hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Dünyanın gözü neft çəlləyində: Bazarı nə gözləyir?

Dünyanın gözü neft çəlləyində: Bazarı nə gözləyir?

Səudiyyə Ərəbistanına neft nəqlinin bərpası üçün bir həftə lazımdır. 

Səbəb Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət şirkətinin iki neft emalı zavoduna olan hücumdan sonra güclü yanğının başlamasıdır. Belə ki, 14 sentyabrda Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin “Ənsar Allah” hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz təyyarə ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavodda güclü yanğın başlayıb. Səudiyyə Ərəbistanı yanğının artıq lokallaşdırıldığını açıqlayıb. Neft emalı zavodlarındakı partlayış nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb və bu da şirkətin hasilatının 50 faizinə bərabərdir. Bu itki anbarlardakı ehtiyatlar hesabına kompensasiya edilir. Eyni zamanda neft emalı zavodlarındakı yanğın qaz hasilatını da sutkada 2 milyard kub. fut həcmində azaldıb. Bu həcmdə qaz 700 min barel sıxılmış maye qazın istehsalında istifadə edilir. Bununla da ölkənin etan və sıxılmış maye qaz ehtiyatları yarıya qədər azalıb. 

Səudiyyə Ərəbistanındakı məlum yanğın qlobal neft bazarına necə təsir edəcək? 

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev Cebhe.info-ya açıqlamasında deyib ki, Səudiyyə Ərəbistanın həm daxili təminatını ödəməsi, həm də xarici bazarlarda ixrac həcmini sabit saxlaması üçün kifayət qədər imkanları var:

“Səudiyyə Ərəbistanın şərqində yerləşən neft yatağına edilən bu hücumdan sonra orada iş ahəngi pozulub. Yəni həm emal, həm infrastruktur, həm də nəql sahəsinə ciddi ziyan dəyib. Səudiyyə Ərəbistanının mənbələri bunu deyir. Hücumun haradan olması dəqiq məlum deyil. Əslində, hücumun İran, İraq, yaxud Yəmən tərəfindən olduğunu  dəqiqləşdirmək mümkün deyil. İran tərəfi bunu inkar edir. Onların informasiyasına görə, hücum İraq tərəfdən olub. Bir sözlə, bu məsələ ilə bağlı qarışıq məlumatlar var. Amma istənilən halda bu vəziyyət neftin qiymətinə təsir göstərməməlidir. Səudiyyə Ərəbistanı rəsmiləri də bəyan ediblər ki, ixrac həcmlərində azalma baş verməyəcək. Çünki ehtiyat rezervlərdən istifadə edəcəklər. Səudiyyə Ərəbistanının hazırda 188 milyon barel kommersiya təyinatlı neft ehtiyatları var. Bu ehtiyatların bir hissəsi Səudiyyə Ərəbistanında, bir hissəsi Misirin "Sidi-Kerir" terminarında, digər hissəsi Niderlandın Roterdam terminalında, başqa bir hissəsi isə Yaponiyanın "Okinava" terminalında saxlanılır. Əgər Səudiyyə Ərəbistanının ixrac terminallarında da bir problem yaranarsa, onda ixrac həcmləri adını çəkdiyim terminallar vasitəsilə kompensasiya ediləcək. Eyni zamanda Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahillərində Yanba terminalında da kifayət qədər neft həcmi var. Çünki bir neft emalı zavodu Yanbada, yenilənmiş digər neft emalı zavodu isə Səudiyyə Ərəbistanının şərq sahillərində, Birləşmiş Ərəb Əmirliklərinə yaxın ərazidədir. Səudiyyə Ərəbistanın əsas enerji qaynaqları buradadır”. 

Ekspertin sözlərinə görə, əslində neft bazarında əsassız ajiotaj yaranıb: 

""Brent" markalı Etalon neftinin qiyməti 67-68 dollar arasında dəyişir. Amma OPEC-in "neft səbəti"nin qiyməti 60 dollardır. Yəni bazar iştirakçıları buna ciddi diqqət yetirməyəcəklər. Əgər doğrudan da qəzanın nəticələri çox böyükdürsə, bunun aradan qaldırılması kifayət qədər vaxt tələb edəcək, onda neftin qiyməti yüksələcək. Ötən həftənin sonuna kimi neftin qiyməti 60 dollar idisə, indi 67-68 dollara qalxa bilər. Həmçinin, OPEC daxilində 2,5 milyon barel ehtiyat, hasilat gücü var. Bunun 1,2 milyon bareli Səudiyyə Ərəbistanına, qalan hissəsi isə digər ixracatçı dövlətlərə aiddir. Birləşmiş Ərəb Əmirliyinin, Küveytin, eləcə də İraqın ixrac həcmlərini artırmaq imkanı var. Əgər bu ajiotaj çox davam edəcəksə, onda OPEC və OPEC-dən kənardakı ölkələrin Vyana sazişi çərçivəsində müəyyən edilmiş kvotalardan kənara çıxma ehtimalları güclənəcək. Məsələn, İraq ixrac həcmlərini artıracaq. Avqust ayında İraqda neft hasilatı 4,8 milyon barel olub. Eyni zamanda avqustda həm Səudiyyə Ərəbistanı, həm Birləşmiş Ərəb Əmirliyi, həm İraq, həm də İran ixrac həcmlərini artırıb. İranın hazırda ehtiyatda kifayət qədər neft həcmi var. Analitiklər bəyan edilər ki, İranın terminallarında və üzən gəmilərində haradasa 60-65 milyon barel neft ehtiyatları saxlanılır. Onların da bazara daxil olma imkanları hər an mümkündür. Hələlik Səudiyyə Ərəbistanında məlum qəzanın həqiqətən baş verib-verməməsini aydınlaşdırmaq lazımdır. Bu, bazara buraxılan dezinformasiyadır, ya yox? Bunu dəqiqləşdirmək mümkün deyil. Çünki onların verdiyi məlumata görə, bir neçə ay əvvəl də Səudiyyə Ərəbistanın neft obyektlərinə dron hücum olmuşdu. Nəticələr qısa müddətdə aradan qaldırıldı”. 

Ekspert bildirib ki, Səudiyyə Ərəbistanın həm daxili təminatını ödəməsi, həm də xarici bazarlarda ixrac həcmini sabit saxlaması üçün kifayət qədər imkanları var: 

“Əlavə olaraq Səudiyyə Ərəbistanında 90 milyon barelə yaxın neft ehtiyatları var. Yəni neft və xam neft ehtiyatları bir arada 285 milyon bareldir. Belə olan halda, qiymət yüksəlməsinə heç bir əsas yoxdur”. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 1365