hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Cəbhədən sonuncu telefon zəngi: “Müharibədə olduğunu bilmədən şəhid xəbərini aldıq” - FOTO - VİDEO

Cəbhədən sonuncu telefon zəngi: “Müharibədə olduğunu bilmədən şəhid xəbərini aldıq” - FOTO - VİDEO

Sentyabrın 27-də başlayan Vətən müharibəsi 30 ilə yaxındır ki, işğalda olmuş torpaqlarımızın düşmən əsarətindən azad olunması, Azərbaycanın qələbə qazanması ilə başa çatdı.

Bu qələbəni qəhrəman Azərbaycan Ordusu qanı və canı hesabına qazandı. Neçə-neçə şəhidlər verdik, neçə-neçə oğullarımız qazi adını qazandı. Qanı, canı hesabına bizə qələbə bəxş edən daha bir şəhidimiz də İsmayıllı rayonundan olan Cəmil Məmmədli Habil oğludur.

Cəmil Məmmədli Habil oğlu 1999-cu il iyulun 28-də İsmayıllı rayonunda anadan olub. Orada 3 il yaşayandan sonra ailə Bakıya köçüb. 2005-ci ildə Bakı şəhəri 163 saylı orta məktəbdə təhsil almağa başlayan Cəmil 2016-cı ildə oranı bitirərək Azərbaycan Texniki Universitetinə qəbul olunub. Bu ilin iyulun 16-da hərbi xidmətə yollanan şəhidimiz yeni əsgər olmasına baxmayaraq, könüllü müraciət edərək döyüşlərə qatılmaq istəyib. Cəmilə yeni əsgər olduğu deyilsə də, döyüşmək istəyində israrlı olduğunu bildirib. Vətən müharibəsində böyük şücaətlər göstərən, əsgər yoldaşları, komandir heyətinin sevimlisinə çevirilən Cəmil oktyabrın 15-də Füzuli uğrunda gedən döyüşlər zamanı başından aldığı snayper gülləsi ilə şəhidlik zirvəsinə ucalıb.

Bacısı Aybəniz Cəmilli Cebhe.info-nun əməkdaşı ilə söhbətində qardaşının qəhrəmanlığından, Cəmilin hər kəs tərəfindən necə sevilməsindən qürurla danışıb.

“Rəfiqələrim deyir ki, Cəmildən sonra 1 il toy etməyəcəyik”

"Biz evdə 2 uşaq olmuşuq. Bir qardaşım və mən. Hər zaman onunla yaxın idik. Məni tanıyan hər kəs deyir ki, sən bundan sonra necə olacaqsan, bilmirik. Mənim hər şeyim onunla olub. Balacalıqdan atam, anam işləyib, ona mən baxırdım. Anam deyirdi ki, sən Cəmilin birinci anasısan, sonra mən. Deyirdi, mən onu dünyaya gətirmişəm, amma sən saxlamısan. Cəmil mənim yanımda böyümüşdü, bizim aramızdakı o sevgi tamam başqa idi. Cəmil haqqında bütün əsgər yoldaşları, komandir heyəti o qədər gözəl sözlər deyirdi ki. Deyirdilər, inana bilmirik ki, ona nəsə olub. Cəmil hamının ağlında yaxşı mənada iz qoyub, komandiri deyirdi ki, o, mənim burada oğlum olmuşdu. Cəmilin şəhid olması hamıya böyük zərbə oldu. Biz Cəmili İsmayıllada Şəhidlər Xiyabanında dəfn etsək də, Bakıdan onun üçün nə qədər adam gəlmişdi - iş yoldaşları, müəllimləri, tələbə yoldaşları... Mənim rəfiqələrimin hamısı deyir ki, Cəmildən sonra 1 il toy etməyəcəyik. Bu, bizim üçün böyük şeydir. Görün, Cəmil hamının yaddaşında necə gözəl qalıb ki, onun yasını saxlayırlar".

"Əsgərlikdən gələndən sonra polis olmaq istəyirdi"

Aybəniz xanım Cəmilin ailəsinə olan qayğısından söhbət açır:

"Universitet zamanı dərslərlə yanaşı, həm də işləyirdi. Evə kömək olurdu, universitetə ödənməli olan illik xərclərinu özü ödəyirdi. Dərsdən çıxıb işə gedirdi, 4-5-də evə gəlirdi. Asan həyatımız olmayıb, sonra da gəldi, belə oldu... O, təzə əsgər olanda ona nə qədər yazırdım, çox darıxırdım, istəyirdim tez gəlsin. Amma indi ömürlük bizi tək qoydu. Cəmil həmişə anama deyirdi ki, mən universitetə sən istəmisən deyə, sənə görə qəbul olmuşam, yoxsa ayrı planlarım var. Cəmil fikirləşirdi ki, əsgərlikdən gələndə polis olsun. Bundan başqa planları da var idi. Həmişə anamla mənə deyirdi ki, hər şey yaxşı olacaq, sizin üçün hər şey edəcəyəm. Hara getdi, haradan gəldi, hamısını bilirdik. Evdən nəyisə gizlətməyi yox idi. Hər birimizlə yaxın olub. Biz ikimiz dost, sirdaş olmuşuq. Çox vaxt evə heç nə demirdik, öz aramızda həll edirdik".

