hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Dahi satirik şair Mirzə Ələkbər Sabirin anım günüdür

Dahi satirik şair Mirzə Ələkbər Sabirin anım günüdür

Azərbaycanın dahi satirik şairi Mirzə Ələkbər Sabirin anım günüdür.

Cebhe.info-nun məlumatına görə, Mirzə Ələkbər Sabir Tahirzadə Şirvani 1862-ci ildə Şamaxı şəhərində anadan olub. Ələkbər kiçik yaşlarından imam Əli (ə) haqqında əzbər şeirlər deyir, namaz qılır, oruc tuturdu. Onu səkkiz yaşında ikən fallaqanın dəbdə olduğu molla məktəbinə qoyurlar.

Bir müddət sonra Ələkbər zəmanəsinin böyük şairi və mütəfəkkiri Seyyid Əzim Şirvaninin məşhur "Üsuli-cədid" məktəbinə qəbul olunur.

Böyük maarifçi sənətkar və müəllim Seyyid Əzimin 1867-ci ildə təsis etdiyi bu məktəb tədrisin üsulu, proqramı və uşaqlara aşıladığı ovqatı etibarilə mollaxanalardan əsaslı surətdə fərqlənirdi. Ələkbər 12 yaşında təhsilini davam etdirmək üçün Şamaxı Ruhani Məclisi nəzdindəki məktəbdə oxumağa başlayır. Seyyid Əzimin xeyir-duası ilə ilk şeirlərini yazır, fars dilindən bəzi tərcümələr edir.

Baqqal atası Ələkbəri dükanda ona kömək edən oğul kimi görmək istəyir, onu məktəbdən ayırmağa çalışır.

1884-cü ildə Sabir atasının razılığı və xeyir-duası ilə Xorasana, İman Rza ziyarətinə gedir. Maraqlıdır ki, Sabir Şamaxıdan çıxıb birbaşa Məşhədə ziyarətə gedib-qayıtmamış, müəyyən fasilələrlə Səbzəvar, Nişabur, Xorasan, Buxara, Səmərqənd və digər Yaxın Şərq, Orta Asiya şəhər və vilayətlərində olmuş, bir qədər fasilə ilə İraqa gedib Kərbəlanı da ziyarət etmişdi. Atasının vəfatı barədə məlumat alan Sabir səyahətini yarımçıq qoyub doğma yurda qayıdır.

1906-cı ilin aprel ayında Tiflisdə "Molla Nəsrəddin" jurnalının nəşrə başlaması bir şair kimi Sabirin yaradıcılıq həyatında yenidən doğulmasına təkan vermişdi. O, 1908-ci ildə Bakıda, Quberniya ruhani idarəsindəki xüsusi komissiya qarşısında imtahan verib şəriət, Azərbaycan dili, fars dili və hüsni-xətdən dərs demək üçün müəllimlik hüququ qazanır. Bu hüquq Tiflisdə Qafqaz Müsəlmanlarının Ruhani idarəsindən aldığı attestatla təsdiq olunur.

1910-cu ilin əvvəllərində Bakıya gələn Sabir Balaxanı məktəbində Azərbaycan dili və şəriət müəllimi olur, axşamlar şəhərdə çıxan qəzetlərin mətbəəsində mürəttib, korrektor kimi çalışır, şeirlərini Bakı mətbuatında nəşr etdirir.

Lakin səhhəti ağırlaşan şairi müalicə olunmaq üçün Tiflisə aparırlar. C.Məmmədquluzadə və arvadı Həmidə xanım şairi xəstəxanaya getməyə qoymur, həkim gətirib öz evlərində müalicə etdirirlər. Amma cərrahiyyə əməliyyaına razılıq verməyən M.Ə.Sabir Şamaxıya qayıdır və 1911-ci il iyulun 12-də dünyasını dəyişir. Sənətinin pərəstişkarları onu Şamaxının ''Yeddi Güşə" qəbiristanlığında dəfn edirlər.

Əhməd
Cebhe.info


Oxunma sayı: 1046