hava haqqindaBakı
Bu gün +8 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.35
  • clouds-weather

Cəfər Cabbarlının Xızıdakı ev-muzeyi əsaslı təmir olunur

Cəfər Cabbarlının Xızıdakı ev-muzeyi əsaslı təmir olunur

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının Xızıda fəaliyyət göstərən ev-muzeyində əsaslı təmir-bərpa işləri görülür.

Mədəniyyət Nazirliyindən Cebhe.info-ya verilən məlumata görə, 1899-cu il martın 20-də dünyaya göz açan Cəfər Cabbarlı 2 yaşına kimi bu evdə yaşayıb. Üç otaqdan ibarət birmərtəbəli ev görkəmli dramaturqun həyat yoldaşı Sona xanım Cabbarlının təşəbbüsü ilə 1956-cı ildə ictimai əsaslarla ev-muzeyi kimi fəaliyyətə başlayıb. 13 ildən sonra muzey kimi qeydiyyata alınıb.

1999-cu ildə böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının 100 illiyinin qeyd edilməsi ilə əlaqədar muzeydə yenidənqurma işləri aparılıb, ətrafına qoruyucu şüşəbənd çəkilib. Həmin il Xızı şəhərinin mərkəzində Cəfər Cabbarlının möhtəşəm heykəli ucaldılıb.

Burada qorunan eksponatların əsasını Cəfər Cabbarlının ailəsinin məişətdə işlətdiyi əşyalar, yazıçının kitabları, səhnəyə qoyulan əsərlərindən fotoşəkillər, arxiv sənədləri və müxtəlif mətbuat orqanlarında çap edilən məqalələri təşkil edir. Muzeydə, ümumilikdə, 520 eksponat saxlanılır.

Təmir-bərpa işlərinə sentyabr ayının əvvəlindən başlanılıb. Tikinti işləri zamanı zərər görməməsi üçün qoruyucu şüşəbəndin içərisində yerləşən evin üzəri örtüklə bağlanıb. Təmir işləri zamanı görkəmli dramaturqun yaşadığı evin özündə dəyişiklik edilməyəcək. Əsas iş qoruyucu şüşəbəndin daha müasir formada tikilməsi, muzeyin həyətində yeni inzibati otaqların inşası, istilik, işıqlandırma və təhlükəsizlik sisteminin qurulmasıdır.

İş icraçısı Famil Ağayev bildirib ki, təmir-bərpa işlərinin böyük hissəsi başa çatdırılıb və muzey noyabr ayının sonlarında təhvil veriləcək.

Bundan sonra Mədəniyyət Nazirliyinin mütəxəssisləri ev-muzeyində daxili tərtibat işlərini həyata keçirəcək.

Muzeyin direktoru Həcər Rəsulova qeyd edib ki, hər il yüzlərlə insan ev-muzeyi ziyarət edərək, Cəfər Cabbarlının həyat və yaradıcılığı ilə bağlı eksponatlarla tanış olur. Ziyarətçilər arasında Xızıya qonaq gələn ədəbiyyatsevər turistlər və məktəblilər üstünlük təşkil edir. Muzeydə ən diqqətçəkən eksponatlardan biri Cəfər Cabbarlının körpə vaxtı yaşadığı evin kiçildilmiş maketi və anası Şahbikə xanımın gündəlik istifadə etdiyi məişət əşyalarıdır. Muzeydə dahi dramaturqa məxsus mürəkkəblə yazan qələm də saxlanılır.

Cebhe.info


Oxunma sayı: 496