hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 65.79
  • clouds-weather

Dünya yeni böhranla üz-üzə: Kimlər qazanclı çıxacaq?

Dünya yeni böhranla üz-üzə: Kimlər qazanclı çıxacaq?

Nyu-York Universitetinin iqtisadiyyat profesoru Nuriel Rubini, 2020-ci ildə durğunluq riskinin artdığına diqqət çəkib. 

O, yazdığı bir məqalədə durğunluq riski barədə xəbərdarlıq edib. Rubini keçən il 10 potensial risk barədə xəbərdarlıq etmiş və bunların qlobal durğunluğa səbəb ola biləcəyini qeyd etmişdi. İqtisadçı bu siyahıda FED riski yer almasa da, digər 9 riskin hələ də davam etdiyini və daha təhlükəli hala gəldiyini bildirib.

Rubini inkişaf etmiş iqtisadiyyatların yeni bir çətin dövr və maliyyə böhranı qarşısında kafi pul və maliyyə siyasətləri olmadığını dilə gətirib. Ekspert risklərin çoxunun ABŞ-la əlaqəli olduğunu qeyd edərək, Çinlə davam edən ticarət müharibələrinin, xarici birbaşa sərmayə və texnologiya transferlərinin qlobal tədarük zəncirinə əhəmiyyətli təsirlər edə biləcəyini və staqflyasiya (inflyasiya və tənəzzülün(işsizliyin) eyni anda baş verməsi) təhdidini artırdığını vurğulayıb.

Rubini ABŞ-da iqtisadi inkişafda yavaşlama riskinin də daha diqqətə çarpan hala gəldiyini ifadə edib. İqtisadçı ABŞ, Çin və bəzi inkişaf edən ölkələrin borclarının narahatlıq mənbəyi olduğunu, Avropada iqtisadi, siyasi, maliyyə və siyasi risklərinin olduğunun vurğulayıb:

“Tramp xarici siyasətdə, məsələn, İranla bir xarici böhran yarada bilər. Bu da neft şokunu yarada bilər".

FED artıq təhdid deyil

Rubini böhranı başlada biləcək 10-cu faktor olaraq FED-in faiz artırmasını gördüklərini də vurğulayıb: 

“Bir neçə dəfə faiz artırdıqdan sonra FED yanvardan bəri gözləmə mövqeyindədir. İrəliyə baxınca, FED və əksər böyük mərkəzi bankın qlobal iqtisadiyyatda müxtəlif şoklara qarşı faiz endirməsi daha ola biləcəkdir".

2020-də qlobal durğunluğu başladacaq risklər arasında ABŞ-Çin ticarət və texnologiya müharibəsini göstərən Rubini, burada təzyiqin hər an arta biləcəyinə və bu vəziyyətdə dünyanın qlobal böhranın astanasına gələ biləcəyini qeyd edib: “Hazırkı proseslər də biznes, istehlakçı etibarı, sərmayəçi etibarını zədələyir və gərginliyin daha çox artması dünyanı durğunluğa sürükləyə bilər. Özəl və cəmiyyət borcların məbləğinə baxılsa, yeni bir maliyyə böhranı ola bilər".

ABŞ-la Çinin ticarət mövzusunda razılaşacağı ehtimalından getdikcə uzaqlaşdığını ifadə edən iqtisadçı "Onsuz da həssas olan qlobal iqtisadiyyatda durğunluq və böhran riski artır" şərhini verib.

