hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Canlı ünsiyyətdən bezmək: Və ya məhkumları Cənnətə göndərən məhkəmələr

Canlı ünsiyyətdən bezmək: Və ya məhkumları Cənnətə göndərən məhkəmələr

Mənə elə gəlir ki, dünyada hər şeyin bir-birilə əlaqəsi var. 

Bir dəfə televiziyaların birində qonaq olanda  demişdim ki, Ucarda kəsilən bir ağacın təsiri hətta Efiopiyada hansısa duruma mütləq təsir edir. Mənə gülmüşdülər. Bilirsinizmi, həyatda elə şeylər var ki, onun reallığına, mövcudluğuna yüz faiz əmin olursan, inanırsan, amma onun reallığını, mövcudluğunu isbat etmək qədər gücün olmur. Yadımdadır, kiçik yaşlarımda hüdudsuz bir məsələni qovğaya çevirəndə, mübahisələr tükənmək bilməyəndə məsələni yatırtmaq üçün deyirdim ki, onsuz da bu işi bu dünyada sübut etmək mümkün olmayacaq, gəlin saxlayaq o biri dünyaya. Əslində, bu gün də belə hallar tez-tez baş verir - bu dünyada çözüm variantı olmayan olaylar…

Dünyanın yaranışından günümüzə qədər o qədər olaylar sirlər asimanına gömülüb ki, doğrudan da bunu yalnız Allah bilər. Adicə dəniz və okeanlarda batan on minlərlə gəmi, qayıq olub ki, çoxundan bu günə qədər xəbər-ətər yoxdur. Neçə arzu, neçə sevgi, neçə ailə izsiz-tozsuz “yoxa” çıxıb. Zindanlarda bu vaxta qədər milyonlarla günahsız yatıb, yüzminlərlə insan şər-böhtana tuş gələrək neçə ilini dəmir barmaqlıqların o tayında başa vurub, hələ günahsız edam olunan milyonları demirəm. Eşitmişəm ki, İranda insanları edam edərkən hökm verənlərdən “Bəlkə bu adamın doğrudan da günahı yoxdur?” soruşanda cavab verirlər: “Heç narahat olmayın, günahı yoxdursa, birbaşa Cənnətə gedəcək”. Hər hansı şərhə lüzum yoxdur, məncə.

Düşünürəm ki, inkişaf etməmiş, astral bədəni dolğun olmayan insanlar dünyanı və bu dünyaya yazılan insan həyatını yalnız bir pəncərədən görürlər. Daha çox pəncərədən baxmağa göz olsun, diqqət və zəka olsun gərək. Belələri dünyamıza az gəlib. Heç 124 min peyğəmbərin də hamısında bu xüsusiyyətlər olmayıb, məncə. Qeyri-peyğəmbər olanlardan isə bizlərə yaxşı miras qalmayıb, çünki onlar da müəyyən həddə çatanda ya tənhalığa çəkiliblər, ya dərddən (əslində daşıya bilməyəcəkləri yükdən) ölüblər, ya da füzun olublar. Elə bir model qoymayıblar ki, bugünkü insanlar ondan yararlansınlar.

Yaradan insanlara iradə və şüur verib. Amma çoxusu bunu nəfs və qudurğanlıq kimi görür. Bu gün az adam tapılar ki, düşdüyü böhranın səbəbini özündə arasın. Az qala hər kəs günahı qonşuda, qohumda, müdirdə, hakimiyyətdə, hətta Allahda axtarır. Özümüzə baxmaq üçün əyilmirik, amma mütilik, istibdad qarşısında, zülmün qənşərində dönə-dönə əyilirik. Bu gün işləyib haqqını ala bilməyənlər bu haqqı tələb etməkdən qorxurlar. Bax, bu qorxudur ki, bu gün millət səadəti heç xəyalında da təsəvvür edə bilmir. Bu qorxudur ki, torpaqlarımız kimsəsiz çöllüyə bənzəyir, amma torpaq bizdən qeyrətlidir – düşmənləri qoynunda yaşamağa mümkün qədər qoymur, xarı bülbül yetirmir. Yer də canlıdır axı!

Evlərə, ailə-uşağa haram pullar çox axır. Söhbət təkcə məmurlardan getmir, hətta kasıb yaşayanlar da ailəsi naminə şər işlərə meyllənir. Deyirlər, pul ixtira olunanda İblis çox sevinib, deyib ki, insanları yoldan çıxarmaq üçün daha əzab-əziyyət çəkməyəcəyəm. Təbii ki, bunu eşidən olmayıb, amma gedişat və təfərrüat göstərir ki, doğrudan da belə olub. Yuxarıda dedim axı, elə şeylər var ki, dürüstlüyünü bilirsən, amma sübutunu bacarmırsan. Buna el arasında məntiq də deyirlər.

