hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

Cinayətin cəzası ölüm: Dünyanın ən qəddar edam üsulları

Cinayətin cəzası ölüm: Dünyanın ən qəddar edam üsulları

ABŞ-da kütləvi qətllərə görə edam cəzasının tez icrası qanuniləşdiriləcək.

Bunu Prezident Donald Tramp deyib. Son günlər ölkədə odlu silahdan istifadəylə bağlı 3 hadisə qeydə alınıb. 4 avqustda gecə saatlarında Konor Bets adlı şəxs Ohayo ştatında insanlara odlu silahdan atəş açıb və 26 nəfəri yaralayıb. Polis onu 1 dəqiqə ərzində zərərsizləşdirib. Daha 2 hadisə isə Çikaqoda olub. Birinci hadisədə 7 nəfər xəsarət alıb. İkinci olayda isə 20 nəfər həlak olub. 

Bundan sonra televiziya vasitəsilə xalqa müraciət edən Tramp gələcəkdə bu qəbildən hadisələrin qarşısını almaq üçün bir sıra sərt cəzalar təklif edib. Bunlardan birincisi kütləvi qətlə görə edam hökmünün icrası olacaq. Tramp artıq bununla bağlı qanunvericilik bazasının yaradılması məqsədilə müvafiq təlimat verib. Bildirib ki, bu cəza tez icra olunmalı, uzun illər ləngidilməməlidir. Tramp həmçinin odlu silah əldə etmə və istifadəsinə nəzarət mexanizminin sərtləşdirilməsi üçün tədbirlərin görülməsi tapşırığını da verib. 

Maraqlıdır, dünyada ölüm hökmü hansı hallarda verilir? Ən çox hansı ölkələrdə bu cəza növü tətbiq edilir?

Məlumdur ki, bəzi ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə bu cəza növü qanunla qadağan hesab edilir. Ölüm hökmünün ən yayılmış növü isə güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar aracı, baş kəsilməsi və daşqalaqdır .

Ölüm hökmü dünyada  əvvəlcədən planlaşdırılmış cinayətlərə, əxlaqsızlığa, vətənə xəyanətə görə tətbiq edilir. İslam ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilə bilir. Ölüm hökmü ilə bağlı əsasən iki mövqe var. Bəzi insanlar düşünür ki, həyatdan məhrum etmə humanizm prinsiplərinə ziddir. Problemi başqa yolla həll etmək olar. İnsanların islah olunması üçün tədbirlər görülməlidir. Əslində, bir çox Avropa ölkəsində məsələyə bu aspektdən yanaşılır. Lakin buna zidd mövqedə də olanlar var. Bu şəxslər isə bəzi cinayətkarların islah olunmalarının mümkünsüz olduğunu və onların edam edilməsinin ən məqbul qərar olduğunu müdafiə edirlər. Dünya dövlətləri arasında bu cür fikir ayrılığına görə, ölüm hökmü ilə bağlı ikili mövqe var. Dünyada hal-hazırda 70-dən artıq dövlətdə edam cəzası mövcuddur. 25 ölkədə isə bu cəza növü olsa belə, son 10 ildə heç kimə tətbiq edilməyib. 

Ölüm hökmünün ən çox tətbiq edildiyi ölkələr sırasında Çin, ABŞ, İran, İraq , Səudiyyə Ərəbistanı , Vyetnam ön sıradadır. İran , Səudiyyə Ərəbistanı, İraq və Pakistan ölüm hökmü cəzasının verilməsində liderliklərini qoruyur. 2017-ci ildə həmin ölkələrdə edam hallarında azalma qeydə alınıb. Lakin ölüm hökmü cəzasının 80 faizinin bu ölkələrdə reallaşdığı bildirilib.

Bu müsəlman ölkələrində şəriət qanunları ilə əlaqədardır. Lakin dünyada ölüm hökmü ən çox İslam ölkələrində tətbiq olunmur. Buna baxmayaraq, edamın tərəfdarı olmayan ölkələr ölüm hökmü ilə bağlı İslam ölkələrini günahlandırır. İslam hüququ klassik formada-müsəlmanın canına, malına və namusuna təcavüz halında ölüm hökmünə icazə verir. Bundan başqa, ərli qadının zina edəcəyi təqdirdə daşqalaq edilərək öldürülməsi də mövcuddur ki, son illərdə bu tətbiq olunmur. 2007-ci ildə İran parlamentinin çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayanlar da edam edilir.

Səudiyyə Ərəbistanında edam olunma səbəbi dini inanclara qarşı çıxmaq, Allaha şəkk gətirmək, narkotik maddənin satışı ilə məşğul olmaqdır.

Çində adam oğurlayanlar və öldürənlər ölüm hökmü ilə cəzalandırılır. Uyğur türkləri komunist Çin dövlətində ölüm hökmü ilə cəzalandırılanlar arasında daha çoxdur. Onların öldürülmə səbəbləri müxtəlif olub. Lakin Çin ölüm hökmünü gizlədən ölkələr içərisində liderdir.

Avropa və MDB ölkələri arasında yeganə ölkə Belarusiyadır ki, orada ölüm hökmü hələ də mövcuddur. 2016-cı ildə Belarusiyada 4 nəfər bu cəza növü ilə cəzalandırılıb, 2017-ci ildə isə bu say iki dəfə azalıb. 

Dünyanın ən dəhşətli edam cəzası isə 2012-ci ildə Şimali Koreyada icra edilib. Matəm günü saymamazlıq edən zabitlərdən birinə dünyada analoqu olmayan ölüm hökmü verilib. Onu yüksək bir nöqtəyə qoyaraq üzərinə top mərmisi atıblar. Məqsəd isə onun ölüsünün belə tapıla bilməməsi olub. Edamdan sonra mərhumun cəsədinə aid cəmi bir neçə tikə tapılıb.

