hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0277
  • EURO - 1.8958
  • NEFT - 65.06
  • clouds-weather

Deputat olmaq istəyən sənət adamları: Kimlər qollarını çırmalayıb?- "Aləm qarışıb bir-birinə..."-SORĞU 

Deputat olmaq istəyən sənət adamları: Kimlər qollarını çırmalayıb?- "Aləm qarışıb bir-birinə..."-SORĞU 

Bu gün gündəmdə olan əsas məsələlərdən biri növbədənkənar parlament seçkilərinin keçirilməsidir.

Belə ki, dekabrın 5-i Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin V çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalandı.

Sərəncama görə, Azərbaycan Respublikası Milli Məclisinin V çağırışı buraxıldı və seçkilərin 2020-ci il fevralın 9-da keçiriləcəyi məlum oldu.

Qeyd edək ki, sərəncamdan əvvəl mətbuatda, sosial şəbəkələrdə bir sıra tanınmış şəxslərin namizəd olacağı barədə məlumatlar yayıldı. Burada şou aləmi təmsilçilərinin yer alması isə böyük sensasiya yaratdı.

Hətta bəzi incəsənət nümayəndələrinin seçkilərdə iştirakı ilə bağlı şayiə yayıldıqdan sonra Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu məsələyə sərt şəkildə münasibət bildirərək bunun doğru olmadığını da dedi:

“Cəmiyyətdə hər şey vəzifə bölgüsünə uyğun olmalıdır. Azərbaycanda şou-biznes dediyimiz kəsim cəmiyyətin heç də qabaqcıl təbəqəsini təmsil eləmir. Bu adamlar ictimai-siyasi həyatdan çox-çox kənarda durur. Bu baxımdan, onların parlament seçkilərində həvəsə düşməsini anlamaq mümkün deyil”.

Maraqlıdır, sənət adamları bu qədər qalmaqallı açıqlamalardan sonra həqiqətən də parlament seçkilərində iştirak edəcək?

Azərbaycan Respublikasının Xalq artisti Brilliant Dadaşova Cebhe.info-ya açıqlamasında seçkilərin ondan soruşulmamalı olduğunu deyib:

“Mən siyasətçi deyiləm ki, parlament məndən soruşulsun. Aləm qarışıb bir-birinə... Bilmirəm hansı sənət nümayəndələri namizəd olub, ümumiyyətlə, heç kimdən xəbərim yoxdur. Uğurlar arzulayıram”.

Əməkdar artist Nazpəri Dostəliyevanın köməkçisi isə müğənninin namizəd olub-olmayacağını bilmədiyini vurğulayıb:

“Bu məlumatı siz deyirsiz, heç bizim o məlumatdan xəbərimiz yoxdur. Bu, nə dərəcədə düzgündür ki, məlumatı indi eşidək və təsdiqləyək? Namizədliyini irəli sürüb-sürməyəcəyini bilmirik, bu barədə bizim məlumatımız yoxdur. Konsert qabağı belə məlumatların yayılmasına ehtiyac yoxdur”.

Müğənni Nura Suri deputatlığa namizəd olmaq kimi bir fikrinin, ümumiyyətlə, olmadığını diqqətə çatdırıb:

“Yalan məlumatdır. Bu haqda heç fikrim yoxdur. Seçkilərdə iştirak etməyəcəyəm”.

Azərbaycan Respublikasının Əməkdar artisti Elza Seyidcahan isə digərlərindən fərqli olaraq namizəd olacağını, hətta deputat olmağın onun arzusu olduğunu söyləyib:

“Arzular tükənməzdir və bu, mənim arzumda da var. Bundan əvvəl də deputatlığa namizədliyimi irəli sürmüşəm. Azərbaycanın gözəl anasıyam, qadınıyam, sənətkarıyam. Arzum olmasa idi, bundan əvvəl mən o yolu böyük inamla getməzdim. Azərbaycan xanımı kimi amalım dəyişməz olaraq qalacaq. Sadəcə, edəcəyim işlərin bir millət vəkili olaraq da sözünü deməsini istəyirəm. Sənət insanları elə millət vəkili kimi insanlardır. Ən böyük siyasətin deyə bilmədiyi sözü incəsənət deyir”. 

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 4390