hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

Dağlıq Qarabağ üçün Kosovo presedenti

Dağlıq Qarabağ üçün Kosovo presedenti

Serbiya prezidenti Aleksandr Vuçiçin Kosovonun müstəqilliyini tanıması separatçı münaqişələr problemi ilə üzləşmiş və ərazisi işğal olunmuş post-sovet ölkələrində narahatlıqla qarşılanıb. 

Xatırladaq ki, Aleksandr Vuçiç parlamentə müraciətində deyib: “Serbiya Kosovodakı vəziyyətə nəzarəti itirdiyini qəbul etməlidir”. Onun sözlərinə görə, yalan və özünüaldatmaya davam etməkdənsə, Kosovo və Metoxiyada Serbiya hökumətinin olmadığını qəbul etmək lazımdır. Vuçiç, həmçinin bildirib ki, hökumət Kosovo ilə gələcək münasibətini müəyyənləşdirməlidir: münaqişənin dondurulmasını saxlamaq, yoxsa tanınmamış respublika ilə əlaqələri inkişaf etdirmək?

Prezident özü Kosovo ilə əlaqələr qurmaq və münasibətləri yaxşılaşdırmaq tərəfdarı olduğunu bildirib. Vuçiçin Kosovo və Metoxiyadaki vəziyyətlə əlaqədar xalqa və parlamentə müraciəti iki saatdan çox davam edib. Çıxışında o, bu məsələdə göstərdiyi köməyə görə, Rusiyaya və şəxsən Vladimir Putinə təşəkkürünü bildirib. Prezidentin sözügedən bəyanatından sonra Kosovoda yaşayan serblər küçələrə çıxaraq etiraz aksiyası keçirməyə cəhd edib. Serb millətçiləri ilə albanlar arasında baş verən toqquşmada bir neçə nəfər yaralanıb. Serbiya prezidentinin açıqlaması Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Krım, Donetsk, Luqansk vilayətləri, Dnestryanı bölgələrdə yaşayan separatçıları müstəqilliyə ruhlandırmaq üçün mənfi presedent yarada bilər. Beynəlxalq ictimaiyyət Kosovonun statusunu post-sovet ölkələrindəki işğal olunmuş ərazilərdəki separatçı rejimlərlə eyniləşdirməyi düzgün hesab etmir. Ancaq son hadisələr ermənilərin və digər işğalçı rejimlərin münaqişənin həllinə mane olması üçün ciddi spekulyasiya vasitəsinə çevrilə bilər. 

Qeyd edək ki, Ermənistan indiyə qədər Kosovonun müstəqilliyini tanımayıb. Buna səbəb Serbiyanın Rusiya ilə strateji müttəfiqlik münasibətlərinə malik olmasıdır. Rəsmi İrəvan isə Rusiyanın maraqlarına zidd addım atmayaraq Kosovo məsələsində susmağa üstünlük verib. Lakin Serbiya Kosovonun müstəqilliyini tanıması çox güman ki, Ermənistanın mövqeyində fəallaşma ilə müşahidə olunacaq. Ancaq BMT-nin, Avropa Parlamentinin, Avropa Şurasının, ATƏT-in və ABŞ Dövlət Departamentinin qəbul etdiyi bütün sənədlərdə Dağlıq Qarabağ Azərbaycanın işğal olunmuş ərazisi kimi tanınıb. Eləcə də,  Gürcüstanın, Ukraynanın və Moldovanın ərazisindəki münaqişələr işğal faktı adlandırılıb. Bu baxımdan, beynəlxalq təşkilatların Kosovo və Metoxiyanın statusunu post-sovet ölkələrinə tətbiq edəcəyi real görünmür. Əks təqdirdə, bu, Qərbin Şərqi Avopada və Cənubi Qafqazdakı maraqlarını zərbə altına qoyması, prosesin Rusiyanın xeyrinə dəyişməsi ilə nəticələnə bilər. Digər tərəfdən, Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Krım, Donetsk, Luqansk və Dnestryanı bölgələrdən fərli olaraq, Kosovo Yuqoslaviya İttifaqındakı respublikalardan birinin tərkibində vilayət statusuna malik olmayıb. 1971-ci ildə Yuqoslaviya rəhbərliyinin qərarı ilə keçirilmiş referendum əsasında Kosovo digər respublikalarla yanaşı, altıncı bərabərhüquqlu üzv status qazanıb. Ona görə də Yuqoslaviyanın dağılması zamanı digər respublikalar kimi, Kosovo və Metoxiya da müstəqillik əldə etmək imkanı qazandı. Dağlıq Qarabağ və adları çəkilən digər vilayətlər isə SSRİ-nin dağılmasından sonra beynəlxalq hüquqda Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın ərazisi kimi qəbul olunub. Bu baxımdan, həmin münaqişələrlə Kosovo və Metoxiyanı eyniləşdirmək mümkün deyil. 

