hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Dünyada separatizm artır: Qarşısını kim alacaq?

Dünyada separatizm artır: Qarşısını kim alacaq?

Dağlıq Qarabağdakı işğalçı rejimlə Ukraynanın Donetsk və Luqansk vilayətlərindəki separatçı qurumlar arasında əlaqə yaradılacaq.

Bu barədə özünü Dağlıq Qarabağ Respublikası adlandıran oyuncaq qurumun xarici işlər naziri kimi qələmə verən Mais Mailyan açıqlama verib. Mailyan qeyd edib ki, iyun ayında Donetskdə və Luqanskdakı “xalq respublikaları” ilə rəsmi Xankəndi arasında əlaqələrin qurulması istiqamətində ilk addım atılacaq. İyunun 1-dən 9-dək Xankəndidə tanınmamış respublikaların futbol turniri keçiriləcək. Mais Mailyan bundan sonra DXR və LXR-lə əlaqə quracaqlarını deyib.

Qeyd edək ki, Ermənistan Dağlıq Qarabağdakı rejimin Ukrayna, Gürcüstan və Moldovadakı separatçı qurumların əlaqəsini yaratmaqla işğal etdiyi ərazilərdə mustəqil siyasi subyektin olduğunu nümayiş etdirməyə çalışır. Hətta 2016-cı il sentyabrın 2-də Abxaziyanın vitse-prezidenti Vitali Qabniyanın Xankəndinə səfər edərək Ermənistanın sabiq prezidenti Serj Sarkisyanla görüşməsi Gürcüstanla rəsmi İrəvan arasında diplomatik skandal yaratmışdı. Yəni işğal edilmiş ərazilərdə yaradılmış oyuncaq rejimlər arasında siyasi şəbəkənin qurulması post-sovet ölkələrinə ciddi təzyiq vasitəsi olaraq qalır. Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova kimi ölkələr bir-birinin ərazi bütövlüyünü tanısalar da, sözügedən təhlükənin qarşısını almağın mexanizmləri tamamilə tapılmayıb. Lakin bu təxribatçı addımlardan ərazi bütövlüyü pozulmuş ölkələrə qarşı daha çox Rusiya istifadə edir. Yəni Rusiyanın işğal etdiyi Abxaziya və vətəndaşlıq pasportu payladığı Donetsk və Luqansk separatçıları ilə Dağlıq Qarabağdakı rejim arasında birbaşa əlaqələrin qurulması Kremlin həmin ölkələr təzyiq imkanlarını artırır. Bu da öz növbəsində, münaqişələrin həllini çətinləşdirir.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, ermənilər digər işğal edilmiş və separtçı qurumlarla əlaqə yaratmaqla Dağlıq Qarabağda millətlərin öz müqəddəratını təyin etmək hüququna malik olduqlarını nümayiş etdirmək istəyir:

“Dağlıq Qarabağda separatizm yoxdur. Ermənistanın siyasəti işğal edilmiş əraziləri anneksiya etməkdən ibarətdir. Bu isə ireventizmdir. Yəni Dağlıq Qarabağdakı uydurma rejimin maliyyələşməsi Ermənistanın büdcəsi hesabına həyata keçirilir, seçki sistemi eynidir, hərbi, təhlükəsizlik sistemi eynidir. Onlar, guya ikinci erməni dövlətinin mövcudluğunu göstərmək istəyir. Ona görə də orada hansısa yarışlar keçirilir. Biz bunlara əhəmiyyət verməməliyik. Nəzərə almalıyıq ki, qarşı tərəfdə işğalı təmin edən administrasiya və Ermənistan ordusu dayanıb. Baş nazir Paşinyanın oğlu da işğal olunmuş ərazilərdə hərbi xidmət keçir. Bununla da, onlar həmin ərazilərdə müstəqil ikinci erməni dövlətinin olduğunu beynəlxalq ictimaiyyətə qəbul etdirmək istəyir. Azərbaycan isə işğal edilmiş ərazilərini azad etməlidir. Əgər biz Ermənistan əsgərlərini Azərbaycan torpağından rədd edə bilsək, futbol da olmayacaq”.

Tofiq Zülfüqarov bildirdi ki, Azərbaycanın qarşısında dayanan yalnız Ermənistan deyil, həm də Rusiyadır. Ona görə də, Azərbaycan işğal edilmiş ərazlərlə bağlı Rusiya ilə açıq danışığa getməlidir. Rusiya isə öz mövqeyini birmənalı şəkildə bəyan etməlidir:

“Rusiya Ermənistanın təhlükəsizliyinə təminat verilməsini öz üzərinə götürüb. Rusiyadan soruşulmalıdır ki, Ermənistanın gündən-günə artan ambisiyalarına da təminat verirmiə Rusiya bu suala konkret cavab verməlidir. Əgər bu təminatı vermirsə, o halda, Azərbaycan zərbə endirməli və futbolçular qarışıq hamısını öz torpağından çıxartmalıdır. Soruşmaq lazımdır ki, Rusiya yalnız Ermənistanın təhlükəsizliyinə təminat verir, yoxsa Azərbaycanın işğal olunmuş ərazilərindəki qoşunlarına və ərazi iddialarına da eyni mövqe nümayiş etdirirə Rusiya bu məsələyə dair açıq fikrini bildirməlidir. Əgər Rusiya Dağlıq Qarabağdakı erməni işğalçılarının da təhlükəsizliyinə təminat verirsə, o zaman Azərbaycan rəsmi Moskva ilə strateji əməkdaşlığın mümkün olmadığnı bəyan etməlidir. Əgər Rusiya bu təminatı yalnız Ermənistanın sərhədləri daxilində verirsə, Azərbaycan o halda, nə edəcəyini bilər. Ermənilər özlərini Rusiyaya arxalanıb belə arxayın aparır. Ancaq mən hesab edirəm ki, Rusiya Ermənistana bu təminatları verə bilməz. Əgər verirsə, o zaman Rusiya açıq şəkildə bildirsin. Bu məsələlər xarici siyasətin əsas prioritetləridir və Rusiya diplomatları ilə təmas zamanı bu suallar verilməlidir. Fikrimcə, bu, münaqişənin həlli istiqamətində çox böyük amil olacaq. Rusiya heç vaxt Azərbaycan xalqı ilə düşmənçiliyə getməz. Əgər Rusiya Dağlıq Qarabağdakı işğalçı qüvvələrin təhlükəsizliyinə təminat vermədiyini bəyan etsə, Ermənistan danışıqlara daha həvəslə gedəcək və özlərini daha konstruktiv aparacaq. Rusiya ilə açıq müzakirə Azərbaycanın xeyrinədir. Heç vaxt Rusiya ictimaiyyəti razı olmaz ki, onların əsgəri erməni işğalçılarını müdafiə edərkən gəlib Dağlıq Qarabağda həlak olsun”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 2355