hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

Deputat: “Ermənistan ya könüllü olaraq buna getməlidir, ya da məcbur ediləcək”

Deputat: “Ermənistan ya könüllü olaraq buna getməlidir, ya da məcbur ediləcək”

"Azərbaycanın 44 günlük müharibədə qazandığı zəfərdən, Ermənistanın uğradığı acı məğlubiyyətdən, imzaladığı kapitulyasiya aktından sonra bu ölkənin nəticə çıxarması gözlənilirdi.

Ancaq Ermənistan tərəfinin yersiz bəyanatları, təxribat mahiyyəti daşıyan addımları onu göstərir ki, bu ölkə hələ nəticə çıxarmayıb”.

Cebhe.info xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib. Millət vəkilinin fikrincə, Ermənistan İkinci Qarabağ müharibəsinin acı nəticələrini unutmamalıdır:

“Unutsa, “Dəmir yumruq” yenidən işə düşəcək. “Dəmir yumruq” hər zaman hazırdır. Ermənilər 30 il ərzində özləri haqqında olmazın yalanlarını uydururdular, dünyaya qəbul etdirməyə çalışdılar ki, guya onların müzəffər, yenilməz ordusu var, erməni xalqı döyüşkən xalqdır, erməni ordusu ən güclü ordudur. Azərbaycan ordusu 44 günlük müharibə dövründə bu “yenilməz ordunu” darmadağın etdi. Göstərdi ki, müzəffər xalq Azərbaycan xalqıdır, onların bütün təbliğatı mifdir, mifologiyadır. Azərbaycan xalqı göstərdi ki, Birinci Qarabağ müharibəsində ermənilər xarici dəstək hesabına üstünlük qazanmışdılar”.

Millət vəkilinin sözlərinə görə, tarixdən yaxşı məlumdur ki, Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılmışdı:

“O vaxt sovet hökumətində təmsil olunan ermənilər bu qanunsuz və heç bir əsası olmayan qərarı qəbul etdilər və Sovet Azərbaycanı o vaxt məcbur olub bununla razılaşdı. Amma bu, tamamilə əsassız və süni şəkildə yaradılmış bir qurum idi. Azərbaycan parlamenti müstəqillik bərpa olunandan bir ay sonra - 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etdi. Bu birmənalı olaraq süni şəkildə Azərbaycanın içində daim bir münaqişə ocağı yaratmaq üçün sovet hökuməti tərəfindən ortalığa atılmış təxribatdır.

Bizim tarixi torpağımızda Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaq, bir kəndi - Xankəndini, hansı ki, kənd idi, onu oranın mərkəzi etmək və cəllad Şaumyanın adını vermək Azərbaycan xalqına qarşı xəyanət və təhqir idi. Tarix zamanla hər şeyi öz yerinə qoyur. Status məsələsinə gəldikdə, bu gün qondarma rejimin nəzarətində olan bölgələrdə 25 min adam yaşayır. Orada gedən proseslərlə bağlı Azərbaycanın kifayət qədər məlumatı var. Bu gün müxtəlif rəqəmlər səsləndirilir.

Guya müharibədən sonra o ərazilərə 50 mindən çox adam qayıdıb. Ola bilər, ancaq qayıdan o demək deyil ki, orada qalır. Qayıdıb, sonra çıxıb gedib, geri dönüb. İkinci məsələ bu gün Azərbaycanın müxtəlif texniki vasitələri, peyki var. Oradakı maşınların sayı, insanların hərəkəti Azərbaycanın dövlət qurumları tərəfindən diqqətlə izlənilir. Azərbaycan dəqiq bilir ki, orada maksimum 25 min adam yaşayır. Heç şübhəsiz ki, 25 min insan üçün status yaratmaq heç bir məntiqə sığmır.

Zəngəzur məsələsinə gəldikdə həmin ərazi Azərbaycanın tarixi ərazilərdir. Zəngəzur bizim dədə-baba torpağımızdır və Azərbaycan xalqı öz tarixi ərazisindədir. Zəngəzur dəhlizi mütləq açılmalıdır. Ermənistan bunu nə qədər tez dərk etsə, onlar üçün o qədər də yaxşıdır. Ermənistan ya könüllü olaraq buna getməlidir, ya da məcbur ediləcək”.

Nigar
Cebhe.info


Oxunma sayı: 3587