hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

"Bu gün siyasətdəkilərin 90 faizi səhnədən itəcək" - MÖVQE

"Bu gün siyasətdəkilərin 90 faizi səhnədən itəcək" - MÖVQE

“Bizdə cəmiyyət ideoloji seçici kimi deyil, futbol azarkeşi kimi düşünür”.

Cebhe.info xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib. Natiq Cəfərli Türkiyədə yeni siyasi partiyaların yaranması məsələsinə də toxunaraq, bunun ölkədə mühim hadisə olduğunu bildirib:

“Türkiyədə yeni partiya yaranması çox ciddi hadisədir, səbəbi müxtəlif ola bilər. Amma əsas odur ki, AKP 16 illik iqtidarın yorğunluğunu yaşayır, partiyadaxili müzakirələr son 5-6 ildə tamamən bitib, “tək adam” rejimi əvvəl partiya daxilində, sonra bütün ölkədə bərqərar oldu.

Maraqlı olan məsələ həm də odur ki, yeni partiyanın elektoral bazası AKP və MHP-dir, onlardan ilk seçkilərdə cəmi 5-6% qoparsalar belə, indiki iqtidar gedəcək. Amma şəxsən mənə zövq verən odur ki, qardaş Türkiyədə bizdən fərqli olaraq siyasi mübarizə ideolojidir, dəyərlər və tezislər üzərində sol-sağ-mərkəz-liberal-mühafizəkar-millətçilik kontekstdə gedir.

Bizdə isə siyasi müstəvi ideoloji deyil. Hakim partiyanın ideoloji platforması, cəlbediciliyi yoxdur, müxalifətdə də bütün mübahisələr son 25 ildə şəxsi münasibətlər çərçivəsindən kənara çıxmayıb. Nəticə olaraq da siyasiləşməmiş, ideoloji müxtəlifliyi olmayan cəmiyyət formalaşıb, belə cəmiyyətdə siyasət aparmaq çox çətindir. Çünki cəmiyyət ideoloji seçici kimi deyil, futbol azarkeşi kimi düşünür.

Mən bir neçə dəfə bunu publik demişəm, bir də deyim. Məmləkətdə siyasi mübarizənin sivilləşməsi üçün hakimiyyət normal, ideoloji təməli, hekayəsi, tezisləri olan ikinci hakim partiya yaratmalıdır.

İkinci hakim partiya yaranıb normal ideoloji hekayə qursa, bu, bütün siyasi münasibətləri sağlamlaşdıracaq, iqtidar-müxalifət diskursu tezislər, proqramlar, ideoloji platformalar üzərində qurulacaq. Bu zaman müstəqillikdən üzübəri (həm iqtidarda, həm müxalifətdə) şəxslər üzərində qurulmuş siyasi paradiqma dağılacaq. Ardınca proporsional seçki sistemi bərqərar olunmalı, ölkədə Parlament Respublikasına keçid üçün sürəc başlamalıdır.

Məmləkətdə siyasi mübarizə ideoloji müstəviyə keçsə, bu gün siyasətdə gördüyünüz insanların 90%-i səhnədən itəcək, siyasətdə keyfiyyət dəyişikliyi baş verəcək”.

Cebhe.info


Oxunma sayı: 1508