hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

Davudoğlu Ərdoğana üsyan etdi: AKP parçalanma yolunda -ŞƏRH

Davudoğlu Ərdoğana üsyan etdi: AKP parçalanma yolunda -ŞƏRH

Vüqar Zifəroğlu: “Siyasi islamçlar estafeti əllərindən vermək istəmir”

Türkiyənin keçmiş baş naziri və prezidentin yaxın müttəfiqi Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasını ötən ay keçirilən bələdiyyə seçkilərindəki uğursuzluğuna görə sərt tənqid edən bəyanatla çıxış edib. Əhməd Davudoğlu vəzifəsini üç il bundan əvvəl tərk edəndən bəri ictimaiyyət arasında görünmürdü. Amma o qəfil bəyanatında üzvü olduğu AKP-nin iqtisadi siyasətini, media üzərinə qoyulmuş məhdudiyyətləri və Türkiyədə hakimiyyət qolları arasındakı balansın pozulmasının ölkəyə vurduğu ziyanı sərt şəkildə tənqid atəşinə tutub. Partiyasının görkəmli simalarından biri olan Davudoğlu 2014-2016-cı illərdə baş nazir olub və bu vəzifəsini prezident Ərdoğanla aralarında yaranmış narazılığa görə tərk edib. O vaxt media Davudoğlunun əslində istefaya məcbur edildiyini yazırdı.

Əhməd Davudoğlu Milliyyətçi Hərəkat Partiyası ilə qurulmuş ittifaqın martın 31-də keçirilmiş bələdiyyə seçilərində AKP-yə uğursuzluq gətirdiyini deyib: “Seçkinin nəticələri müttəfiqlik siyasətinin bizim partiyaya vurduğu ziyanı, həm seçici sayında, həm də partiyanın kimliyi məsələsində ortaya qoydu”. Sabiq baş nazirin 15 səhifəlik bəyanatı hələlik lirənin kursuna təsir göstərməyib. Əhməd Davudoğlu bildirib ki, AKP status kvo-nun saxlanması üçün özünün islahatçı və liberal mənliyini son illərdə daha süst, təhlükəsizliyə ifrat yönəlik yanaşma ilə əvəz edib. O habelə qeyd edib ki, son illərdəki iqtisadi siyasət ölkəni azad bazar prinsiplərindən uzaqlaşdırıb. Davudoğlu bəyan edib ki, ölkənin inkişafı üçün zəruri olan qlobal investorların hürküdülməsi Türkiyəni dalana dirəyib. Onun sözlərinə görə, Türkiyə iqtisadiyyatı 2018-ci ilin son rübündə resessiyaya daxil olub və valyuta böhranı lirəni 35 faiz dəyərdən salıb: “İqtisadi böhran administrasiyanın böhranından yaranıb. İqtisadi siyasət qərarları reallıqdan uzaqlaşdıqca administrasiyaya olan etimad da yoxa çıxır”.

Əhməd Davudoğlu hakimiyyətdəki qohumbazlığı da tənqid edib. O bildirib ki, kadrlar onların şəxsi əlaqələrinə görə yox, şəxsi səriştə və keyfiyyətinə görə təyin edilməli idi. Ə.Davudoğlu partiya daxilində islahatların aparılmasını vacib sayıb: “Mən bütün partiya başçılarımızı və əlaqədar qurumları bu məsələləri, həmçinin gələcəyə baxışımızı ağıllı və soyuq başla nəzərdən keçirməyə çağırıram”.

“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlunun fikrincə, bələdiyyə seçkilərindən sonra Əhməd Davudoğlnun belə bir açıqlama verəcəyi gözlənilən idi. Bu isə Türkiyədə yeni bir sağ mərkəzçi siyasi partiyanın yaranmasına gətirib çıxara bilər: “Hələ Əhməd Davudoğlu baş nazir postundan istefaya göndərildiyi zaman siyasi kuluarlarda belə söhbətlər dolaşırdı ki, Türkiyə siyasi elitası yeni partiyanın yaranmasının şahidi ola bilər. Burada həm Əhməd Davudoğlunun, həm də Abdulla Gülün adları hallanırdı. Bələdiyyə seçkilərində AKP üçün arzuolunmayan nəticələr bu məsələni gündəmə gətirdi. Türkiyədə sag mərkəzçi cameədə yeni bir siyasi qüvvənin dünyaya gəlməsi ilə bağlı anonslar var idi. Davudoğlunun belə sərt açıqlama ilə çıxış etməsi AKP-nin tabanında siyasi fikir ayrılıqlarının olmasından xəbər verir. Ümumiyyətlə, AKP-nin yaranma genezisi sağ mərkəzçi və dindar elektoratın təməli üzərində dayanmış bir elektoratı görürdük. Fətullah Gülənlə bağlı qarşıdurmalar AKP-nin pəhbərliyində müəyyən ayrılıqlara gətirib çıxartdı. İkinci səbəb, Türkiyə siyasi palitrasında ANAP və DYP-dən sonra MHP istisna olmaqla sağ mərkəzdə boşluğun yaranması idi. Bu da AKP-yə bütün elektoratı öz ətrafında cəmləməyə imkan verirdi. Ancaq ABŞ-ın Türkiyəyə qarşı iqtisadi təzyiqlərinin artması, digər tərəfdən AKP-də fikir ayrılığının meydana çıxması, FETÖ ilə bağlı məsələlər hakim elitada siyasi çatların yaranmasına gətirb çıxartdı. Artıq bu çatlar özünü açıqlamalar şəklində büruzə verməyə başlayıb. Ona görə də bzi siyasi islam tərəfdarlarını öz ətrafında toplaya biləcək yeni bir siyasi partiyanın yaxın gələcəkdə elan edilməsinin şahidi ola bilərik. Amma Davudoğlunun iddia etdiyi kimi, MHP ilə koalisya AKP-yə ziyan gətirmədi. Əksinə, AKP iç Anadoluda uğurlarını məhz MHP-nin dəstəyilə qazandı. Yaxud iqtisadiyyatda yaranmış problemlərin yaranması Türkiyənin son illər yürütdüyü Yaxın Şərq siyasətinə, Suriya məsələsində Rusiya və İranla ittifaq qurmasına görə ABŞ-ın göstərdiyi təzyiqlərlə bağlıdır. 2016-cı ildən özünü göstərən siyasi boşluq Türkiyədə yeni bir siyasi partiyanın yaranmasını zəruri edirdi. Artıq bu proses başlayıb. Bu proses Atatürkçü-milliyyətçi kəsimdə gözlənilsə də görünür, siyasi islam tərəfdarları daha fəal tərpənərək estafeti əllərindən buraxmaq istəmir”.

Müşfiq Abdulla

Cebhe.info


Oxunma sayı: 1620