İnsanlar çox sıxılır, özü də yalnız maddi çətinliklərə görə yox (Qərb insanı ikinci dünya savaşından sonra demək olar ki, ac qalmayıb). Bu sıxıntı dünyamızın sükunətə, ətalətə və qeyri-müəyyənliyə düşməsindən irəli gəlir. Oxşar situasiyalar, oxşar münasibətlər və oxşar yaşam tərzi adamları tez yorur. İnsan isə həmişə təzadlara can atıb, yeniliklər sorağında olub, çərçivələrdən qaçıb.

Dünyanın düzəninə mənfi təsir göstərənlərdən də danışmaq istəyirəm. Onlar filosof və şairlərdir. Bu “peşə” sahiblərinin hər ikisi insanları olmayan şeylər barədə düşünməyə icbar edib. Filosoflar Allahı o qədər kiçildiblər ki, insanlar özlərini daha güclü bilib, hətta Yaradana qarşı üsyankar hala çatıblar, elə ateizmi də filosoflar təsisləyiblər. Zamanında Tanrı varlığını hamıdan çox qavrayan Fridrix Nitşe “Belə buyurdu Zərdüşt” əsərində yazırdı ki, bu bədbəxtlər (yəni, kütlə) Allahı axtarırlar, amma bilmirlər ki, Allah çoxdan ölüb. O cür mütəfəkkir belə yazırdısa, görün fəlsəfənin zərərləri nə qədərmiş. Yəqin bu səbəbdən də Nitşe ömrünün sonlarında günün-günorta çağı əlində çıraq küçələrdə gəzib “Mən Tanrını axtarıram, biz Onu itirmişik” deyirmiş. Yeri gəlmişkən, öz kommunizm ardıcıllarına ateizmi təbliğ edən Lenin də 1924-cü ildə, ölümünə az qalmış miz-masaya yalvarıb, “Allahım, məni xilas elə!” deyirmiş. 

Daha gülməli odur ki, allahsızlığı təbliğ edən sovetlərdə bir də görürdün hansısa məşhur kommunist vəfat edəndə “Günün Ekranı” xəbərlər proqramı uzun-uzadı nekroloqun sonunda “Allah rəhmət eləsin!” deyirdi. Təəssüf ki, o zamanlar az qala xəyala çevrildiyi, gənclərin hətta xəyal etmədiyi bir vaxtda o baxışlarda bulunanlar varmış. Ötən ilin Ramazan məqamında 69 yaşlı bir müəllimin məndən “Yəni, doğrudanmı inanırsınız ki, Allah var?” soruşması təsdiq deyilmi?

Şairlər isə dünyanı yalançı gözəlliklər içərisində batırırlar. Çirkin bir qadını huri-mələk sayır, qumsal qayalıqları seyrangah kimi qələmə verirlər. İnsanların duyğularını əsarətə alır, çirkini gözəl, gözəli kifir, insanlığı saxtalaşdırırlar. Normal adam heç deyərmi ki, “Salam, dar ağacı”, “Allah bizim Allahdır, keçər günahımızdan”, “Mən gələr olmadım, yolu qarşıla” və ya nələr? 
Dünyamız qəribə bir sivilizasiyadır. Nə istəyirsən, tapmaq olar: atasını öldürən də, balasını diri-diri yandıran da, acından ölməməsi üçün öz qulaqlarını kəsib yeyən də, cinsini dəyişən, su üstündə gəzən, alovda yanmayan, başına mismar soxan da. Bütün bunlar ibrət və görkdən, şükranlıq dərsindən savayı həm də akvariumdakı rəngarəngliklər kimi maraqlı bir mənzərə yaradır. Cəmiyyət varsa, orada mömin də var, zinakar da, əxlaqlı da var, binamus da, zəhmətkeş də var, harın da,  ağ da var, qara da… Amma onların bir-birinə üstün faiz nisbəti tamam başqa məsələdir ki, o barədə danışmaq olmaz. 

İnsanlar canlı ünsiyyətdən beziblər, o qədər beziblər ki, cəmi 50 metr aralıda duran adama da yaxınlaşmaqdansa, mobil telefonla söz çatdırırlar. Virtual aləm, internet ünsiyyəti, “twitter”, “facebook”, “Whatsapp”, “skype”, “e-mail” və daha nə bilim, nələr...

***
Ola bilər ki, söylədiklərimdə rabitəsizlik, sistemsizlik açıq-aydın görünür. Amma gəlin, nəzərə alaq ki, hər şeydə əlaqə var. Mən düzüb-qoşdum, sizə də qalır bu şeylərdə əlaqə tapmaq.
Allah bütün axtardıqlarımızı tapmaqda bizlərə yardımçı olsun. Amin!

Səbuhi Rəhimli
Cebhe.info


Oxunma sayı: 1211