hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Çavuşoğlunun 3 ölkəyə mesajı: Elxan Şahinoğlunun şərhi

Çavuşoğlunun 3 ölkəyə mesajı: Elxan Şahinoğlunun şərhi

“Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilk əvvəl türkmənistanlı həmkarı Rəşid Meredovla bir araya gəlib. Çavuşoğlu ortaq mətbuat konfransında Azərbaycan üçün də vacib olan önəmli açıqlamalar səsləndirib”.

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Ankara uzun zamandır Türkmənistanla Azərbaycan arasındakı mübahisələrin həllinə çalışırdı:

“Çavuşoğlu deyib ki, Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasına görə Türkiyə olaraq çox sevincliyik. Bəli, Ankara illərdir Türkmənistanla Azərbaycan arasındakı mübahisələrin həllinə çalışırdı. Çavuşoğlu bildirib ki, Ankara türkmən neftinin və qazının Türkiyəyə, oradan da Avropaya nəqlində maraqlıdır və bununla bağlı öhdəsinə düşən vəzifələri icra etməyə hazırdır. Türkmən neftinin və qazının Azərbaycan və Türkiyə üzərindən dünya bazarlarına daşınması hər 3 ölkənin bölgədə çəkisini və rolunu artıracaq. Türkiyə paralel olaraq Xəzərin dibi ilə boru xəttinin çəkilməsini də arzulayır. Bunu da reallaşdırmaq mümkündür. Maneə kimi göstərilən Rusiya özü Qara dənizin və Baltik dənizinin dibi ilə boru xətləri çəkib, birini də bitirmək üzrədir. Rusiya özü başqa dənizlərin dibi ilə boru xətləri çəkirsə, Xəzərin dibi ilə çəkilməsi planlanan boru xəttinin çəkilişinə ciddi maneə yarada bilməyəcək, yetər ki, bu məsələdə birinci növbədə Türkmənistan israrlı olsun”.

Politoloq qeyd edib ki, Çavuşoğlu mətbuat konfransında ““3+3” platformasına qatılması üçün Gürcüstanı razı salmağa çalışdıqlarını deyib:

“Bundan hər kəsin qazanacağını bildirən türkiyəli nazir Gürcüstanda hökumət dəyişikliyinin baş verdiyini və Bakıda keçirilməsi planlaşdırılan Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün təxirə salındığını da xatırladıb. Bölgədə yeni altılıq formatının (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya, İran) yaradılması ideyasını Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə birgə mətbuat konfransında səsləndirmişdi. Altılıq formatı hamının xeyrinədir, sadəcə 2008-ci il müharibəsinin nəticəsinə görə Rusiya Gürcüstanın torpaqlarını – Cənubi Osetiya və Abxaziyanı ələ keçirib və “müstəqilliklərini” tanıyıb. Müharibənin digər nəticəsinə görə Gürcüstanla Rusiya arasında diplomatik münasbətlər də kəsilib və bu vaxta qədər bərpa olunmayıb. Belə vəziyyətdə Gürcüstan Rusiyanın olduğu altılıq formatında necə iştirak edəcək? Əlbəttə, Ankara bunun bir yolunu tapmağa çalışacaq, ancaq bu, xeyli zaman alacaq”.

E.Şahinoğlu sonda Çavuşoğlunun Ermənistana etdiyi çağırışa da münasibət bildirib:

“Çavuşoğlu mətbuat konfransında yenidən Ermənistana çağırış edib: “Bölgədə davamlı sülh üçün, bölgənin inkişafı üçün tarixi fürsət var. Ermənistanın da sülh yolunu seçməsinə ümid edirik. Türkiyə Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanın hər bir müsbət addımına cavab verəcək”. Təəssüf ki, Ermənistanda hələ Azərbaycan və Türkiyə ilə barış barədə düşünmürlər, qonşu ölkə məğlubiyyəti həzm etməkdə çətinlik çəkir. Bu, bir qədər zaman alacaq. Buna baxmayaraq, İrəvan 10 noyabr və 11 yanvar bəyanatlarının kommunikasiya xətlərinin açılması hissəsini yerinə yetirməyə başladıqda, istər-istəməz Azərbaycan və Türkiyə ilə regional əməkdaşlıq çərçivəsinə daxil olacaq”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1189