hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

Böyük Nazim Hikməti xatırlayarkən...

Böyük Nazim Hikməti xatırlayarkən...

Taleyin qəribə gəlişmələri var. Bəlkə də ən böyük xoşbəxtliyim elə qəribə taleyimin gəlişmələrində iki böyük sənət fədaisinin ailəsində dünyaya göz açmağımdır.

Özümü dərk edəndən müxtəlif zaman kəsiklərində bir şəxs haqqında daha çox söhbətlərin şahidi olurdum. Hətta deyim ki, bu söhbətlərə mərhum valideynlərim Respublikanın Xalq artistləri Məhəmməd Burcəliyev və Sədayə Mustafayeva ilə yanaşı, Gəncəmin "Xan Çinarı" olan Altay Məmmədovun, Gəncə yazarlarının mənəvi anası şairə, dramaturq Fəridə Əliyarbəylinin və onun ömür-gün yoldaşı Kəramət Tağızadənin, tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Bağır Bağırovun da dəfələrlə qoşulduğunun şahidi olurdum.

İlk vaxtlarda o qədər də dərindən bu söhbətləri anlamasam da sonralar orta məktəbin yuxarı siniflərində artıq Nazim Hikməti tanımağa başladım. O Nazim Hikmət ki, həbsdən canını qurtarsa da, türk hökuməti onu əsgərliyə çağırdığı üçün Moskvaya qaçmışdı.

Nazim Hikmətin yaradıcılığı hər zaman mənim üçün maraqlı idi. Sonradan orta məktəb illərində ailə kitabxanamızdan əldə edə bildiyim “835 sətir”, “Baron-3”, “1+1=1”, “Səsini itirmiş şəhər” kitablarındakı şerlərində xalqın ağır həyatı, inqilabi mübarizəyə çağırışları ilə yaxından tanış idim.

Məlumdur ki, Nazim Hikmət 1951-ci ildən SSRİ-də yaşayıb və onun əsərlərinin bütün Sovet İttifaqında təbliği dövlət səviyyəsində müvafiq təşkilatlara, teatrlara tövsiyyə olunub. Hətta 20 mart 1953-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Ədil İsgəndərovun quruluşunda “Türkiyədə” əsərinin premyerası ictimaiyyətə təqdim edilib. Daha sonra 1956-cı ildə “Qəribə adam” və 1960-cı ildə isə “Şöhrət və ya unudulan adam” pyesləri bu teatrda səhnəyə qoyulub. 1957-ci ildə isə Məhəmməd Burcəliyevin təklifi ilə Gəncə Dövlət Dram Teatrının səhnəsində onun 3 pərdəli, 14 şəkildən ibarət olan “Kəllə” faciəsi hazırlanıb.

Hər zaman ailəmizin qonağı olan, söhbətlərini böyük sevgi ilə dinlədiyim şairə-dramayurq Fəridə Əlyarbəylinin Nazim Hikmətlə bağlı xatirələri xüsusi olaraq diqqətimi cəlb edirdi. “Nazim Hikmət 1957-ci ildə Gəncəyə gəldi. O vaxt Azərbaycan Yazıçıları İttifaqından şəhər qəzetinin redaktoru kimi fəaliyyət göstərən Kəramət Tağızadəyə Bakıdan zəng vurub xəbər verdilər ki, sabah Süleyman Rüstəmlə Nazim Hikmət Gəncəyə qonaq gələcəklər. Bu şad xəbəri şəhər partiya komətisinə bildirməklə hörmətli qonağı ləyaqətlə qarşılamaq lazım idi. Kəramət bu xəbəri şəhər rəhbərliyinə bildirəndə laqeyidliklə “Bizim xəbərimiz yoxdur. Əgər mərkəzi Komitə lazım bilsəydi xəbər verərdi. Biz də onları təntənəli qarşılayardıq. Nazim Hikmət Süleyman Rüstəmin qonağıdırsa, qoy, o, qayğısına qalsın. Bizlik burada bir iş yoxdur” dedilər. Bu cavabdan sonra Kəramət mənə zəng edib dedi ki, sabah Nazim Hikmət və Süleyman Rüstəm şəhərimizə gələcəklər.

