hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Cənubi Qafqazda modifikasiya: Türkiyə-Rusiya tandemi... – Politoloq

Cənubi Qafqazda modifikasiya: Türkiyə-Rusiya tandemi... – Politoloq

"Cənubi Qafqazda yeni uğurlu modifikasiya mümkündür və Türkiyə-Rusiya tandemi Dağlıq Qarabağın uğurlu həll variantını təmin edə bilər".

Cebhe.info xəbər verir ki, bunu AMEA-nın əməkdaşı, Siyasi elmlər üzrə fəlsəfə doktoru Şahin Bağırov deyir.

Onun fikrincə, regionda yeni reallıqlar yaranıb:

"Əlbəttə, Rusiyanın regionda yenidən möhkəmlənməsi hamını narahat edir. Amma unutmayaq ki, Rusiya özü də dünya nizamında təklənmək üzrəydi. Odur ki, Cənubi Qafqaz Rusiya üçün hansı əhəmiyyəti daşıyırsa, Türkiyənin onun yanında olması ikiqat əhəmiyyət kəsb edir.

İstər Rusiya, istərsə də Türkiyə strateji baxımdan Avropadan eyni dərəcədə incik və küskünlük əmsalında inkişaf istiqamətlərini hədəfləyiblər. Və bu istiqamətlərin inkişaf perspektivləri baxımından, ilk öncə onların yolları Cənubi Qafqazdan yan keçə bilməzdi, əksinə, onların birləşməsi bir zərurət olaraq labüd idi. Qarabağ probleminin həll olunmasına birgə dəstək vermələri də bunun əyani sübutu ola bilərdi.

Xatırlayırsınızsa, regionun inkişafından danışan Rəcəb Tayyib Ərdoğan müharibə ərəfəsində "planlarımızı əngəlləyən qanqrena kəsilməlidir", - deyə sərt münasibət bildirdi. Eləcə də təxminən həmin ərəfədə Putin Valdayda Ərdoğan haqqında, onun etibarlı tərəfdaş olması barədə xoş sözlər yağdırmışdı".

Politoloqun fikrincə, bütün bunlar göstərir ki, Rusiya - Türkiyə müttəfiqliyi bütün sferalarda, ilk öncə regional müstəvidə uğurlara imza atılması sınağı qarşısındadır:

"Qarşıda bu iki dövlətin birlikdə planladığı böyük layihələr də ola bilər ki, Yaxın Şərq, eləcə də Avrasiya məkanının digər bölgələri üçün böyük iqtisadi əhəmiyyət kəsb edə bilər. Odur ki, Rusiyanın regiona gəlişi ənənəvi şəkildə təhlükəli hesab olunsa belə, amma, əndişələnməyə də dəyməz. Çünki bugünkü reallıq Rusiya - Türkiyə müttəfiqliyini Qafqaz geosiyasi məkanında qaçılmaz edir. Türkiyə üçün Rusiya nə qədər əhəmiyyətlidirsə, Rusiya üçün də Türkiyə o qədər əhəmiyyət kəsb edir...

Fikrimcə, Türkiyə Azərbaycandadırsa, əndişələnməyə heç bir əsas da yoxdur! Çünki ATƏT-in digər vasitəçiləri Rusiyaya xeyir-dua verməyiblər. Ola bilsin ki, Cənubi Qafqaz uğrunda mübarizə daha da dərinləşsin. Bu baxımdan Türkiyə Rusiya üçün həm də ildırımötürən kimi gərəkli bir aktor ola bilər..."

Dağlıq Qarabağla bağlı narahatçılığa heç bir əsas görməyən Şahin Bağırovun fikrincə, regionda maraqları olan digər super güclər olan ATƏT-in Minsk qrupunun digər həmsədrlərinə - ABŞ və Fransanı da qane edən həll variantları mümkündür:

"Bu, Dağlıq Qarabağın BMT tərəfindən AZAD İQTİSADİ ZONA elan olunmasıdır. Bu varinat bütün maraqlı tərəflər və eləcə də region dövlətləri üçün son dərəcə uğur gətirəbilən variantdır. Təkcə elə Azərbaycan, Rusiya və Türkiyənin bölgəyə kapital yatırımları hesabına Dağlıq Qarabağı ağlagəlməz sıçrayışla böyük iqtisadi məkana çevirmək mümkündür! Fikrimcə, AZAD İQTİSADİ ZONA layihəsini ABŞ və Qərb dövlətləri dəstəkləməməyə bilməz. Bu modifikasiya Azərbaycanın ərazi bütövlüyü çərçivəsində problemin köklü həlli üçün ən uğurlu variant kimi qəbul olunmaya da bilməz! ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətləri olan ABŞ və Fransanı, eləcə də cığal Ermənistanı fakt qarşısında qoymağın ən nümunəvi variantı budur!"

Cebhe.info


Oxunma sayı: 4665

Bizim Telegram səhifəmizi izləyin