da baş tutacaq seçkilərdə 15 namizəd iştirak edəcək. Namizədlərin 4-ü azərbaycanlı, 11-i isə gürcüdür. Onların 14-ü siyasi partiya, 1-i isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

İcra başçısı postuna azərbaycanlı namizədlər “Avropalı Gürcüstan” partiyasından Əhməd İmamquliyev, Vahid Milli Hərəkat Partiyasından Aqil Mustafayev, hakim “Gürcü Arzusu” Partiyasından Zaur Darğallı və gənclərdən ibarət təşəbbüs qrupundan Əli Bədirovdur.

Gürcü namizədlər isə “Xalq üçün dövlət hərəkatı”ndan Elene Qabinaşvili, “Xristian Demokrat Hərəkatı”ndan Beka Svanidze, “Azad Gürcüstan” partiyasından Nino Curxadze, “Sakartvelo” partiyasından Leyla Xaraişvili, “Azad Gürcüstan uğrunda hərəkat” partiyasından İrena Sturua, “Yeni Xristian Demokratlar” partiyasından Lisa Sixarulidze, “Yeni Gürcüstan siyasi platforması”ndan Niniko Çxetia, “Azadlıq - Zviad Qamsaxurdiya yolu” partiyasından Malxaz Qorqaslidze, “Gürcüstanın veteranlar və vətənpərvərlər siyasi hərəkatı”ndan Eliso Kartvelişvili, Milli Demokrat Partiyasından Cano Jvania, “Xristian Mühafizəkarlar” partiyasından İlya Pataraya qatılacaq.

Məlumdur ki, Marneuli azərbaycanlıların kompakt yaşadığı bölgədir. Burada soydaşımızın hakim mövqe qazanması azərbaycanlıların mənafeyi baxımından əlverişlidir, onların sosial problemlərinin həllində bu amilin xüsusi rolu ola bilər. Azərbaycanlı namizədlərin şansı nə qədərdir?

“Borçalı” Cəmiyyətinin rəhbəri Zəlimxan Məmmədli “Cümhuriyət” qəzetinə açılqmasında bildirib ki, Marneuli diqqət mərkəzində olan bölgədir: 

”Bundan əvvəl parlament və mer seçkilərində ciddi mübarizə gedib. Bu özü müsbət haldır, soydaşlarımızın yaşadığı ərazidə demokratik seçkilərin keçirilməsi sevindiricidir. Bundan əvvəl də Əhməd İmanquliyev icra başçısı seçkilərinə namizədliyini verib. Ona qarşı saxtalaşdırma olub. Orada da, Azərbaycanda da ona qarşı kampaniya aparılıb. İndi də namizədliyini verənlər arasında fəal olan gənc soydaşlarımız var”.

Zəlimxan Məmmədli bildirir ki, icra başçısı postu uğrunda mübarizə əsasən, hakimiyyət və müxalifət arasında gedəcək: 

“Prinsipial olaraq bu cür dəyərləndirilməlidir. Hakimiyyətin siyasətində ciddi yanlışlıqlar var. Bu amil müxalifət namizədinin üstün mövqe qazanmasına gətirib çıxara bilər. Hər halda bu kampaniyada bir neçə millətin nümayəndəsinin olması normaldır. Daha önəmlisi namizədlər arasında soydaşlarımızın bu postda görmək istədikləri şəxslərin olmasıdır. Onlar zaman-zaman kimin xalqa daha yaxın olduğunu, xalqın problemlərini ictimailəşdirdiyini, səmimi olduğunu görüblər. Hər halda mən dirijor çubuğu ilə idarə olunan, eləcə də hakimiyyət komandasının üzvü olan namizədi seçmərəm. Çünki hakimiyyət nümayəndələrinin mənə, “Borçalı” cəmiyyətinə, soydaşlarımızın mədəniyyətinə qarşı, o cümlədən sosial yönümlü layihələrlə bağlı ciddi xətaları var. Sadəcə olaraq, namizədlərin hər birinə uğurlar, seçkilərin dinc, demokratik keçməsini arzulayıram. Güclü olanın, seçilənin Gürcüstana və soydaşlarımıza fayda verəcəyini düşünürük. Ənənəvi qaydada, “yuxarıların layihəsi” ilə gələn namizədlər soydaşlarımıza hər hansı formada dəstək verməyəcək. Bundan əvvəlki icra başçısı da həmin qayda ilə gəlmişdi və hər hansı pozitiv dəyişikliyi də kimsə müşahidə etmədi”.
Zəlimxan Məmmədli deyir ki, azərbaycanlı namizədlər arasında Əhməd İmanquliyev və Aqil Mustafayev müxalifət partiyalarını təmsil edir: “Onların güclərini birləşdirib-birləşdirməyəcəyini deyə bilmərəm. Şanslı olub-olmayacaqları isə apardıqları mübarizənin nəticəsində məlum olacaq”.

Marneulidə yaşayan soydaşımız, “Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, mübarizə əsasən, üç nəfər arasında gedəcək: 

“Zaur Darğallı hakim partiyanı, Əhməd Imamguluyev və Aqil Mustafayev isə müxalifəti təmsil edir. Bu üç namizədin hər birinin yetərincə dəstəyi var və səs faizlərinin yaxın rəqəmlər olacağı gözlənilir. Amma gedişat onu göstərir ki, hakim partiyanın namizədi Zaur Darğallı daha çox səs alacaq. Zaur bəy uzun zamandır məmur kimi bir çox vəzifələrdə çalışıb. Yəni, görünən odur ki, Zaur Darğallı yerli əhalidən daha çox dəstək alacaq. Onun 31 yaşı var, idarəetmə üzrə təhsil alıb, gürcü dilini mükəmməl bilir”. 

Əlibala Əsgərov bildirib ki, regionda 12 mindən artıq erməninin yaşamasına baxmayaraq, seçkilərə onların nümayəndəsi qatılmayıb.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 922