Səhər saat 9-da Gəncə Dəmir yolu vağzalına xeyli adam toplandı. Məktəblilər şairin şerlərini deyir, bayram əhval-ruhiyyəsi hökm sürürdü...

Nazim Hikmət, Mehdi Hüseyn, Süleyman Rüstəm və Əkbər Babayev vaqondan düşəndə gül dəstələri və alqışlarla onları qarşıladıq.

Qonaq evinə gəldik. Dincəldi. Xeyli söhbət elədik. Nazim Hikmət Gəncəni gəzmək istədiyini bildirdi. Şəhər parkına getdik. Nazim Hikmət əlini ürəyinin üstünə qoyaraq yolda bir ağaca söykəndi. Doğrusu özümüzü itirdik, həkimi Qalya xanım tez köməyə gəldi. Dərman verdi. Şair əlilə işarə elədi ki, keçib gedər, belə hallar tez-tez olur.

Nazim Hikmət çox əzəmətli idi. Uca boylu, enli kürəkli, sarışın saçları var idi. Üzündəki təbəssüm, mərdlik istər-istəməz görənləri özünə cəlb edirdi. O gün Gəncənin küçələrində müdrik bir insan addımlayırdı. Elə bil biz də onunla ucalmışdıq.

Sonra Nizaminin məqbərəsini ziyarət etmək istədi: “Bu mənim illərlə ürəyimdəki arzumdur. Gəncəyə gələndə bütün yol uzunu Nizamini düşündüm. Bu müqəddəs torpağı görəcəyimi xəyal hesab etdim. Şükürlər olsun ki, arzuma yetişdim” - dedi. O, Nizaminin qəbrini görəndə qapının ağzında dayanıb baxdı, sonra sakit addımlarla məzara yaxınlaşdı, dayanmadı, başına dolanıb mərmər qəbri öpdü. Bir xeyli dayandıq. Nazim Hikmət sanki xəyalən Nizami ilə söhbət edirdi”.

Sonra taleyimə nəsib oldu ki, mən orta məktəbi bitirən ili sənədlərimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatrşünaslıq” fakültəsinə verdim və qəbul olundum. Universitetin ikinci kursunda təhsil alankən Nazim Hikmət yaradıcılığının tədqiqatçılarından olan filologiya elmləri doktoru, professor Aqşin Babayevlə tanış oldum. Mən bu şəxsin də şirin və çox maraqlı söhbətlərinə qulaq asmaqdan yorulmazdım. Hətta o zamanlar Aqşin müəllim məsul bir vəzifədə Azərbaycan Milli Məclisinin Mətbuat katibi kimi çalışsa da vaxt tapıb mənimlə görüşər, maraqlı söhbətlər edərdi. Nədənsə hər dəfə də söhbətlərində Nazim Hikmət haqqında xüsusi olaraq danışardı. Həm də hiss edirdim ki, mənim də Nazim Hikmət yaradıcılığı ilə tanışlığım onda xüsusi maraq oyatmışdı. Bir gün Nazim Hikmətlə bağlı dedi: “1961-ci ildə Nazim Hikməti mövzu olaraq götürüb aspiranturaya daxil olanda heç kim mənim qarşıma səd qoymadı. Nazim Hikmət dramaturgiyasının tədqiqinə başladım. Ancaq Türkiyəyə işləməyə gedəndə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsində qaydalara uyğun olaraq partiya biletimi təhvil verəndə bir məmur dedi ki, bilirsiz, Nazim Hikmət kommunist olub. Türkiyəyə işləməyə gedirsiz. Orada olarkən Nazim Hikmətin adını çəkməyəsiz.