“10 dəqiqəlik də olsa, son dəfə əsgər geyimində görmüşdük”

Şəhid bacısı deyir qardaşı ilə sonuncu görüşündən danışır:

"Onunla son görüşümüz avqustun 22-si oldu. Düzdür, çox çətinliklə gördük, çünki karantin vaxtı idi. Yaxşı ki, heç olmasa, onda getmişdik, 10 dəqiqəlik də olsa, son dəfə əsgər geyimində görmüşdük. Yadımdadır ki, ona yemək aparmışdıq, amma Cəmil yeməkləri heç özü yemədən, birinci əsgər yoldaşlarına payladı, dedi ki, onlar da yesin. Biz maşınla artıq qayıdırdıq, görürdük ki, o, hələ də yeməklərini paylayır. Sentyabrın 25-də mənim ad günümdə danışmışdıq, halımı-əvalımı, işlərimin necə getdiyini soruşmuşdu. Mən də hər şeyin yaxşı olduğunu demişdim ki, ağlı bizdə qalmasın".

“Bizə heç bildirməmişdi ki, müharibədədir”

Aybəniz xanım bildirir ki, Cəmil müharibədə olmasını heç evdəkilərə bildirməyib:

"Hər dəfə deyirdi ki, hər şey yaxşıdır, narahat olmayın, özünüzdən muğayat olun. Ən son dəfə isə oktyabrın 10-da danışdıq. Yanından top, güllə səsi gəlirdi. Bizə deyirdi ki, döyüş bölgəsinə yaxındı deyə səslər gəlir. Halbuki həmin vaxt müharibədəydi. Onda da çox az danışdı, dedi, özünüzdən muğayat olun, hər şey yaxşıdır. Ümumiyyətlə, müharibədən əvvələr tez-tez danışırdıq. Müharibə başlayanda isə biz cəmi 4 dəfə danışdıq. Bizimlə elə danışırdı ki, sanki heç müharibədə deyil, hər şey qaydasındadır. Hər dəfə deyirdi ki, hər şey yaxşıdır, narahat olmayın, özünüzdən muğayat olun. O, bizə heç bildirməmişdi ki, müharibədə iştirak edir. Son dəfə danışdığımızdan 5 gün sonra isə şəhid olma xəbəri gəldi..."

Son telefon zəngi…

Son telefon zəngindən 5 gün sonra qardaşının şəhid xəbərini aldığını söyləyən Aybəniz xanım sonrakı ruh halını belə təsvir edir:

"Mən deyirdim, Cəmilə nəsə olsa, ölərəm, amma ölmədim. 15 oktyabr anamın da, mənim də fəryadımızı yer- göy eşitdi. Çox böyük faciə yaşadıq. Allah hamıya səbr versin. Mən deyirdim, Cəmilə nəsə olsa, ölərəm, amma ölmədim. Amma Allaha and olsun ki, mənim üçün ölüm hədiyyə olardı. Çünki belə yaşamaq çox ağırdır. O, mənim canım idi, gedişi ilə canımı da aldı. Mənim həyatım qardaşıma bağlıydı. Onunla nəfəs alırdım. Hamı da bilirdi ki, bizim aramızdakı bağ, sevgimiz necə güclü idi. Onsuz mənim üçün bu həyat artıq söndü. Sadəcə olaraq ailəmə görə dözürəm".

“Təcili yaxşı iş tapıb, onun dediklərini reallaşdırmalı, anamız üçün hər şeyin yaxşısını etməliyəm”

Şəhid bacısı bildirir ki, qardaşı şəhid olandan sonra 4 dəfə yuxusuna gəlib, hər dəfə ona anasını əmanət edib:

"Ağlayaraq Cəmilin şəkilinə baxıb yalvarırdım ki, yuxuma girsin. Mən Cəmil şəhid olandan sonra onu 4 dəfə yuxuda görmüşəm. 3 dəfəsində anamı tapşırıb ki, anam sənə əmanətdir, ona yaxşı bax, bizim arzularımız var idi, sən onu anamız üçün et. Özü də hər birində gülə-gülə. O uşaq ancaq gülürdü. Mən fikirləşirəm ki, təcili yaxşı iş tapıb, onun dediklərini reallaşdırmalı, anamız üçün hər şeyin yaxşısını etməliyəm. Dünən çox ağladım. Şəhid olandan sonra ağlayaraq şəkilinə baxıb yalvarırdım ki, yuxuma girsin. Bu gün Cəmili yuxuda gördüm. Uşaq idi, amma əynində əsgər forması vardı. Qucağımda oturmuşdu, necə ağlayırdı. Bilirəm ki, indi mənə görə narahatdır…"

"Tək təsəllim odur ki, Cəmil cənnətdədir, anamı yanına apara biləcək"

İndi Aybəniz xanımın tək təsəllisi odur ki, qardaşı cənnətdədir:

““Quran”da şəhidlər barədə o qədər gözəl şeylər yazılır. Tək təsəllim odur ki, Cəmil cənnətdədir, anamı yanına apara biləcək. Dua edirəm ki, Cəmilgili heç kim unutmasın, həmişə onları yad etsinlər. Bütün şəhidlər bizim qeyrətli qardaşlarımızdır. Onlar hamısı qeyrətli oğullardır ki, gedib orada canlarını qurban verdilər".

Aybəniz xanımın dediyi yaxınlıq onun qardaşı ilə olan söhbətlərindən, göndərdiyi şəkillərdən də hiss olunur. Bir-birini çox sevən bacı-qardaş ilə olan söhbətlərdə Cəmil nəsə olduğu halda bacısını qorumaq üçün qayıda biləcəyini deyir:

Naibə Məmmədova
Cebhe.info


Oxunma sayı: 12750

Bizim Telegram səhifəmizi izləyin