hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Böyük arealda türk-rus “savaşı”: Rusiyanı Qafqazdan sıxışdıran hərbi dəhliz

Böyük arealda türk-rus “savaşı”: Rusiyanı Qafqazdan sıxışdıran hərbi dəhliz

Türkiyənin postsovet məkanında təsirinin artması müşahidə olunur.

Bu proses son aylar Cənubi Qafqazda daha çox diqqəti cəlb edir. İyul ayında Ermənistan-Azərbaycan sərhəddində baş verən döyüşlərdən sonra Türkiyənin bölgədə hərbi fəallığının artması Rusiya ilə rəqabətin məhz bu bölgədə təmərküzləşməsi təəssüratını yaradır. Ancaq rəsmi Ankaranın keçmiş SSRİ respublikalarında geosiyasi maraqları yalnız Cənubi Qafqazla yekunlaşmır. Hazırda Moldovadan Qırğızıstana qədər Rusiyanın türkdilli muxtar respublikalar da daxil olmaqla Türkiyənin təsir dairəsinin genişlənməsi müşahidə olunur.

Yəni Ərdoğan hakimiyyətinin strategiyası Putinin planları ilə yalnız Suriyada və Liviyada deyil, həm də Rusiyanın yaxın xaric hesab etdiyi regionda da ciddi şəkildə toqquşmağa başlayıb. İraqın və Suriyanın şimalında antiterror əməliyyatları zamanı üstünlüyü ələ alan rəsmi Ankara cənub sərhədləri boyunca geniş təhlükəsizlik zolağı formalaşdıra bilib. Liviya ilə 2019-cu ilin noyabr ayında imzalanmış Su sərhədlərinin delmitasiyası və demarkasiyasına dair müqavilə, eləcə də Rusiyanın dəstəklədiyi qiyamçıları məğlub etməsi Türkiyənin Aralıq dənizi hövzəsində geosiyasi fəaliyyətini gücləndirib. Ancaq görünür, Ankara bu təsir dairəsini Aralıq dənizinin şərqi ilə yekunlaşdırmaq niyyətində görünmür. Son zamanlar Türkiyənin Moldovanın siyasi və iqtisadi həyatında iştirakının artması diqqəti cəlb edir. Moldovanın xarici ticarət dövriyyəsində birinci yeri Rumıniya tutur. Ancaq Moldovaya maraq göstərən Türkiyə bu ölkədəki başlıca rəqibi kimi Rumıniyanı deyil, ilk növbədə Rusiyanı görür. 2019-cu ildə Moldova ilə Rusiya arasında ticarət dövriyyəsi 1 milyard 640 milyon 602 min 547 ABŞ dolları təşkil edib.

2019-cu ilin məlumatına görə, Türkiyə Moldova iqtisadiyyatına qoyulan investisiyaların həcminə görə altıncı, ticarət dövriyyəsinə görə yeddinci yerdə dayanır. 2020-ci ilin 9 ayının məlumatına görə, Türkiyə ilə Moldova arasında ticarət dövriyyəsi 600 milyon dollar təşkil edib. Ərdoğan hökuməti iki ölkə arasındakı ticarət əməliyyatlarının həcmini 1 milyard dollara çatdırmağı və Rusiyanı ötməyi qarşıya məqsəd qoyub. Moldova Prezidenti İqor Dodon Rusiya ilə iqtisadi əməkdaşlığın genişlənməsində daha çox maraqlı olsa da, Qərbin təzyiqləri ona mane olur. Türkiyənin Moldovaya ciddi maraq göstərməsi təsadüfi deyil və daha çox bu ölkənin ərazisində yerləşən Qaqauz Muxtar Ərazi Bölgəsi ilə bağlıdır. Ümumiyyətlə, postsovet məkanındakı türkdilli dövlətlər və muxtar qurumlarlarla bağlı Ankaranın xarici siyasətində yeni yanaşma müşahidə edilməkdədir. SSRİ-nin dağılmasından sonra türk xalqlarının yaşadıqları ölkələri Rusiyanın təsir zonası kimi tanıyan Ankara axır vaxtlar həmin regionlarda geostrateji maraqlarını ortaya qoyub. Bu isə Rusiya ilə rəqabətin baş verməsinə səbəb olur. Avqust ayının sonunda Qaqauz muxtariyyatının paytaxtı Komratda Türkiyə Respublikasının konsulluğu açılıb. Diplomatik nümayəndəliyin açılışında Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu iştirak edib. Mövlud Çavuşoğlu hazırda Türkiyənin dəstəyi ilə Qaqauziyada həyata keçirilən əsas layihələrdən söz açıb. Ən böyük layihələrdən biri də tələbələrin yaşaması üçün bir neçə hektar ərazidə inşa ediləcək 500 yerlik Sənaye Kollecidir.