Doktorluq dissertasiyam Cümhuriyyətin 1923-cü ildən 1990-cı illərə qədərki dövrü, əbədiyyat mərhələsini əhatə edirdi. O zaman müdafiə işləri ilə bağlı bir çox şəxslərə müraciət edirdim ki, mənə Nazim Hikmət haqqında bilmədiklərimi desinlər. O zaman sənin mərhum atan Məhəmməd Burcəliyevə də müraciət etdim. 30-cu illərdə Türk dramaturqlarının əsərləri Azərbaycan səhnəsində oynanılmışdı. Amma Sovet dönəmində Türk dramaturgiyasına az müraciət olunurdu. Əsasən Nazim Hikmətin pyesləri oynanılırdı. 50-ci illərdə Türk dramaturgiyasının Azərbaycan səhnəsinə yenidən gətirilməsi Məhəmməd Burcəliyevin adı ilə bağlıdır. Gəncə Dövlət Dram Teatrında onun rəhbərliyi dövründə Nazim Hikmətin “Kəllə” pyesi səhnəyə qoyulub. Bununla da yenidən Azərbaycan teatrlarında Türk dramaturgiyasının yeni bir dövrü başlanılıb”.

Mən 2015-ci ilin mart ayında yaradıcılıq məsələləri ilə bağlı bir müddət Bakıda yaşamalı oldum. Eyni qaydada demək olar ki, günaşırı iş saatlarından sonra Aqşin Babayevlə görüşür, Park Bulvar ərazisində bir xeyli söhbət edirdik. Bir gün eyni qaydada görüşərkən onunla birlikdə nurani ağ saçlı şəxslə gəldiyini gördüm. Müəllimim bizi tanış edərək dedi: “Anar, oğlum tanış ol, bu Çingiz Fərəcovdur. Eşitmisən belə bir adam? Sənə burada bir faktı da deyəcəm ki, daha yaxından tanıya biləsən. Çingiz müəllimi Nazim Hikmət övladlığa götürüb”.

Bu tanışlıqdan sonra Çingiz müəllimə olan marağım daha da artdı və ondan Nazim Hikmət haqqında danışmasını xahiş etdim. Çingiz müəllim bir xeyli mavi dənizi seyr etdi. Sanki xəyallarında yenə də böyük Nazim Hikmətlə dərdləşirdi. Bir anlıq sükut mavi dənizin dalğalarının səsi ilə əvəzləndi: “1952-ci ildə 10 yaşında bir uşaq idim. Füzulidəki uşaq evlərinin birində qalırdım. Bu zaman SSRİ-yə aid bütün uşaq evlərindən 100 uşaq seçilərək Moskvaya aparılacaqdı. Məni də bu qrupa daxil etdilər. Bakıya gəldik, bizi konfrans salonlarından birinə yığdılar. Nazim Hikmətin şeirini səhvsiz və əzbərdən dedim. Hamı məni böyük sevinclə alqışladı. Paltarlar tikildi və qatarla üç günlük səfərdən sonra Moskvaya çatdıq. Bizi Dilarə Salamovaya tapşırdılar. Burada Dilarə xanım mənə “Sabah Yazıçılar Birliyinə gedəcəyik, bir çox yazıçıyla tanış olacaqsınız. Hətta Stalin də orda olacaq”, - dedi.

Stalini görməyi biz heç xəyal belə etməzdik. Növbə ilə o dövrün şairlərinə aid şeirləri söylədik. Mənim növbəm sona yaxın idi. Şeri söylədim. Bəyənildi, alqışlandı. Qabaq sıradan uzunboylu, dalğalı saçlı, qızılı bığlı biri mənə yaxınlaşdı. Məni qucaqladı, öpdü. Onu tanıyıb-tanımadığımı soruşdu. “Tanımıram” deyincə, bildirdi: “Dediyin bu şeiri mən yazmışam. Nazim Hikmət”.

Haralı olduğumu soruşdu. Mən rusca yaxşı bilmirdim. Dilarə xanım yanımıza gəldi. Uşaq evində böyüdüyümü biləndə yenidən bir neçə dəfə mənə sarıldı. Dedi: “Mənim də sənin yaşda bir oğlum var, amma məndən çox uzaqdadı”.

