hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Deputat Cavid Osmanov:“Gələcəkdə icra hakimiyyətlərinin ləğvini proqnozlaşdırmaq olar” -MÜSAHİBƏ

Deputat Cavid Osmanov:“Gələcəkdə icra hakimiyyətlərinin ləğvini proqnozlaşdırmaq olar” -MÜSAHİBƏ

Son vaxtlar cəmiyyətin inkişafında müsbət tendensiyalar müşahidə olunur. Şəffaf siyasi mühitin yaranması, iqtidar-müxalifət təmaslarının artması, koronavirus epidemiyası ilə mübarizədə milli həmrəyliyin nümayiş olunması gələcəyə ümidləri artıran faktorlardır. Korrupsioner məmurlara qarşı mübarizənin intensivləşməsi də cəmiyyətin diqqət mərkəzində olan, rəğbətlə qarşılanan hadisədir.

Baş verənlərə tanınmış ziyalıların, xalqı təmsil edən millət vəkillərinin yanaşması maraqlıdır.

Cebhe.info-nun müsahibi Milli Məclisin deputatı Cavid Osmanovdur.

“Xəbərdarlıqdan düzgün nəticə çıxarmayan məmurlar cəzalandırıldılar”

-Cavid müəllim, ilk olaraq son günlərin əsas müzakirə mövzusu olan rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə ilə bağlı fikirlərinizi bilmək istəyirik. Cəmiyyət və ictimai-siyasi təşkilatlar bu prosesə birmənalı dəstəyini ifadə etdi. Bu prosesi siz necə qiymətləndirirsiz? Sizcə, proses davamlı olacaqmı?

-Azərbaycan müstəqillik əldə etdikdən sonra hüquqi dövlətin qurulması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sovetlər Birliyi dağılmış, ölkə müstəqilliyini əldə etmiş, lakin güclü dövlət yaranmamışdı. Ulu öndərin apardığı siyasət hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təbii ki, Azərbaycanda ölkə Prezidenti İlham Əliyevin tapşırığı əsasında rüşvətxorluq və korrupsiyaya qarşı ciddi və amansız tədbirlər həyata keçirilir. Son zamanlar bu məsələ daha da aktuallaşıb. Prezident bir neçə dəfə həm məmurlara xəbərdarlıq edib, korrupsiya və rüşvətxorluğun ölkə iqtisadiyatına, inkişafına ciddi zərər vurmasını bir neçə dəfə qeyd edib. Amma görünür, bəzi məmurlar bundan düzgün nəticə çıxarmayıb. Ona görə də Azərbaycanda hüquq-mühafizə orqanları, Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi bu sahədə ciddi addımlar atdı və bir neçə icra başçısı həbs olundu. Onlardan aşağı ranqda olan digər bir neçə məmur da həbs olundu. Eyni zamanda, mərkəzi icra orqanlarında bir sıra məmur saxlanıldı. Bunlar da ölkəmizdə həyata keçirilən islahatlara, struktur dəyişikliklərinə və ümumilikdə Prezidentin siyasi xəttinə mane olurdu. Ona görə də xəbərdarlıqdan düzgün nəticə çıxarmayan məmurlar cəzalandırıldılar. Təbii ki, bunu alqışlayırıq, dəstəkləyirik. Bu, bütün xalqın ürəyindən xəbər verir. Gələcəkdə bu halların davam etməsi heç də istisna deyil. Çünki ölkədə aparılan siyasətə xəyanət edən, korrupsiya və rüşvətə bulaşan insanlar bu komandada ola bilməz. Bu korrupsiya, rüşvətxorluq halları Azərbaycan vətəndaşını narazı salan, eyni zamanda ölkəmizin inkişafına mane olan ən başlıca amillərdən biridir.

“İcra hakimiyyətlərinin ləğvi aktual deyil”

-Milli Məclisə deputat seçilməzdən əvvəl Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini olmusunuz. İcra hakimiyyətlərinə daha çox bələdsiniz. Ümumiyyətlə, bu strukturun fəaliyyətini qənaətbəxş hesab etmək olarmı? Təklif olunur ki, icra hakimiyyətləri ləğv edilsin və bələdiyyələrin fəaliyyəti gücləndirilsin. Bunun effekti olarmı?

