hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Böyük qayıdış: Banklar prosesə necə dəstək verəcək?

Böyük qayıdış: Banklar prosesə necə dəstək verəcək?

Əlverişli iqlim şəraitində yerləşən, təbii ehtiyatlar, həmçinin su ehtiyatları baxımından zəngin olan işğaldan azad olunan bölgələrin ölkənin iqtisadi inkişafına böyük töhvə verəcəyi gözlənilir.

Ərazilərimiz işğaldan tam azad olunmasa da, artıq həmin bölgələrin sosial-iqtisadi inkişaf proqramlarından danışılmağa başlanıb. Millət vəkili Vüqar Bayramov ərazilərin bərpa prosesinə başlanacağını deyib:

“Bizim qiymələndirmələrimizə görə, prosesin sürətli aparılması ərazilərimizin 3-4 il ərzində bərpa edilməsinə imkan verəcək. İnvestisiya fərqli mənbələrdən, yerli və xarici mənbələrdən cəlb olunacaq. Mövcud potensial imkan verir ki, bu istiqamətdə sərmayə qoyuluşu həyata keçirə bilək. Minalardan təmzləndikdən sonra işğaldan azad olunmuş torpaqlarımızda infrastrukturun yenidən qurulması, o cümlədən sosial obyektlərin və yaşayış binalarının inşası reallaşacaq. Bununla yanaşı, işğaldan azad edilmiş torpaqlarımızda bərpa işlərilə bağlı proqram hazırlanacaq”.

Bəs həmin bölgələrin inkişafı, əhalinin bu bölgələrə qayıdışının təmin olunması prosesinə banklar hansısa töhvə verə bilərlərmi? İşğaldan azad olunan rayonların sakinlərinə güzəştli, uzunmüddətli kreditlərin ayrılması mümkündürmü?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, bankların öz hesablarına güzəştli kredit verəcəyini gözləmir:

“Çünki həmin regionlara uzunmüddətli, aşağı faizli və qismən girov təminatlı kreditlərin ayrılması lazımdır. Banklarımızın əksəriyyətinin buna imkanı yoxdur, imkanı olanlar isə bunu riskli sayacaqlar. Bu baxımdan, düşünürəm ki, bu güzəştlər dövlət hesabına edilməlidir. Dövlətin həm Sahibkarlığın İnkişafı Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi, həm də İpoteka Kredit Zəmanət Fondunun kreditlərinin əksər hissəsi bu regionlara yönəlməlidir. Dövlətin güzətli vəsait vermək imkanı də sonsuz deyil və bu imkanın 70-80 faizi işğaldan azad olunmuş və müharibədən zərər çəkmiş əhaliyə yönəlməlidir.

Biz həmin ərazilərdə yeni yaşayış məskənləri salmalıyıq, bunun üçün hər üç istiqamətdə, həm sahibkarlıq, həm aqrar, həm də ipoteka istiqamətində güzəştlər tətbiq edilməlidir. Banklar könüllü olaraq, buna qoşula bilər, amma bu əsasən dövlət xətti ilə həyata keçirilməlidir. Onsuz da dövlət də krediti birbaşa deyil, bankların vasitəsilə təqdim edəcək. Amma ən vacib şərt bu məsələdə şəffaflığın təmin olunmasıdır”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 2630

Bizim Telegram səhifəmizi izləyin