Məni gəzməyə aparmaq üçün icazə istədi. Yanında bir qadın da vardı.Qalina Qriqoryevna Kaleşnikovanın həyat yoldaşı və həkimi olduğunu söylədi. O gün məni Moskvada gəzdirdilər. Nazim Hikmət mənə ağ köynək və şalvar aldı. Bütün günü yedik, içdik, gəzdik.Nazim əmi elə hey ağlayırdı.Axşam olan kimi məni otelə apardılar.Səhəri gün Azərbaycana geri qayıtdıq.

Qısa zaman kəsiyində uşaq evi Şuşaya köçürüldü.Bir gün müəllimim məni rayon rəhbəri İdris Məhərrəmovun yanına gətirdi. O, Nazim Hikmətin məni övladlığa götürmək istədiyini, Moskvaya aparıb oxudub böyüdəcəyini bildirdi. Məndən getmək istəyib-istəmədiyimi soruşdu. Tərəddüd etmədən getmək istədiyimi dedim. Müəllimimlə birlikdə Moskvaya gəldik.Vağzalda bizi Nazim Hikmət və Qalina xanım qarşıladılar.Evlərinə getdik. İki mərtəbəli, balkonlu çox gözəl bir ev vardı. Onlarla qaldığım zamanda mənimlə çox yaxşı rəftar edirdilər.Demək olar ki, həyatım bir şeirlə tamamilə dəyişmişdi.Təzə məktəbə gedirdim, çoxlu dostlarım hətta oyuncaqlarım da vardı.Bütün bunlar mənə yuxu kimi gəlirdi.

Nazim Hikmət həbsdə olanda ona su ilə edilən işgəncələrə görə sudan nifrət edirdi. Yuyunduğunu heç vaxt görmədim.Buna görə də həmişə Qalina xanımla dava edərdi.Hər zaman Nazim əmini losyonla silib təmizləyirdi.Qalina xanım həkim idi və onu həmişə müayinə edirdi.Türkiyə sevgisi həmişə Nazim Hikməti ağladırdı.Bir gün geri dönmək onun ən böyük istəyi idi.Rusca yaxşı bilmədiyimdən öyrəşə bilmirdim, vətənimdən ötrü darıxırdım.Hər dəfə geri qayıtmaq istəyəndə Nazim Hikmət məni fikrimdən çəkindirməyə çalışırdı. Bir məsələ vardı, bunu Qalinaya deməməli idim, ancaq dedim. Buna görə Qalina Nazimlə dava etdi, səs-küyə qonşular gəldi.Nazim əmi mənə bir sillə vurdu.Həmin gün geri qayıtmağa qərar verdim. Qonşuların köməyi ilə yük qatarı ilə beş günə Bakıya, oradan da Şuşaya çatdım.

Amma Nazim Hikmət məni heç unutmadı, həmişə məni axtardı, hədiyyələr göndərdi.Bir neçə dəfə də Bakıya gələrkən görüşdük. O, 1963-cü ildə vəfat edəndə dəfninə getdim. Münəvvər xanım və Məhmət də gəldilər.Moskvada dəfn olundu. Nazim Hikmətlə hər dəfə görüşəndə deyirdi: “Ən böyük arzum bir gün Türkiyəyə geri dönməkdi. O da olmasa, məzarım orada olsun, mənə bəs edər”.

Mən lap sonralar bildim ki, Çingiz Əliş oğlu Fərəcov Azərbaycanda uzun illər məsul vəzifələrdə çalışıb. Təəssüf ki, Çingiz müəllim 15 dekabr 2016-cı ildə qəflətən ürək tutmasından vəfat etdi.İndi düşünürəm ki, məhz bu şəxslərin sayəsində böyük Nazim Hikməti daha yaxşı tanıya bilmişəm.Hər birinizin əziz xatırəsi mənə Nazim Hikmət tək doğmadır. Ruhunuz şad olsun!

Anar Bürcəliyev,teatrşünas
Cebhe.info


Oxunma sayı: 2641