-Milli Məclisə seçilməmişdən əvvəl 10 il ərzində icra başçısının birinci müavini vəzifəsində çalışmışam. Onu qeyd edim ki, əgər bir neçə icra başçısı həbs olunubsa, bu, o demək deyil ki, bütün icra hakimiyyətlərində vəziyyət analoji xarakter daşıyır. İcra hakimiyyətləri ölkənin taleyüklü məsələlərində çox ciddi işlər həyata keçiriblər. Prezidentin siyasətini uğurla həyata keçirən icra hakimiyyəti orqanları da var. Onlar rəhbərlik etdiyi rayonlarda insanların sosial müdafiəsinin gücləndirilməsi, yeni investisiyanın bölgələrə gətirilməsi və bir çox sahələrdə çox ciddi tədbirlər görürdülər. Hesab edirəm ki, bu gün icra hakimiyyətlərin ləğv olunması, səlahiyyətlərinin bələdiyyələrə verilməsi məsələsi aktual deyil. Azərbaycanda bələdiyyə qurumlarının təxminən 20 yaşı var. Bildiyiniz kimi, ilk dəfə 1999-cu ildə ölkədə bələdiyyə seçkiləri keçirilib. Hər keçən dövrdə bələdiyyələrin inkişafı üçün Milli Məclisdə yeni qanun layihələri müzakirə olunur. Bilirik ki, bir sıra ölkələrdə bizdəki kimi yerli icra hakimiyyəti orqanları mövcud deyil. Amma bir neçə icra başçısının həbs olunması bütün icra hakimiyyətlərində eyni vəziyyətin olduğunu deməyə əsas vermir. Təbii ki, istənilən sahədə nöqsan var. Onda belə çıxır ki, Mədəniyyət Nazirliyində kimsə həbs olundu bu qurum ləğv olunsun... Eyni zamanda, Dövlət Sərhəd Xidmətində kimsə həbs olundusa, bu qurumun səlahiyyətləri başqa quruma verilsin. Hansısa mərkəzi icra hakimiyyəti orqanının yerli şöbəsində hansısa bir məmur rüşvətxorluqla bağlı həbs olunursa, o demək deyil ki, həmin qurum ləğv olunmalıdır. Bu fikirlə mən razılaşmıram. Təbii ki, gələcəkdə icra hakimiyyətlərinin ləğv olunmasını proqnozlaşdırmaq olar. Amma bugünkü idarəetmədə icra hakimiyyətlərinin funksiyaları önəmlidir, vacibdir. İnanıram ki, bundan sonrakı dövr ərzində icra hakimiyyətlərində belə hallar baş verməz.

“Söyüşlə xalqımızın siyasi iradəsini qıra bilməzlər”

-Son zaman Milli Məclisdə radikal müxalifətə qarşı sərt təndiqi çıxışlar etməklə gündəmə gəldiniz, sosial şəbəkədə Milli Şura tərəfdarları tərəfindən tənqid atəşinə tutuldunuz.

