hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.9097
  • NEFT - $ 62.51
  • clouds-weather

Cinayətə adekvat cəza olmayanda..: “Hüquq-mühafizə orqanlarına inam azalanda insanlar özləri qərar verirlər” - DEPUTAT

Cinayətə adekvat cəza olmayanda..: “Hüquq-mühafizə orqanlarına inam azalanda insanlar özləri qərar verirlər” - DEPUTAT

Ölkənin kriminal statistikasında artım tempi hiss olunur. 

Demək olar ki, hər gün müxtəlif səpkili cinayət əməlləri haqqında məlumatlar yayılır. Məsələn, təkcə 10 iyun tarixində respublikanın daxili işlər orqanları tərəfindən cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb. Bu hüquq-mühafizə orqanlarının fəaliyyəti nəticəsində ortaya çıxan statistikadır. 

Son günlər yayılan məlumatlardan isə belə qənaətə gəlmək olar ki, insanlar problemlərini artıq şəxsi müstəvidə, hüquq-mühafizə orqanlarına getmədən həll etməyə səy göstərirlər. Məsələn, ötən gün Zərdab rayonunda 50 yaşlı kişi oğlunun hərəkətinə görə alçaldılıb. Hadisə rayonun Körpükənd kəndində qeydə alınıb. Məlumata görə, kənd sakinləri 33 yaşlı R.Babayev, 42 yaşlı Z.Əhmədov, 44 yaşlı T.Babayev və 25 yaşlı H.Həsənzadə həmkəndliləri olan 50 yaşlı M.Kərimovu kəndin mərkəzinə çağırıb. Orada ona "sənin oğlun bizim qadın qohumumuzun telefon nömrəsini qonşu kənddən olan kişiyə verib” deyərək M.Kərimovun əyninə zorla qadın paltarı geyindirib və başına yaylıq bağlayıblar.

M.Kərimovun 26 yaşlı oğlunun  nömrə verdiyi deyilən şəxs isə 29 yaşlı R.Zeynalovdur. Hadisə zamanı onun avtomobili kənddə olub. Qəzəbli şəxslər onun avtomobilini aşırıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları R.Babayev, Z.Əhmədov, T.Babayev və H.Həsənzadəni saxlayıb, fakt üzrə araşdırma aparılır.

Bundan əvvəl isə Binəqədi rayonunda, 6-cı mikrorayonun İsrafil Həşimov küçəsində əvvəllər məhkumluğu olan Səfərov Emin Ehtiram oğlunun qətlə yetirilib. Bir neçə nəfər arasında düşən davanın gedişatında E.Səfərov çoxsaylı bıçaq xəsarətləri alıb və hadisə yerində keçinib. İlkin məlumata görə, məhkəmə tibbi ekspert müayinəsi zamanı meyitin üzərində 40-a yaxın bıçaq yarası aşkarlanıb. 7-ci polis bölməsinin (Binəqədi rayonu) əməkdaşları qətli törətməkdə şübhəli bilinən - 24 yaşlı Naxçıvan sakini Tağıyev Həsən Mərdan oğlunu saxlayıb. Mərhumun qardaşı Elçin Səfərov isə qətlin sifarişli olduğunu bildirib. Elçin Səfərovun sözlərinə görə, qətldən 10 gün əvvəl qardaşı və 6-cı mikrorayonda yaşayan sələmçi Z.Y. arasında ciddi münaqişə meydana gəlib. Z.Y. Emin Səfərovu gəncləri yoldan çıxarmasına biganə qalmayacağına xəbərdar edib. İddia olunur ki, Eminin qətlini Z. Y. sifariş edib.

Göründüyü kimi, mübahisəli şəxslər probleminin həlli üçün hüquq-mühafizə orqanlarına getməkdən, məhkəməyə müraciət etməkdənsə, özləri məsələnin “həllinə” çalışırlar. Aralarında yaşanan münaqişəni öz bildikləri yolla, özlərinin verdiyi qərarla həll edirlər. Bunun da nəticəsində xuliqanlıq artır, şəxsi münasibətlər baxımından haq-hesab çürütmək get-gedə adi hala çevrilir. Bu isə pis tendensiyadır. Tendensiyanın daha da geniş yayılmadan qarşısının alınması üçün qanunların və nəzarətin sərtləşməsinin tərəfdarı olanlar var. Digər qrup isə bu məsələni məhkəmələrə olan inamın zəifliyi ilə əlaqələndirir və hesab edir ki, problem həll olunsa, tendensiya aradan qalxar. 

Milli Məclisin üzvü Fazil Mustafa “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, münaqişələr şəxsi müstəvidə həll edilməsin deyə, məhkəmə islahatlarının keçirilməsi zəruridir: 

“Yəni məhkəməyə inam azalanda insanlar bu cür problemləri özləri həll etmək istəyirlər. Hüquq-mühafizə orqanlarına inam azalanda insanlar özləri qərar verirlər ki, daha çox kriminal qərarlar əsasında bu problemi həll etsinlər. Ona görə də bu kimi məsələlərdə onsuz da çətinliklər var. Hesab edirəm ki, hüquq-mühafizə orqanları bu məsələni ciddiyə almlıdırlar, müzakirə etməlidir və hansı yolla bunun qarşısını almaq mümkündürsə, cəmiyyəti də bu işə cəlb edərək bunu etməlidirlər”.

Qanunların sərtləşdirilməsi məsələsinə gəlincə isə, Fazil Mustafa qeyd edib ki, bu məsələnin həlli ölüm hökmünün bərpası ilə bağlı deyil: 

“Bu, sadəcə, ciddi profilaktik, maarifçilik işi ilə bağlı məsələdir. Təsəvvür edin ki, bu gün “oğru” dünyası ilə bağlı kitabların kütləvi şəkildə yayılması və oxunması, materialların yayılması uşaqların psixikasına çox ciddi təsir göstərir. Ona görə də bu məsələlərdə cəmiyyətdə mühitin dəyişməsi üçün hamılıqla fəaliyyət vacibdir ki, kriminal düşüncə ön plana çıxmasın. Hüquq düşüncəsi cəmiyyətə daha çox sirayət etsin”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1596