hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0272
  • EURO - 1.9336
  • NEFT - 65.27
  • clouds-weather

Bu sənəd Pənah Hüseyni həbsə apara bilərdi: Əgər...

Bu sənəd Pənah Hüseyni həbsə apara bilərdi: Əgər...

1993-cü ilin 4 iyun qiyamı ilə bağlı cəmiyyətdə çoxsaylı suallar var. 

Daha çox müzakirə olunan məsələ Surət Hüseynovun rəhbərlik etdiyi 709 saylı hərbi hissənin qaldırdığı qiyamın yatırılması ilə bağlı rəsmi qərarın olub-olmaması ilə əlaqəlidir. Bu günlərdə Əbülfəz Elçibəyin prezidentliyi dövründə ölkənin  Baş naziri olmuş Pənah Hüseyn Dövlət Müdafiə Komitəsinin  iclasının protokolunu yayıb. Bu sənəd bir sıra qaranlıq məqamlara aydınlıq gətirir. Məlum olub ki, qiyamçı polkovnik Sürət Hüseynovu zərərsizləşdirməli olan hüquq-mühafizə orqanları işinin öhdəsindən gələ bilməyib. Qeyd edək ki, bəzi şəxslər eks-prezident Əblüfəz Elçibəyin 4 iyun qiyamının qarşısının alınması ilə bağlı müvafiq tapşırıq vermədiyini iddia edir. Daxili qoşunların sabiq komandanı Fəhmin Hacıyev də belə bir iddia irəli sürüb. Pənah Hüseynin 4 iyun qiyamından 8 gün əvvəl keçirilən DMK-nın protokolunu yayması səslənən iddiaların əsassız olduğunu ortaya qoyub. Bununla bərabər daha bir məsələ gündəmə gəlib. 

Maraqlıdır,  məfxi hesab edilən sənədləri, qapalı iclasların protokollarını yaymaq olarmı? Bununla bağlı qanun nə deyir?

“Konstitusiya Araşdırmaları” Fondunun rəhbəri Əliməmməd Nuriyev Cebhe.info-ya şərhində dövlət sirri daşıyan informasiyaların yayılmasının yolverilməz olduğunu deyib. Bildirib ki, həmin məlumatların saxlanılması ilə bağlı müəyyən müddət var:

“Amma bu, o demək deyil ki, dövlət qurumlarında bütün protokollar xüsusi dövlət sirri təşkil etməlidir. Elə məsələlər var ki, xidməti xarakter daşıyır, elələri də var ümumiyyətlə, açıq olmalıdır. Bütövlükdə dövlət qurumlarının əsas prinsiplərindən biri də şəffaflıq, açıqlıqdır. Açıqlıq və şəffaflıq prinsipləri özündə onu ehtiva edir ki, dövlət orqanların qəbul etdiyi qərarlar açıqlanmalı, onlarla bağlı ictimaiyyətə məlumat verilməlidir. Amma elə xarakterli dövlət orqanları var ki, onların məlumatları istər xidməti, istərsə də məxfi xarakterli olsun, yayıla bilməz. O, cümlədən, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və ümumiyyətlə, hüquq-mühafizə orqanları bu qəbildən olan qurumlara aid olunur. “İnformasiya almaq haqqında” Qanunda bu siyahı tam formada öz əksini tapıb. Qanunda bu məsələlər öz əksini tapıb ki, hansı məzmunlu informasiyalar dövlət sirri təşkil edir. Ümumiyyətlə, bu məzmuna malik olan protokollar, sənədlər yayıla bilməz”.

Ə.Nuriyev bildirib ki, protokollar məsələlərin müzakirə mərhələsi ilə bağlıdır: 

“Belə olan halda onun məzmunu haqqında məlumat vermək olmaz. Ümumiyyətlə, hesab edirəm ki, bu cür məlumatların yayılması etik baxımdan da doğru deyil. Ola bilər ki, həmin məlumatlar ictimai maraq doğurur. İctimai maraq doğurursa, onların yayılmasında problem yoxdur. Təbii ki, dövlət sirri olan informasiyalardan söhbət getmir, onların yayılması birmənalı olaraq yolverilməzdir. Həmçinin bir sıra digər məlumatlar da var ki, onların yayılması qanunla qadağan edilir. Peşə, həkim sirri, kommersiya sirri ilə bağlı olan məlumatlar da bu kateqoriyaya aid edilir. Bütün hallarda idarəçiliyin öz qaydaları var və onlara əməl edilməsi çox yaxşı olar. Digər tərəfdən, hesab olunursa ki, hansısa qərar ictimai maraq kəsb edir, məhkəmə qaydasında da həmin qərarın açıqlanmasına nail olmaq olar”.

Azərbaycan Xalq Cəbhəsinin (AXC) hakimiyyəti dövründə Baş nazir olmuş Pənah Hüseynin Dövlət Müdafiə Komitəsinin Təhlükəsizlik Şurasının protokolunu yaymasına gəlincə, Əliməmməd Nuriyev bildirib ki, artıq zaman keçib və bu məsələ öz aktuallığını itirib:

“Orada elə məsələlər var idi ki, bu və ya digər formada mətbuatda yayılıb, ayrı-ayrı vəzifəli şəxslərin dilindən səsləndirilib. Bu baxımdan, yayılan protokolda hansısa məxfi məlumat görmürəm. Eyni zamanda bir çox məsələlərə də aydınlıq gətirilməsi  baxımından normaldır. Bəzi hallarda bunu hansısa hadisələrin qarşısının alınmasına yönələn hərəkət kimi də qiymətləndirmək olar. Təhrif olunmuş informasiyaların qarşısını almaq üçün də normal addımdır. Əslində o zaman, 1992-93-cü illərdə bu protokol yayılsaydı, yolverilməz olardı. Çünki o zaman bunun məzmunu dövlət sirri xarakterli idi. Həm müzakirələrin xarakteri, həm də qəbul edilən qərarlar dövlət sirri hesab olunur. O zaman yayılsaydı, onu yayan şəxslər məsuliyyətə cəlb olunardı. Amma 25 ildən artıq müddət keçib, ona görə də bu, öz əhəmiyyətini itirib və dövlət sirri kateqoriyasına daxil edilən informasiya sayıla bilməz. Ona görə də bu protokolun yayılmasında belə bir problem görmürəm. Eyni zamanda cəmiyyətin də o dövrdə baş verən hadisələrlə bağlı daha dəqiq informasiya əldə etmək imkanına malik oldu. Bu mənada hesab edirəm ki, cəmiyyət artıq həmin hadisələri daha obyektiv qiymətləndirmək imkanına malikdir”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 4368