-Bildiyiniz kimi, mən Yeni Azərbaycan Partiyasının üzvüyəm və namizədliyi bu partiya tərəfindən irəli sürülmüş millət vəkiliyəm. Milli Şura deyilən qurum və onun ətrafında cəmləşənlər isə xəyanətkar insanlardır. Bu insanlar, elə Əli Kərimli başda olmaqla 1990-cı illərin əvvələrindən xəyanət yolunu tutmuşdular. 27 ildir ki, onlar xalqa xəyanət edirlər. Ölkəmizə qənim kəsilmiş ermənipərəst qüvvələrin diktəsi altında fəaliyyət göstərirlər. Çünki bu qurum ölkəmizin heç bir milli məsələsində öz dəstəyini göstərməyib. Elə sonuncu koronavirus pandemiyası dövründə dünyanın heç bir ölkəsində bu gün müxalifət iqtidar mövqeyi qalmayıb. Bütün qüvvələr birləşib. Təbii ki, postpandemiya dövründə yenə müxalifət də olacaq, o birisi də. Amma ən ağır dövrdə belə bunlar yenə də həyata keçirilən tədbirləri qərəzli yanaşırsa, insanları müxtəlif bəhanələrlə aldadıb müəyyən çağırışlar edirlərsə, deməli bunlar bizi istəməyən dairələrin çaldığı mahnıya oynayırlar. Koronavirus pandemiyasına qarşı aparılan mübarizədə bütün inkişaf etmiş ölkələrin liderləri Prezident İlham Əliyevə təşəkkür edirlər. Bu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşündə də bunu gördük. Eyni zamanda, Qoşulmama Hərəkatının konfransında da bunun şahidi olduq. Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri bir neçə dəfə məktubla və video-konfras vasitəsilə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Bununla yanaşı ölkəmiz bu mübarizədə təkcə milli ruhda deyil, eyni zamanda regional və qlobal xarakterdə də çıxış etdi və iki dəfə ÜST-ə 5 milyon vəsait ayırdı ki, bu virusdan ən çox əziyyət çəkən Afrika, Asiya ölkələrinə yardım edilsin.

Milli Şura və bu qurumun ətrafında olan qüvvələr hər zaman Azərbaycanda keçirilən beynəlxalq tədbirlərə qərəzli yanışıblar. Bu qurumun keçirdiyi son video-konfranslar göstərdi ki, onlar bu xalqa necə nifrət edirlər. Açıq-aşkar onların sözünü deməyən insanları təhqir edirlər. Təbii ki, bunların da yalanlarının ifşa olunması üçün həm Milli Məclisdə, həm də müxtəlif yerlərdə saytlar vasitəsilə biz bunu insanlara çatdırmalıyıq. Azərbaycan xalqı təbii ki, bunların kim və nə olduqlarını yaxşı bilir. Başda Əli Kərimli olmaqla Milli Şura liderləri: Cəmil Həsənli, Sevinc Osmanqızı, Qənimət Zahid və digləri vətən xainləri, Azərbaycan xalqının düşmənləridir. Milli Şura Azərbaycanda Ermənistanın səfiriliyi, Əli Kərimli isə səfiri funksiyasını yerinə yetirir. Bu mövqedən mən də onları tənqid etmişəm. Dəfələrlə Milli Məclisdə mən bu məsələlərə toxunmuşam. Ondan əvvəlki dövrlərdə də müxtəlif tədbirlərdə onlara qarşı sərt tənqidi çıxışlar etmişəm və bu bundan sonra da belə davam edəcək. Onlar isə nəinki məni tənqid etdilər, öz bildikləri şəkildə təhqir etdilər. Onların bildikləri yalnız təhqirdir, şərdir, söyüşdür. Bunların öz aralarında ünsiyyət forması da bundan ibarətdir. Milli Şura üzvləri öz aralarındakı ünsiyyət forması da söyüş və təhqirin üzərində qurulub. Bu, onlar üçün normal bir haldır. Ona görə də düşünməsinlər ki, təhqirlər, söyüşlə xalqımızın siyasi iradəsini qıra bilərlər. Xalq ölkə prezidentinin siyasətini dəstəkləyir. Hər zaman onun ətrafında sıx birləşib.

“Siyasi dialoqu ölkənin inkişafına təkan verəcək amil kimi qiymətləndirirəm”

-İqtidar müxalifətlə dilaloq təşəbbüsü göstərdi və proses hazırda da davam edir. Bu prosesi necə qiymətləndirirsiz? Prosesin yekunu nə ilə nəticələnəcək?