Sudanda İslam dinindən imtina edənlər ya həbs edilir, ya da ölüm cəzası ilə cəzalanırlar. Bu ölkədə homeseksuallara da ölüm hökmü verilir. Bu hökmün icrası zamanı cütlüklərdən biri qarşı tərəfin gözləri qarşısında ağır işgəncələr ilə öldürüldükdən sonra, o biri edam edilir.

Pakistanda ateistlərə - Allahdan imtina edənlərə, onu təhqir edənlərə ölüm cəzası verilir. Bunlarla yanaşı, dünyada olduqca inkişaf etmiş ölkələr sırasında olan Yaponiyada da ölüm hökmü mövcüddur. Burada ölüm cəzası alan şəxs 6 il dəmir barmaqlıqlar arasında saxlanılır. Yaponiyada ölüm hökmünü gerçəkləşdirən cəlladlara 250-260 dollar mükafat verilir.

 Türkiyədə isə ölüm hökmü 2002-ci ildə qismən (ağır cinayətlər istisna olmaqla), 2006-cı ildə tamamilə ləğv olunub. 1920-1984-cü illər ərzində Türkiyə Böyük Millət Məclisi 712 edam qərarını dəstəkləyib. ABŞ-da ilk dəfə edam cəzası 1982-ci ildə Texasda tətbiq olunub. Bu cəzanın tətbiqinə icazə isə 1976-cı ildə ABŞ Ali Məhkəməsi tərəfindən verilib. Statistikaya görə, 1987-ci ildə ABŞ-da 349 səhv ölüm hökmü çıxarılıb, bunlardan 25-i artıq icra olunub. 

İnsan Hüquqlarının müdafiəsi haqqında 1991-ci ildə Avropa Konvensiyasını təsdiq edən 6 saylı protokolda ölüm hökmü ləğv edilir. Lakin 3 hal istisna hesab edilir:

Qanunsuz zorakılıqdan müdafiə, yəni zəruri özünümüdafiə vəziyyətində; 

 Məhkum saxlanılarkən və ya həbs yerindən qaçmasının qarşısı alınarkən; 

 Qiyam və ya kütləvi iğtişaş zamanı.

Ümumilikdə ölkələr üzrə edam cəzasının verilməsində hazırda nisbətən azalma müşahidə edilir. 2016-ci ildə 3100 ölüm hökmü verilibsə, 2017-ci ildə bu rəqəm 2600 olub. 2018-ci ildə isə 20 ölkədə, azı 690 adam edam edilib. Bununla bağlı “Amnesty International” təşkilatının insan haqları müdafiəçiləri məruzə hazırlayıblar. 2017-ci il ilə müqayisədə 2018-ci ildə dünyada 31% az insan edam olunub. Ancaq Çin bu iki ilin statistikasına daxil deyil. 

Məhkəmə qərarı ilə öldürülənlərin sayı 993-dən 690-a düşüb. 2017-ci ildə ölüm hökmünün icra edildiyi ölkələrdən Bəhreyn, Banqladeş, İordaniya, Küveyt, Malayziya, Fələstin və Birləşmiş Ərəb Əmirliklərində 2018-ci ildə heç bir ölüm hökmü olmayıb.

İranda, ən azı 253, Səudiyyə Ərəbistanında 149, Vyetnamda 85 adam, İraqda isə 52 adam edam edilib.

Sinqapurda və Somalidə 13 nəfər edam edilib. Yaponiyada bu ölkə üçün rekord göstərici olan 15 nəfəri edam edib.

“Amnesty”də 2018-ci ildə daşqalaq olunaraq edam olunanlar barədə məlumat yoxdur. Bütün dünya üzrə 19,346 məhbus hazırda ölüm kameralarındadır. 2018-ci ildə dünyanın 54 ölkəsində 2531 nəfər edam cəzasına məhkum edilib.

29 ölkədə ölüm hökmləri başqa cəza növləri- ömürlük həbs və ya təcili həbs, hətta əfvlə əvəz edilib.

2018-ci ildə Birləşmiş Ştatlar Şimali və Cənubi Amerikada ölüm hökmlərinin icra olunduğu yeganə dövlət olub. 2018-ci ildə bu ölkədə 25 adam edam edilib. 

Qeyd edək ki, ölüm hökmləri, edam cəzaları mövzusu son illərdə Azərbaycanda yenidən gündəmə gəlib. Ötən ilin aprelində deputat İqbal Ağazadə məsələni Milli Məclisdə qaldırıb.

Azərbaycanda ölüm hökmünun icrasına 1993-cü ildə moratorium qoyulub, 1998-ci il fevralın 10-da isə tamamilə ləğv edilib. O vaxta qədər ölüm hökmünə məhkum edilmiş, lakin cəzaları icra olunmamış 128 nəfərə həyatları bağışlanıb. Buna qədər Azərbaycanda yalnız ağır cinayətlərdə məhkum olunan şəxslərə ölüm hökmü elan edilib. 

Sabiq müdafiə naziri Rəhim Qazıyev, baş nazir Surət Hüseynov, sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayev, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin Qazax bölməsinin komandiri Elçin Əmiraslanov, özünü qondarma "Talış-Muğan Respublikası"nın rəhbəri elan etmiş Ələkrəm Hümbətov barəsində məhkəmənin qərarı ilə ölüm hökmü çıxarılsa da, sonradan onların cəzaları dəyişdirilib. Azərbaycanda ölüm hökmü icra olunan zaman sadəcə güllələnmə ilə həyata keçirilib. 

Səyad Həsənli

Cebhe.info


Oxunma sayı: 2641