hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

Deputat: “Xankəndidə də bizim nəzarətimiz var”

Deputat: “Xankəndidə də bizim nəzarətimiz var”

"Statusa gəldikdə, bu gün orada 25 min adam yaşayır.

Orada gedən proseslərlə bağlı bizim məlumatımız kifayət qədər böyükdür, çoxşaxəlidir”.

Bu sözləri iyulun 22-də Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib. Prezident İlham Əliyev Qarabağda 25 min erməninin yaşadığını, Ermənistanın bu rəqəmi şişirtdiyini deyib:

“Biz əvvəllər də, müharibədən əvvəl də bilirdik orada nələr baş verir. Əlbəttə, indi də bilirik, çünki onlar bizim ayağımızın altındadır. Orada yaşayanların real sayı 25 mindir. Başqa rəqəmlər də səsləndirilib ki, müharibədən sonra oraya 50 mindən çox adam qayıdıb, ola bilər, ancaq qayıdan o demək deyil ki, orada qalır. Qayıdıb, sonra çıxıb gedib, geri dönüb".

Prezident İlham Əliyev Qarabağa xarici nömrələrlə gələnlər barədə də danışıb. Dövlət başçıcı buna son qoyulmalı olduğunu deyib:

"İkincisi, bizim müxtəlif texniki vasitələrimiz, peykimiz var. Biz oradakı maşınların sayını bilirik. Biz insanların hərəkətini görürük. Necə deyərlər, digər obyektiv vasitələr var ki, onları əsas götürüb, dəqiq bilirik orada nə qədər adam yaşayır - 25 min maksimum. Biz gündəlik monitorinq aparırıq, neçə maşın girib Laçın dəhlizinə, neçə maşın çıxıb.

Eyni zamanda, biz xaricdən gələn maşınları da görürük və demişik ki, buna son qoyulmalıdır, bu, yaxşı deyil, bu, bizim ərazimizdir. Bizim icazəmiz olmadan xarici maşın necə girə bilər ora. Bir də əgər kimsə hesab edir ki, biz bunu görmürük, səhv edir. Bəzi hallarda o maşınlara erməni nömrələri yapışdırılır.

Ancaq biz oradayıq, biz dəhlizdəyik. Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də. Ona görə buna da son qoyulmalıdır. Oradan gündəlik çıxan maşınların sayı girən maşınlardan xeyli çoxdur. 25 min insan üçün status yaratmaq hansı məntiqə sığır?"

Bundan başqa dövlət başçıcı keçmişdə sovet hökümətinin Azərbaycanda münaqişə ocağı yaratmağından danışıb:

"Bu, süni şəkildə Azərbaycanın içində daim bir münaqişə ocağı yaratmaq üçün sovet hökuməti tərəfindən ortalığa atılmış təxribat idi. Bizim tarixi torpağımızda Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaq, bir kəndi - Xankəndini, hansı ki, kənd idi, onu oranın mərkəzi etmək və cəllad Şaumyanın adını vermək Azərbaycan xalqına qarşı çox mənfi bir addım idi. Bizim üçün təhqir idi".

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Cebhe.info-ya açıqlamasında Prezidentin dünənki çıxışının tarixi önəm daşıdığını bildirib:

“Dünən Prezidentin çıxışı tarixi önəm daşıyır. Biz ümidvarıq ki, Ermənistan ilk növbədə faktiki şəraitdə 10 noyabr sözləşməsinin prinsiplərinə əməl edərək hərbi qüvvələrini Qarabağdan tamamilə çıxaracaqdır. Belə olanda antiteror əməliyyatları, lokal ərazidə hansısa bir silahlı əməliyyatlar və yaxud başqa xarakterli güc tətbiqinə zəruriyət qalmayacaq.

Cənab Prezidentin müsahibəsində xüsusi vurğu etdiyi məqamlar ondan ibarət idi ki, Qarabağda sayı 25 minə çatan ermənilər üçün bir tərəfdən status gözləyən yaxud tələb edən Qərb dairələri onu özündə etsinlər. Xatırladım ki, Napaleon Bonapart imperiyanı elan edəndən sonra tez-tez xəritədə müxtəlif yerlərə öz arzu etdiyi adları verirdi.

Ona görə də müxtəlif ölkələrin içində belə bir lokal Qarabağ yarada bilərlər. Hətta Ermənistan da öz içində ayrı-ayrı vilayətlərə belə adlar verə bilər. Bu, gerçəkdən erməniləri razı salacaqsa, qane edəcəksə və onların məlum ideoloji öz istədikləri nöqtələrə çatacaqsa bunu etsinlər”.

Deputat Qarabağda 20-30 min insanla dövlət qurmağa çalışan ermənilərin planının iflasa uğradığını deyib:

“Məsələnin başqa bir tərəfi var ki, Qarabağa daxil olan hər bir nəqliyyat vasitəsinin, insanın Azərbaycanın istər kosmik sistemlərdən nəzarəti, o cümlədən “Biz dəhlizdə varıq” ifadəsindən çıxış edərək deyə bilərik ki, 20-30 min insanın dövlət qurmaq planı iflasa uğrayıb.

Yanaşmalar öz-özlüyündə sübut edir ki, həqiqətən Azərbaycan daha uzun zamana hesablanan strategiya qurmaqdadır. Əcnəbilər də Qarabağa Ermənistana məxus avtomobil nömrələr və yaxud başqa yolla daxil olmağın heç bir fayda verməyəcəyini görəcəklər. Qarabağın Xankəndi hissəsində də bizim nəzarətimiz mövcuddur”.

Əbülfət Baxşəli
Cebhe.info


Oxunma sayı: 4423