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında yeni maliyyə böhranını iki hissəyə ayırmağın məqsədəuyğun olduğunu deyib. Dünyada gedən trendlər və bunun Azərbaycana təsirləri: 

“Doğrudan da, bu gün dünyada gedən trendlər heç də ürəkaçan deyil. Söhbət tək Amerika və Çin arasındakı ticarət müharibəsindən getmir. Artıq bu məsələyə Hindistan da qoşuldu. Belə ki, Hindistan Amerika Birləşmiş Ştatlarından (ABŞ) idxal olunan 28 adda mal və məhsulun ölkəyə girişinə əlavə vergi tətbiq edib. Yeni vergi rüsumları iyunun 16-dan tətbiq olunmağa başlayıb. Əsasən, alma, İran qozu və badamın rüsumu artırılacaq. Avropa İttifaqı ölkələrində həllini tapmayan bir sıra problemlər var. Britaniyanın Avropa İttifaqından çıxması Avropa iqtisadiyyatının ən azı 0.5 faiz azalmasına səbəb olacağına dair proqnozlar var. Avropa İttifaqı ölkələrində istehsalın artım sürəti heç də proqnozlara uyğun deyil, ÜDM-un artım tempi xeyli zəifləyib. Dünya ticarətinin zəifləməsi bütün ölkələrə mənfi təsir göstərir. 

Yəni ticarət sürətinin zəifləməsi zəncirvarı reaksiya yaradır. Ümumilikdə istehsal sahəsi daralır, iş yerləri azalır, nəticədə işsizlərin sayının artması ehtimalı yaranır, həmçinin dünya iqtisadiyyatında tələbin azalması tendensiyası müşahidə oluna bilər. Bütün bunlar 2020-ci ildə dünya iqtisadiyyatı üçün ciddi təhdidlərin yaranması ehtimalını artırır. Bundan əlavə, Avropa İttifaqı ölkələrində İtaliyanın, İspaniyanın və Portuqaliyanın həm xarici, həm də daxili dövlət borcu artıb. Artıq İtaliyanın dövlət borcu 1 trilyon avroya çatıb. Bu da dünya iqtisadiyyatı üçün əlavə təhdidlər yaradır. Bu, 2020-ci ildə dünya iqtisadiyyatında böhran dalğalarının olması ehtimalını yüksəldən amillərdir”.

“Manatın devalvasiyaya uğraması üçün gözlənilən faktora çevrilir...”

Azərbaycana təsirlərinə gəlincə, ekspert qeyd edib ki, ən böyük təsiri neft qiymətləri ilə bağlı ola bilər: 

“Dünyada istehsalın həcmi azaldıqca və ticarətdə daralmalar müşahidə olunduqca neftə tələbat azalır. Ümumdünya Enerji Agentliyinin son hesabatına əsasən, gələn il dünyada neftə olan tələbatın azalması proqnozlaşdırılır. Əgər bu baş verərsə, ilk növbədə neft qiymətlərinə mənfi təsir göstərəcək. Neft qiymətlərinin düşməsi isə Azərbaycan iqtisadiyyatı üçün əsas təhdid yaradan amildir. Çünki ölkə iqtisadiyyatının, təqribən 90 faizini təbii qaz, neft və neft məhsulları təşkil edir. Təbii qazın qiyməti də dolayısilə neftə bağlıdırsa, 2020-ci ildə baş verən hadisələr neftin qiymətinə ciddi şəkildə mənfi təsir göstərəcək.

Ötən gün Rusiyanın Energetika naziri Aleksandr Novak qeyd edib ki, iyulda OPEC+ razılaşması əldə olunmayacağı təqdirdə neftin bir barelinin qiyməti 30 dollara qədər enə bilər. Bu onu deməyə əsas verir ki, dünyada gedən proseslərin Azərbaycana əsas təsiri neft qiymətləri ilə bağlıdır. Neftin qiymətinin kifayət qədər aşağı düşməsi Azərbaycanda əlavə problemlər yarada bilər. Büdcədə neftin qiymətinin 60 dollardan götürüldüyünü və bu gün neftin qiymətinin kritik həddə, yəni 60 dollar olduğunu nəzərə alsaq, büdcə parametrlərinin yerinə yetirilməsində problemlər yaşana bilər. Həmçinin xarici ticarət dövriyyəsində mənfi saldo yarana bilər. Neftin qiymətinin düşməsinə paralel olaraq manata ciddi təzyiqlər yarana bilər ki, bu da milli valyutanın devalvasiyaya uğraması üçün gözlənilən faktora çevrilər”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 1156