hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Bu nə reklamdır, nə də antireklam...

Bu nə reklamdır, nə də antireklam...

Azərbaycanda reklam bazarı dünya ölkələri ilə müqayisədə zəif inkişaf edib.

İstər sahibkarlar, istərsə də vətəndaşların bu sahəyə marağı azdır. Ölkəmizdə reklam qiymətləri də yüksək deyil. Son 6 il ərzində isə, ümumiyyətlə reklam fəaliyyətindən əldə olunan gəlir azalıb.

Fins.az-ın məlumatına görə, 2018-ci ildə Azərbaycanda reklam fəaliyyətindən 51 111 200 manat gəlir əldə edilib. Bu vəsait 2016-cı il (43 424 900 manat) və 2017-ci illə (44 336 300 manat) müqayisədə çox olsa da, 2013-cü illə müqayisədə azdır.

2013-cü ildə Azərbaycanda reklam fəaliyyətindən 57 085 700 manat gəlir əldə edilib. 2014-cü ildə isə ölkədə reklam fəaliyyətindən 67 311 400 manat gəlir götürülüb ki, bu da son 6 il üzrə ən yüksək göstəricidir.

Ötən il reklam fəaliyyətindən əldə olunan gəlirin çox hissəsi reklamın yayımlanmasının payına düşüb. Reklamın yayımlanmasından 20 264 200 manat gəlir götürülüb. Ən çox reklam yayımlanmasına görə, gəlir küçədə və yol ətrafı zonalarda yayımlanan reklamlardan toplanılıb. Bu cür reklamlardan 9 866 400 manat gəlir əldə edilib.

Mütəxəssislər hesab edirlər ki, reklam gəlirlərinin aşağı olmasının səbəblərindən biri sahibkarların bu sahəyə investisiya yatırımı deyil, əlavə xərc kimi yanaşmasıdır. Televiziyaların büdcəsinin 90 faizinin reklam və sponsorlardan formalaşmasına baxmayaraq, reklamların qiyməti dünya ölkələri ilə müqayisədə ucuzdur.

Qeyd edək ki, pik saatlarda televiziya reklamının saniyəsi 30-100 manat arasında dəyişir. Radioda reklamlarının qiyməti 6-10 manatdan başlayır. Rəqəmsal reklamlar isə 1 dollardan başlayır. Digər tərəfdən isə hesab olunur ki, reklamlara 18 faiz əlavə dəyər vergisi tətbiq edilməsi də onların inkişafını ləngidir.

Qeyd edək ki, ölkəmizdə reklamlara inamlı yanaşma mühiti də mövcud deyil. Təqribən 15-20 il bundan əvvəl vətəndaşların reklam olunan məhsullara münasibəti indikindən fərqli idi. Vətəndaşlar tərəfindən televiziyada seyr edilən hər hansı məhsulun digərlərinə tövsiyə edilməsi hallarına da rast gəlinirdi ki, bu da onların daha effektli təsir gücünə malik olduğunu deməyə əsas verir.

Azərbaycanda hazırlanan istər televiziya və radio, istərsə də küçə reklamlarının keyfiyyətinə nəzər saldıqda da onların xarici ölkələrlə müqayisədə daha az cəlbedici olduğunu müşahidə etmək olur. Yeri gəlmişkən, bu sahədə qonşu Türkiyənin böyük uğurlar əldə etdiyini qeyd etmək olar.

Digər kütləvi informasiya vaistələrində reklam məsələsi isə, ümumiyyətlə ciddi problemdir. Bu problem istər illərdir ki, fəaliyyət göstərən yazılı mətbuat, istərsə də yaranma tarixi o qədər də böyük olmayan elektron portalları əhatə edir. Məhz bu səbəbdən də kütləvi informasiya vasitələri həm də müstəqil biznes qurumları kimi fəaliyyət göstərə bilmirlər.

İqtisadçı Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında ölkəmizdə reklam sahəsinin inkişaf etməməsinin başlıca səbəblərini sadalayıb:

“Bu bir sıra ciddi problemlərə söykənən məsələdir. Reklam rəqabətli mühit olan iqtisadi sistemlərdə daha çox uğur qazanır. Rəqabətli mühit inkişaf etdikcə reklamlara müraciət edən şirkətlərin, hüquqi-fiziki şəxslərin sayı da artır, onlardan gələn gəlirlər də. Rəqabətli mühitin zəif olduğu ölkələrdə isə reklamların dövriyyəsi və gəlirləri aşağı olur. Hətta əhali sayının bizdən iki dəfə az olmasına baxmayaraq, qonşu Gürcüstanın reklam gəlirləri bizdən iki dəfə artıqdır.

Azərbaycanda rəqabətli mühit təməl problem olduğundan burada reklam bazarı da zəif inkişaf edir. Əsasən reklam bazarında xarici şirkətlərin nümayəndəlikləri və ya xarici məhsulların təmsilçiləri hegemon rol oynayırlar. Televiziyalarda da əsasən, həmin məhsullar nümayiş olunur. Yerli şirkətlərdən daha üç mobil şirkət reklama daha çox pul xərcləyir. Çünki onların arasında az da olsa rəqabət, müştəri cəlb etmək üçün yarış var”.

Reklamların hazırlanma səviyyəsinə gəldikdə isə iqtisadçı bildirir ki, reklamların aşağı səviyyədə olması da tələbdən irəli gəlir:

“Əgər bazarda tələb yaranarsa, keyfiyyətli reklam məhsulları da yaranacaq. Daha kreativ reklam çəkən şirkətlər də yaranacaq və bazarda yer tutmağa çalışaqlar. Tələbat azdır, büdcələr isə kiçikdir. Xatırladım ki, Türkiyənin böyük banklarından birinin Cem Yılmazla hazırladığı reklam çarxlarına bir ildə xərclədiyi vəsaitin həcmi, təqribən 50 milyon dollardır. Yəni, bir bankın reklama xərclədiyi vəsait, az qala Azərbaycanda bütün reklam dövriyyəsindən daha artıqdır”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 3191