hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Bu kino ki, var...

Bu kino ki, var...

Maliyyə Nazirliyi ilə Mədəniyyət Nazirliyi arasında kino deyişməsi başlayıb.

Maliyyə naziri Samir Şərifov Mədəniyyət Nazirliyini ayrılan vəsaitə uyğun iş ortaya qoymamaqda günahlandırıb. Qarşı tərəf isə bir günlük götür-qoydan sonra cavab vermək qərarına gəlib və hamını kinoya baxmağa dəvət edəcəyini deyib.

İntəhası, indi pandemiyadır, ya da göstərmək üçün hələlik bir şey yoxdur deyə bu kino təqdimatının nə vaxt olacağı da məlum deyil. Amma əsas odur ki, deyiblərsə, olacaq və hamı yığılıb Mədəniyyət Nazirliyinin kinoya ayrılan vəsaiti necə pay-püş etməsinə baxacaq. Pay-püş deyəndə, yanlış anlaşılmasın, yəni kinoçəkənlər arasında bölüşdürülməsini nəzərdə tuturam.

İndi iki nazirliyin deyişməsi həm də ona görə maraqlıdır ki, mətbuat çoxdandır dövlət qurumlarının bir-birinə “kafa tutmasını” unutmuşdu. Amma dünənki gün bu baxımdan məhsuldar olub.

Parlamentdə ciddi-ciddi müzakirələr gedib, deputatlar başqa bir nazir-Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əlillik “islahatlarına” qarşı çıxıblar. Bunun xalqı incitməkdən başqa bir şey olmadığını deyiblər. Başqa məmurların da hətta deputat sorğularına hörmətsiz yanaşdığı qeyd olunub.

Samir Şərifov da ötəndəfəki iclasda iqtisadiyyatı “şoka salan” bəyanatından sonra bu dəfə daha “mədəni” davranıb və Mədəniyyət Nazirliyini “topa tutub”. Ardınca tənqidlərə tuş gələn Sahil Babayevin əlillərlə fotoları sosial şəbəkələri bəzəyib, amma görüntü yaratmaqdan və tənqiddən başqa ciddi bir işə yaramayıb. Səhər tezdən də Mədəniyyət Nazirliyi Maliyyə Nazirliyini cavab atəşi ilə susdurmağa çalışıb.

Mətbuat bu cür hadisələrin acıdır, ona görə də yazmağa xeyli mövzu olduğuna görə xoşbəxt görünür. Jurnalistlərin “Votsap” qruplarında nömrə alış-verişləri sürətlənib, mətbuat işini görmək və ya sadəcə iş görmək üçün mövzu tapdığına sevinir. Çox güman ki, bu sevinci onlara verənlər haqqında eyni sözü demək olmaz.

İndi əsas məsələ Mədəniyət Nazirliyinin vəd etdiyi təqdimatdır.

Azərbaycan kino sənətinin yaxşı dövrlərində (hər iki nazirlik də bu dövrü unutmuş olmaz) çəkilən “Bəxtiyar” filmindəki bir epizodda deyildiyi kimi- “Niyə baxacaqlar yox, nəyə baxacaqlar?”

Doğrudan nəyə baxacaqlar?

Elnarə Kərimova


Oxunma sayı: 2883