hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Büdcəyə yenidən baxılacaqmı? - AÇIQLAMA

Büdcəyə yenidən baxılacaqmı? - AÇIQLAMA

Koronavirus pandemiyasının başlanması bütün dünyanın, o cümlədən Azərbaycanın 2020-ci illə bağlı proqnozlarını dəyişib.

Neftin qiymətinin kəskin ucuzlaşması, karantin dövrünün məhdudiyyətləri və iqtisadi aktivliyin azalması şəraitində Azərbaycanın gəlirləri də azalıb və həmişə belə hallarda olduğu kimi, yenidən büdcəyə dəyişikliklər mövzusu gündəliyə çıxıb.

Qeyd edək ki, bu ilin aprel ayından bəzi rəsmi şəxslər buna ehtiyac olmadığını bildirirdilər. Belə ki, büdcədə neftin bir barelinin 55 dollardan götürülməsinə və bundan qat-qat aşağı düşməsinə baxmayaraq, həm maliyyə naziri, həm də iqtisadçı deputatlar büdcənin icrası ilə bağlı hər hansı bir problemin yaranmayacağını deyirdilər.

Amma dünən maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda büdcəyə dəyişiklik edilməsinə zərurətin yarandığını ilk dəfə etiraf etdi:

“Cari ilin 6 ayında xam neftin qiymətinin 38 ABŞ dolları təşkil etməsi, “OPEC+” sazişi çərçivəsində satış üzrə neft həcmlərinin azalması və koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tətbiq olunması qaçılmaz olan karantin və digər məhdudlaşdırıcı tədbirlərin iqtisadiyyata mənfi təsirlər ilin sonuna həm neft gəlirlərinin, həm də qeyri-neft sektorundan daxilolmaların azalmasını şərtləndirir”.

Maliyyə naziri cari ilin təsdiq olunmuş dövlət və icmal büdcələrinin xərclərinin prioritetliyinin və ünvanlılığının optimallaşdırılması, yaranmış vəziyyətə uyğun yeni ehtiyacların maliyyələşdirilməsi, dövlət büdcəsinin gəlir və xərcləri arasında tarazlığın təmin edilməsi məqsədi ilə 2020-ci ilin dövlət büdcəsinə yenidən baxılaraq düzəlişlər edilməsinin məqsədəuyğun olduğunu bildirib.

Beləliklə də, dövlət büdcəsinə dəyişikliyin ediləcəyi gözlənilə bilərmi?

İqtisadçı Natiq Cəfərli Cebhe. info-ya bildirib ki, maliyyə naziri Samir Şərifovun indi belə bir açıqlama verməsi maraq doğurur:

“Maliyyə naziri bir neçə həftə bundan əvvəl bunun əksini söyləmişdi, büdcəyə dəyişiklik edilməsinə heç bir lüzum olmadığını bildirmişdi. Halbuki mart ayında pandemiyanın vurduğu ziyanla bağlı proqram hazırlanıb və həmin proqramda büdcə xərclərinin kifayyət qədər artırılması nəzərdə tutulub. Həm xərclər artıb, həm gəlirlər azalıb. Xüsusilə vergi gəlirləri azalıb. Bu da onunla əlaqədardır ki, 4 aya yaxındır ki, iqtisadiyyat demək olar ki, qapalı vəziyyətdədir. Turizm, ictimai iaşə sahələri donmuş vəziyyətdədir, neft şirkətlərindən gələn vergilərdə də ciddi azalma var. İlk 6 ayda neftin orta qiyməti 40 dollar oldu, bu da yanvar-fevral aylarında qiymətin yüksək olmasının hesabınadır”.

İqtisadçı dövlət büdcəsinin həm gəlir, həm xərc hissəsində dəyişiklik etmək zərurətinin yarandığını deyir:

“Təəssüf ki, mart ayında müstəqil iqtisadçı ekspertlər bu məsələni gündəmə gətirən zaman hökumətin iqtisadi qanadı dolayısı ilə cavab verirdilər ki, buna ehtiyac yoxdur. Çünki büdcə profisitlə icra olunur, xərclər azdır. Amma biz dəfələrlə vurğulamışdıq ki, profisitin yaranması pandemiya şəraitində o qədər də mücbət hal deyil. Çünki indiki vəziyyətdə iqtisadiyyatın canlanmasına çalışamaq lazımdır.

Digər tərəfdən isə profisit ona görə yaranıb ki, mart ayında dollara tələbat kəskin artıb və Dövlət Neft Fondundan sonrakı aylar üçün nəzərdə tutulan vəsaitin böyük hissəsi – 1,9 milyard dollara yaxın vəsait satılıb və büdcəyə köçürülüb. Hökumətin üzvləri zamanında doğru qərarlar vermədiyinə görə, bəzən atılacaq addımların effektivliyi də aşağı düşür. Yaxşı ki, heç olmasa indi etiraf etdilər ki, büdcəyə dəyişiklik labeddür. Çox güman ki, bununla bağlı parlamentin növbədənkənar sesiyası keçiriləcək və ya payız sesiyasının açılışında büdcəyə əlavə və dəyişikliklər edilməsi ilə bağlı qərar veriləcək”.

Bəs büdcəyə dəyişiklik edilərsə, hansı sahələr üçün nəzərədə tutulan maliyyən dayandırıla və ya təxirə salına bilər?

Natiq Cəfərli bildirir ki, büdcənin parametrləri nəzərə alınarsa, sosial xərclərin azaldılması gözlənilən deyil:

Nə əməkhaqlarının, nə sosial müavinətlərin verilməsində azalmaya gedilə bilməz, bu indiki şəraitdə mümkün də deyil. Çox güman ki, təmir-tikinti, eləcə də böyük layihələrin ya ertələnməsi, ya da ayrılan vəsaitin azaldılması nəzərdə tutulacaq”.

Xatirə Nəsirova
Cebhe. info


Oxunma sayı: 2014