Kollecə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adı verilib. Qaqauzia özünü Türkiyə ilə Moldova Respublikası arasında dostluq körpüsü kimi göstərməsinə baxmayaraq, Ankara və Kişinyov yaxşı əməkdaşlıq edir. Belə ki, 2018-ci ilin oktyabr ayında Kişinyovda, Türkiyə Prezidenti Ərdoğanın rəsmi səfəri zamanı strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Tərəflər siyasət, hərbi, təhlükəsizlik, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm, səhiyyə, mədəniyyət, elm və humanitar sahə kimi bir çox sahədə əlaqələrin inkişafı üçün strategiya müəyyən ediblər. Moldovanın Rumıniyaya inteqrasiyasının tərəfdarları ölkə ərazisində Türkiyənin fəallaşmasına görə rəsmi Kişinyovu tənqid edir. Ancaq Qaqauziyada mövcudluğunu gücləndirmək istəyən Rumıniya Rusiyanı sıxışdırmaqda çətinliklər yaşayır. Ona görə də perspektivdə məsələni öz xeyrinə həll etmək ümidi ilə Türkiyənin bu mərhələdəki fəaliyətini dəstəkləməli olur. Türkiyənin son illər sürətlə fəallıq nümayiş etdirdiyi ölkələrdən biri Ukraynadır. Xüsusilə də Vladimir Zelenski prezident seçildikdən sonra Ankara və Kiyev xeyli yaxınlaşıb. Türkiyə ilə hərtərəfli əməkdaşlıq Vladimir Zelenski hakimiyyətinin xarici siyasət strategiyasında mühüm yer tutur. Ukrayna özünün Milli Təhlükəsizlik Konsepsiyasında Türkiyəni strateji tərəfdaş elan edib. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard dollar təşkil edib. Tərəflər bu rəqəmi 2023-cü ildə 10 milyard dollara çatdırmağı qarşıya məqsəd qoyub. Son zamanlar ən çox diqqət çəkən məqamlardan biri isə Türkiyə və Ukrayna arasında hərbi sənaye sahəsində əməkdaşlığın artmasıdır. İki ölkə birlikdə hərbi və mülki təyyarələr, onların ehtiyat hissələri, raketlər, zirehli texnika istehsalı barədə razılığa gəlib. Prezident Ərdoğan V.Zelenskini cari ilin sonuna qədər Ankaraya rəsmi səfərə dəvət edib və bununla bağlı ikitərəfli sazişin imzalanacağı gözlənilir. NATO üzvü olan Türkiyə ilə birgə istehsal edilmiş müasir silahlara Ukraynanın Rusiya ilə savaşda böyük ehtiyacı var. Bu həm də qiymət baxımından da Kiyev üçün əlverişlidir. Eyni zamanda regionda Rusiyanın əsas rəqibinə çevrilməkdə olan Türkiyənin Ukraynanın ərazi bütövlüyünə dəstəyi Kiyevin mövqeyini möhkəmlədir. Türkiyə son dövrlər Ukraynada yeni geosiyasi oyunçuya çevrilməkdədir. Rusiya 2014-cü ildə Ukrayna bazarını itirdikdən sonra yaranmış boşluğu Türkiyənin tutmaq cəhdi Moskvanı narahat edir. Türkiyə həmçinin, 1853-1856-cı illərdə baş vermiş İkinci Krım müharibəsindən sonra Qara dənizin şimal hövzəsində və Azov dəniz regionunda geosiyasi mövqelərini tamamilə itirmişdi.

Amma Ukrayna ilə əməkdaşlıq və Zelenski iqtidarının Türkiyənin Krım tatarları üzərində nüfuzunu tanıması Ankaraya əvvəlki mövqelərinə qayıtmaq imkanı verir. Türkiyə Krım münaqişəsinə münasibətdə Ukraynanın ərazi bütövlüyünə dəstək verir. Tatar amili Türkiyəyə Krımda şimali Qaradəniz regionunda güclənməyə kömək edir. Cənubi Qafqaza gəlincə, Türkiyənin bu regionda əsas tərəfdaşı Azərbaycandır.
Ankaranın Azərbaycanla bağlı siyasəti SSRİ-nin dağılmasından sonra dəyişməz qalıb. Ancaq axır zamanlar Türkiyənin Cənubi Qafqaz siyasətində yeni mərhələnin başlandığı müşahidə olunur. Türkiyə Qara dəniz bölgəsində olduğu kimi, Cənubi Qafqazda da 1920-ci ildə itirdiyi geosiyasi mövqeləri yenidən geri qaytarmaq iddiasındadır. Regionda Rusiya-Ermənistan ittifaqına qarşı Türkiyə-Azərbaycan tandemi formalaşır. Əgər bu proses davamlı olarsa, o zaman Cənubi Qafqazda geosiyasi balans dəyişə bilər. Bu da öz növbəsində Rusiyanı narahat edir. Lakin siyasi ekspertlər hesab edir ki, Türkiyə bölgədə oturuşmaq və Rusiyaya alternativ güc mərkəzinıə çevrilmək üçün müəyyən addımlar atmalıdır. Bunun üçün ilk növbədə, Azərbaycanda Türkiyənin hərbi bazaları yaradılmalı, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasında Türkiyə silahlı qüvvələri iştirak etməlidir. Bu, Türkiyəyə Rusiyaya danışıqlarda əlini gücləndirməyə və iddialarını qəbul etdirməyə kömək edə bilər. Əks təqdirdə, Rusiya Türkiyənin bölgədən çıxmasına çalışacaq. Ancaq Türkiyənin Cənubi Qafqazda geosiyasi mövqelərini gücləndirən əlavə amillər də mövcuddur. Bu baxımdan, Gürcüstanın NATO üzvlüyünə qəbulu prosesi diqqəti cəlb edir.
Gürcüstanın 2021-ci ildə NATO-ya daxil olunması planı baş tutarsa, bu, Türkiyənin Cənubi Qafqaza çıxış imkanlarını asanlaşdıracaq. Artıq Türkiyə Gürcüstanın Vaziani hərbi hava bazasını NATO təyyarələrinin uçuşu üçün müasir standartlara uyğun yenidən təmir edir. Çünki Türkiyənin Ermənistanla sərhədləri bağlıdır. Azərbaycanla həmsərhəd olan Naxçıvan MR-nın isə birbaşa ölkənin digər əraziləri ilə əlaqəsi yoxdur. Gürcüstanın NATO-ya üzv olması isə həmsərhəd olan bu iki dövləti strateji müttəfiqə çevirməklə yanaşı, Rusiyanın regiona quru əlaqəsini çətinləşdirəcək. Əgər Türkiyə Azərbaycanla hərbi ittifaq yaradarsa və Gürcüstan NATO-ya daxil olarsa, üç ölkənin birləşdirən geosiyasi və hərbi dəhliz formalaşacaq. Bu da Rusiyanın Ermənistanla zəif olan əlaqəsinin kəsilməsi, qüvvələr nisbətinin Türkiyənin və NATO-nun xeyrinə dəyişməsi deməkdir. Türkiyə Mərkəzi Asiya ölkələrində nüfuzunu artırır.