-Mən hakim partiyanın üzvüyəm. Çox cəsarətlə deyirəm ki, hər bir ölkədə konstruktiv və sağlam müxalifətin olması o ölkənin inkişafına daha da dəstək ola bilər. Ağıllı təkliflər, ölkəmizin taleyüklü məsələlərində özlərinin mövqeyi ilə və digər məsələlərlə ölkənin inkişafına xidmət edə bilərlər. Son zamanlar ölkəmizdə iqtidar-müxalifət dialoqları müsbət qarşılanır. Müxalifət partiyalarının əksəriyyəti bu prosesdə iştirak edir. Sadəcə, radikal müxalifət görüşlərdən imtina edib. Çünki onların deməyə sözü yoxdur. Onların heç bir etik qaydalara sığan ünsiyyət formaları belə yoxdur. Yəqin ki, onların ünsiyyət formaları olmadığından, utandıqlarından prosesdə iştirak etmirlər. Ümumilikdə mən iqtidar-müxalifət dialoqunu müsbət qiymətləndirirəm. Azərbaycan dünyəvi və hüquq dövlətdir, demokratik addımlarla inkişaf edir. Təbii ki, bu da ölkəmizin inkişafında növbəti bir mərhələdir. Ölkədə demokratiyanın, insan haqlarının nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Gələcəkdə də yalnız və yalnız ölkənin ümumi inkişafına təkan verəcək amil kimi qiymətləndirirəm.

“Mənə xaricdə əməliyyat olmaq üçün müraciət edirlər”

-Cəmiyyətdə belə bir fikir formalaşıb ki, deputatlar heç bir problem həll etmir. Artıq ikinci dəfə Milli Məclisə seçilirsiz. Sizə seçicilər tərəfindən ünvanlanan şikayətlər olurmu? Bu müraciətlərdən həllini tapmayan əsasən hansı şikayətlər olur?

-Elə deputatların fəaliyyətinə də kölgə salmağa çalışanlar da elə bayaq dediyim anti-milli qüvvələrdir. Onlar deputatların heç kimə xeyri dəymədiyini göstərməyə çalışırlar. Amma bu tamamilə yanlış bir fikirdir. Çünki Milli Məclisin deputatları ölkənin və təmsil olunduğu bölgənin inkişafı üçün bir çox məsələləri elə parlamentin iclaslarında, xüsusilə də Nazirlər Kabinetinin hesabatında, dövlət büdcəsinin qəbulu zamanı o məsələləri qaldırırlar. Görürük ki, qaldırılan məsələlərin əksəriyyəti də dövlət tərəfindən nəzarətə götürülür və həyata keçirilir. Milli Məclisin deputatının xüsusi bir fondu, hansısa bir maliyyə yeri yoxdur ki, ordan götürüb kimlərəsə yardım etsin. Deputat yerlərdə olan problemlərlə bağlı parlamentdə və yerli icra orqanları qarşısında məsələ qaldırmaqla həll etməyə çalışır. Onu da deyim ki, cənab Prezidentin rəhbərliyi altında ölkədə həyata keçirilən regionların iqtisadi inkişafı, ölkənin inkişafı üçün digər proqramlar həyat keçirilməklə mövcud olan problemlər öz həllini tapmaqdadır. Təbii ki, ölkəmizin müstəqillik dövrünə, yaşına baxmaq lazımdır. Biz bəzən çalışırıq ki, ölkəmizi 200 illik müstəqillik tarixi olan və ya iqtisadi baxımdan inkişaf etmiş ölkələrlə müqayisə edək. Amma onu da yaddan çıxarmamalıyıq ki, elə o inkişaf etmiş ölkələrdə həyat o qədər də ucuz deyil. O ölkələrdə çox sayda insanlar var ki, ev ala bilmirlər, ömür boyu kirayədə qalırlar. Kommunal xərclər çox yüksəkdir. Onu da deyim ki, bəli, bəzən deputatlar, elə mənim özümə də müraciət olur ki, xaricə əməliyyat olunmalıyam və mənə bu qədər vəsait lazımdır. Təbii ki, biz bu məsələnin Milli Məclisin deputatına aid olmadığını ona izah edirik. Digər bu kimi səpkidə məsələlər olur ki, həll olunmur. Amma ümumilikdə ölkə üzrə deputatların fəaliyyəti böyükdür və bu funksiyadan da hər birimiz çalışırıq ki, istifadə edək.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 15368