hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

Dünya bazarının “qızıl dönəmi”

Dünya bazarının “qızıl dönəmi”

Fuad İbrahimov: “Alternativ ölçü vahidi olan qızıl mütləq şəkildə öz dəyərini artıracaq, əgər...”

Dünya iqtisadi mənzərəsində yeni dönəm başlaya bilər. Sərmayəçilər dünya iqtisadiyyatının 25 faizini təşkil edən ABŞ iqtisadiyyatında durğunluğun yarana biləcəyini proqnozlaşdırırlar. Qeyd edək ki, iqtisadiyyatda durğunluğun 6 aydan uzun sürməsi isə böhrana səbəb olur. ABŞ iqtisadiyyatında böhran qlobal böhranın yaranması deməkdir. Çünki dünya iqtisadiyyatı dollar və dolayısı ilə ABŞ iqtisadiyyatından asılı vəziyyətdədir. Bu baxımdan da, Birləşmiş Ştatlarda dolların dəyərinin aşağı salınması siyasətinə başlanıb.

Dünyanın digər böyük və dönərli valyutalara sahib olan dövlətləri də öz iqtisadiyyatlarını geriləmədən sığortalamaq məqsədilə pul siyasətlərini yumşaltmağa başlayıblar. Belə bir şəraitdə isə qızılın qiymətinin bahalaşacağı gözləntiləri ortaya çıxır. Təcrübəli sərmayəçi Mark Mobius, qızıl alışının uzunmüddətdə "meyvə" verəcəyini söyləyib. "Marja"-nın xəbərinə görə, Mobiusa görə, mərkəzi banklar pul siyasətlərini yumşaldaraq faizləri aşağı saldıqca qızıl bahalaşacaqdır. Keçən il "Mobius Capital Partners LLP"ni quran sərmayəçi "qızılın daha da bahalaşacağını gözləyirəm. Bunu söyləməyimin səbəbi isə mərkəzi banklar tərəfindən pul təklifinin artacağıdır. Açığı, hər hansı bir səviyyədən qızıl almanız lazım olduğunu düşünürəm" deyib. FED və digər mərkəzi bankların iqtisadi artımı dəstəkləmək məqsədilə faizləri aşağı salmalarının təsiri ilə qızılın qiyməti bu ay altı ilin ən yüksək səviyyəsinə qalxıb. ABŞ Xəzinə istiqrazları bazarının üfüqdə durğunluq göründüyünün siqnalını verməsilə əlaqədar olaraq sərmayəçilər qızıla üz tuturlar.

"Mərkəzi banklar faizləri aşağı salmaqla bərabər dəli kimi pul çap edəcəklər",- deyən Mobius, portfelin 10%-nin fiziki qızıla yatırılmasını tövsiyə edir. Məşhur sərmayəçi müsahibəsində qızıl üçün qiymət hədəfinə dair bir məlumat verməyib.

Amma qeyd olunur ki, hazırda unsiyası 1502 dollar ətrafında olan qızılın 1600 dollara qalxacağı nəzərdə tutulur.

İqtisadçı alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, müasir dövrdə hər hansı əmtəənin qiymətinin proqnozlaşdırılması müasir elektron ticarət platformalarının həcm indikatorlarının nəticələrinə uyğun olaraq mümkündür:

“Tam əminliklə proqnoz verilərsə, qızılın qiyməti qalxacaq, dünyanın bütün biznesmənləri tonlarla qızılı alıb, saxlayacaq, sonra müəyyən dövrdən, qızıl qalxandan sonra onun satışını təmin edəcək. Bununla da proqnozlaşdırdığı gəliri əldə edəcək. Amma bu belə olmur. Hazırda əgər fikir söylənilirsə, qızıl qalxacaq, bununla əlaqədar hamı kütləvi formada qızıl almağa yönəlirsə, mütləq onun əksi baş verir. Qızıl aşağı düşməyə başlayır və onu müəyyən qiymətə alan sərmayəçilər ziyana düşür. Müəyyən dövrdən sonra isə həmin əmtəəni satıb, ondan canını qurtarıb, bazardan çıxmış olurlar. Ona görə də hansısa mütəxəssis belə bir proqnoz verirsə ki, qızılın qiyməti qalxacaq, həcm indikatorlarına uyğun verir. Yəni görür ki, ticarət əməliyyatlarının balansı yüksəlir, proqnoz verir ki, indi qızılın qiyməti qalxa bilər. Amma kütləvi şəkildə hamı bu əməliyyata baş qoşsa və həcm indikatorlarında balans dəyişilsə, qəfləti formada qiymət üzüaşağı enəcək. Bu nöqteyi-nəzərdən proqnoz verilməsi çox çətindir”.

Bəs, milli valyutaların dəyərinin aşağı salınması qızıl qiymətlərinin bahalaşmasını stimullaşdıra bilərmiə

İqtisadçı bildirir ki, dünyada istənilən dönərli valyutanın alternativi qızıldır:

“Bu yaxınlarda bir sıra siyasilər ABŞ-la münasibətlərin kəskinləşməsi fonunda dövlətlərarası ticarətdə dollar zonasından çıxmaqla bağlı təkliflər səsləndirirdilər. Bu cür vəziyyətlərdə mütləq alternativ ölçü vahidi olmalıdır - bu avro da, funt-sterlinq də ola bilər. Amma istənilən münasibətlərdə bunun kökündə etalon ölçü vahidi qızıldır. Əgər dünya valyutalarının yumşaldılması prosesi gedərsə, valyutalarla bağlı arzuolunmaz vəziyyət yaranarsa, onda alternativ ölçü vahidi olan qızıl mütləq şəkildə öz dəyərini artıracaq”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 1277