Belə ki, 2009-cu ilin oktyabrında Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradılıb. Quruma Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan, Özbəkistan daxil olsa da Türkmənistana gəlincə, hələ də yaxından baxır. Eyni zamanda, siyasi müşahidəçilər demoqrafik və iqtisadi potensial baxımından Türk Şurasının Avrasiya İqtisadi Birliyi ilə rəqabət etmək gücündə olduğunu bildirir. Ancaq Türkiyənin güclü dəstəyi olmadan bu reallaşa bilməz. Türkiyə Mərkəzi Asiyanın türkdilli ölkəri ilə ticarət dövriyyəsi və investiyaların həcmini artırmağa başlayıb. Türkdilli dövlətlər arasında Türkiyə 2019-cu ildə Qazaxıstanın əsas ticarət tərəfdaşı olub. İki ölkə arasında ticarət dövriyyəsi 3,13 milyard dollar təşkil edib.

Qazaxıstan Türkiyəyə buğda, mis, qaz, neft, alüminium və sink, təxminən, istehlak malları - elektrik avadanlıqları, maşınlar, toxuculuq məhsulları, mebel və digər məhsullar ixrac edir. Respublikda iki mindən çox türk şirkəti fəaliyyət göstərir. Doğrudur, Türkiyə Rusiyanın göstəricilərindən xeyli uzaqdır. Xüsusilə, Qazaxıstan və Rusiya arasında 2019-cu ildə ticarət dövriyyəsi 19,67 milyard dollar, Çinlə isə 14,39 milyard dollar təşkil edib.

Özbəkistan və Türkiyə arasındakı ticarət və iqtisadi tərəfdaşlıq davamlı böyüməkdədir. Xüsusilə, 2019-cu ildə ticarət həcmi 2018-ci illə müqayisədə yüzdə 22,7 artım göstərərək 2,5 milyard dollar təşkil edib. Bu ilin iyul ayında Özbəkistan və Türkiyə qısa müddətdə ticarət dövriyyəsini 2,5 milyard dollardan 5 milyard dollara çatdırmaq niyyətində olduqlarını açıqlayıb. Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin sonunda Özbəkistan və Rusiya arasında ticarət əməliyyatları əvvəlki ilə nisbətən 17 faiz artaraq 6,6 milyard dollar təşkil edib. Göründüyü kimi, Türkiyə bu göstəricilərlə mümkün qədər Rusiyaya yaxınlaşmağa çalışır.

Türkiyə ilə Türkmənistan arasında ticarət dövriyyəsinin həcmi də artmaqdadır. Bu göstərici 2019-cu ilin sonunda 2018-ci illə müqayisədə 216,314 milyon dollar artaraq 944.477 milyon dollar təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə Rusiya ilə Türkmənistan arasında ticarət dövriyyəsi 1,5 dəfə artaraq 695 milyon ABŞ dollarına bərabər olub. Türkmənistan qazının tədarükü nəzərə alınmaqla təxminən 1 milyard dollara çatıb. Yəni Türkmənistan bazarında da Rusiya və Türkiyə arasında ciddi rəqabət müşahidə olunur. Hətta qeyri-neft sektorunda Türkiyə Rusiyanı üstələyir.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 11694

Bizim Telegram səhifəmizi izləyin