hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.9320
  • NEFT - 43.13
  • clouds-weather

Dünya hegemonluğu: Düzən dəyişir

Dünya hegemonluğu: Düzən dəyişir

“Qərb ölkələri yaxın zamanda dünyadakı dominant mövqeyini itirəcək”.

Fransa Prezidenti Emmanuel Makron bu fikirdədir. Onun fikrincə, Avropanın hegemonluğunun yerini Rusiya və Çin tutacaq. "Çin ilk plana çıxır, Rusiya öz strategiyasında daha çox uğur əldə etməyə çalışır",- deyə Makron vurğulayıb.

Politoloq Natiq Miri “Cümhuriyət”ə açıqlamasında Emmanuel Makronun dediklərində böyük həqiqət olduğunu bildirib: “Çünki artıq Qərb, bütövlükdə xristian dünyası dünya üçün öz cəlbediciliyini itirməkdədir. Əvvəllər həm iqtisadi, həm texnoloji cəhətdən, həm də hüquqi cəhətdən Qərb bütün dünyaya örnək idisə, artıq bu cəlbedicilik itirilməkdədir. Çin artıq həm texnoloji, həm iqtisadi yöndə iri addımlar atmaqla önə çıxıb. Bunun müqabilində isə Qərb dünyası getdikcə iqtisadi, hüquqi, həm də sosial sarsıntılarla çöküşün başlanğıcını ortaya qoyur. Bu yöndə Avropa Birliyində müəyyən mənada çatlar yaranmağa başlayıb. Avropa Birliyinin ən güclü və böyük ölkəsi olan İngiltərə “Brexit”lə AB-dən ayrılmaqla bağlı qərar qəbul edib. Həmçinin iqtisadi yöndə çox ciddi sıxıntılar var. Avropa Birliyinin müdafiə nöqteyi-nəzərindən də problemləri ortaya çıxıb. ABŞ-da Donald Tramp Prezident olduqdan sonra onun Avropa Birliyinin ən mühim ölkələri ilə çox ciddi problemləri yaşanır. Xüsusilə də NATO-nun maliyyələşdirilməsi ilə bağlı ABŞ Prezidentinin çox ciddi tələbləri var ki, Almaniya, Fransa kimi ölkələr də bu tələbləri yerinə yetirməkdən boyun qaçırırlar. Avropa Birliyi yeni bir AB ordusu yaratmaq yönündə çox ciddi müzakirələr aparsa da, bu məsələnin özü də ciddi problemlər ehtiva edir”.

Çin dünya gücünə çevrilir

Çin və Rusiyanın hegemon dövlətlərə çevrilməsi məsələsinə gəlincə, politoloq deyib ki, bu realdır: “Çin 10 il ərzində iqtisadi böyüməsinə görə, ABŞ-ı da geridə qoyacaq. Çin texnoloji cəhətdən sürətlə inkişaf etməklə önə çıxır. Eyni zamanda iqtisadi cəhətdən böyümə sürətinə görə də ABŞ-ı da geridə qoyan dünya gücünə çevrilir. Yaxın 10 il çərçivəsində ABŞ iqtisadi böyümə nöqteyi-nəzərindən geridə qalacaq”.

Natiq Miri Çinin Rusiyanın iqtisadi cəhətdən hegemon dövlətə çevrilə bilməyəcəyini vurğulayıb: “Rusiyanın dünyada hegemon dövlət olması sadəcə, hərbi cəhətdən mümkündür. Şimal qonşumuzun hegemon ölkəyə çevrilməsi isə iqtisadi yöndən mümkün deyil. Rusiya çox ciddi sanksiyalar sıxıntısı ilə mübarizə aparır və bu iqtisadi sanksiyalar ölkə iqtisadiyyatına ciddi zərbələr vurur. Ayrıca Rusiya bu kontekstdə yeni bir iqtisadi sistem ortalığa qoymaqla bu sıxıntılardan qurtulmaq imkanlarını da itirib. Yəni Rusiya islahatlar aparmaq istəmir, cəmiyyətin inkişafından qorxur. Əgər cəmiyyət inkişaf edərsə, Putinin despot rejimi altında xalq ayağa qalxar və Rusiya hakimiyyəti bu rejimi dəyişmək fikrinə düşər. O baxımdan, indiki sıxıntılar çərçivəsində yeni bir iqtisadi sistemi tətbiq etmək fikrindən Rusiya çox-çox uzaqdadır. Ancaq bunun əksinə olaraq, Rusiya hərbi cəhətdən qüdrətli ölkəyə çevrilir. Dünyada ən müasir, hətta qitələrarası yeni ballistik raketlər ortalığa qoymaqla Rusiya yenidən dünya dövlətlərinə meydan oxumağa davam edir. Ayrıca Rusiya həm havadan müdafiə sistemlərini, xüsusilə də yeni beşinci nəsil təyyarələri istehsal etməklə hərbi cəhətdən yenidən ABŞ və digər ölkələrlə ciddi rəqabət aparacaq bir ölkəyə çevrilir. Yaxın Şərqdə, o cümlədən Suriyada Rusiyanın varlığı və bir növ öz təsir dairəsini genişləndirməsi, Yaxın Şərqdə həlledici geosiyasi amilə çevrilməsi Rusiyanın mövqelərini gücləndirir. Yalnız bu baxımdan, qlobal səviyyədə Rusiya bir çox ölkələri onunla hesablaşmaq məcburiyyətinə qoyub. AB məkanı Rusiya ilə həmsərhəddir və Rusiya ilə müəyyən münasibətlər sistemi qurulmadan hərbi cəhətdən qüdrətli ölkə olan Rusiya ilə münaqişə çərçivəsində Avropa Birliyinin təhlükəsizliyi təmin oluna bilməz. AB, eyni zamanda Prezident Makron bunu çox yaxşı başa düşür.

Makron anlayır ki, Rusiya ilə ABŞ-ın bütün istəklərinə rəğmən mütləq yeni münasibətlər sistemi qurulmalıdır. Rusiya ilə əməkdaşlıq olmalıdı. Bu əməkdaşlıq təkcə hərbi cəhətdən deyil, həm də iqtisadi yöndə olmalıdır. Bunun üçün mütləq mənada Avropa Birliyinin Rusiyaya tətbiq etdiyi sanksiyalar aradan qaldırılmalıdır ki, yenidən iqtisadi münasibətləri yüksək məcraya daşımaq mümkün olsun. Rusiyanın hərbi cəhətdən güclənməsi digər dünya ölkələrini məcbur edir ki, Rusiya ilə müəyyən mənada razılaşsınlar”.

Ekspert Çinin iqtisadi yöndəki inkişafının AB və ABŞ-ı qorxutduğunu vurğulayıb: “Çin Rusiyadan fərqli olaraq həm də iqtisadi cəhətdən güclü bir ölkəyə çevrilib ki, bu da AB və ABŞ üçün gələcəkdə ciddi təhlükə daşıyır. Bu gün onların hər ikisi narahatdır ki, əgər Rusiyanı özlərindən uzaqlaşdırsalar, Rusiya birmənalı olaraq Çinlə birləşib Qərb dünyası üçün ciddi problemlər yarada bilər. Ona görə də Rusiya ilə münasibətlər quraraq Moskvanı Çindən uzaqlaşdırmaq istəyirlər”.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 8581