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədovun sözlərinə görə, Avropa ailəsinin təhlükəsizliyi məsələsi indi bu qitənin sakinlərini daha çox düşündürür. Avropa Parlamentinə keçirilmiş son seçkilərdə müşahidə olunan fəallıq da bunun əlamətidir: 

“Bütün bunlar göstərir ki, Avropanın ərazisində münaqişələr dövrü XX əsrin sonunda bitib. Avropa öz ərazisində yeni savaş istəmir. Serbiya prezidentinin açıqlaması da Avropa Birliyinin təzyiqləri nəticəsində baş verir. Yəni Avropa Birliyi açıq mesaj verir ki, Kosovo dövlət olaraq artıq qəbul olunub. Amma Kosovo modeli digər ölkələr üçün şamil olunmur. Kosovonun statusu Dağlıq Qarabağda, Abxaziyada, Cənubi Osetiyada, Donetsk, Luqansk, Krım, Dnestryanı bölgələrdə yaradılmış yumoristik, oyuncaq rejimlərə şamil edilə bilməz. Çünki Kosovo həmin bölgələrdən fərli olaraq işğal edilməyib və öz tarixi torpaqları üzərində xalqın müqəddəratı nəticəsində yaranmış bir dövlətdir. Bu dövlət ABŞ və Avropa Birliyi tərəfindən dəstəklənir. Post-sovet məkanındakı separatçı rejimlər isə işğal olunmuş ərazilərdir. Kosovoda say çoxluğu və idarəetmə serblərə məxsus deyil. Ancaq keçmiş SSRİ ölkələrindəki münaqişələrdə işğalçı qüvvələr yerli xalq üzərində idarəetməni güc yolu ilə ələ alıb. Serbiya Kosovonun müstəqilliyini qəbul etmək məcburiyyətindədir. Çünki Serbiyanın Rusiyayönümlü olması Avropa Birliyindən təcrid olunmasına, maliyyə dəstəyindən məhrum edilməsinə gətirib çıxarır, turizmin inkişafına mane olur. Serbiya prezidentinin Kosovonun müstəqilliyini de-fakto qəbul etməsi də bunun göstəricisidir. Kosovodakı qarşıdurmalar zamanı Rusiyalı diplomatik korpusunun nümayəndələrinin saxlanılması bu təxribatda Moskvanın əlinin olmasına dəlalət edir. Serbiya Kosovaya qarşı Rusiyanın təsirinin daha güclü olduğunu düşünürdü. Lakin Avropa Birliyində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rolu daha genişdir. Rusiya mövqeləri geriyə doğru sıxıldıqca qonşu ölkələrdəki separatçı rejimləri tanıya bilər. Bu baxımdan, Rusiya Dağlıq Qarabağ məsələsi üçün təhlükə təşkil edir. Lakin beynəlxalq münasibətlər sistemində Dağlıq Qarabağın Kosovo kimi Ermənistan və Rusiya tərəfindən müstəqil subyekt kimi tanınması qəbul olunmayacaq. Azərbaycan dövləti Dağlıq Qarabağ məsələsini regional müstəvidən çıxartmalı və qlobal səviyyədə müzakirə predmetinə çevirməlidir. Lakin Dağlıq Qarabağ və Kosovo bir-birinə tamamilə zidd olan məsələlədir”.

Ekspert onu da bildirdi ki, Kosovonun müstəqilliyinin Serbiya tərəfindən tanınması yaxın on il ərzində Rusiyanın bölgədəki geosiyasi dayaqlarının sıxışdırılıb çıxarılması ilə nəticələnəcək. Şimali Makedoniyanın NATO üzvlüyünə qəbulundan sonra Serbiyanı alyansın əhatə dairəsinə salacaq ki, bu da Rusiyanın Avropadakı mövqelərinin sarsılması deməkdir. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 4170