hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Deputat pilotun ölümündən yazdı - 4 MƏQAM

Deputat pilotun ölümündən yazdı - 4 MƏQAM

“Düz bir ay Azərbaycan cəmiyyəti gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin və təyyarənin qalıqlarının axtarışını həyəcanla izlədi. Hamımızın içində Rəşadın sağ qalması ümidi var idi, bir möcüzə, bir sevincli xəbər gözləyirdik. Möcüzə isə baş vermədi, tapılan ancaq pilotun nəşi və təyyarənin “qara qutu”su oldu. Hərbçimiz ehtiramla dəfn edildi və təyyarənin qəzaya uğramasının səbəbləri açıqlandı”.

Cebhe.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, hadisə artıq tarixə yazıldı, ancaq bir - iki məsələyə mütləq diqqət etmək lazımdır:

“Birinci məqam odur ki, təyyarənin düşdüyü yer Azərbaycan mütəxəssisləri tərəfindən müəyyən edildi və pilotun nəşi, eləcə də təyyarə qalıqları ölkəmizin texniki imkanları hesabına həyata keçirildi. Demək, Azərbaycan hətta belə hal üçün yüksək hazırlığa malik, peşəkar mütəxəssislərə və texniki imkanlara malikdir.

İkinci məqam pilotun dəfninin dövlət səviyyəsində yüksək səviyyədə təşkil edilməsidir. Rəşad Atakişiyev II Fəxri Xiyabanda dəfn edildi, dəfn mərasiminə respublikanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva gül çələngi göndərdi , dəfn mərasimində dövlətin yüksək vəzifəli şəxsləri iştirak etdilər.

Üçüncü vacib məqam pilotun axtarıldığı bir ay ərzində cəmiyyətin məsələni ciddi diqqətdə saxlaması, hərbi vətənpərliyin bütün yazı və sosial şəbəkədə özünü biruzə verməsidir. Faciə bizi daha da birləşdirdi, Vətənə, əsgərə olan sevgimizi daha da artırdı, Silahlı Qüvvələrə inamın möhkəm olduğu göründü.

Dördüncü məqam isə bu məslədə radikal müxalifətin özünü bir daha ifşa etməsi oldu. Hadisədən radikallar hakimiyyətə hücüm üçün istifadə etməyə çalışdılar, hərəkətlər və bəyanatları ilə özlərini xalqla üzbəüz qoydular. Axtarış zamanı axtarışdan başqa hər məqama toxunan müxalifət nə dəfn mərasiminə gəldi, nə yasda iştirak etdi. Heç igid zabitimizin qəbir üstünə gül dəstəsi qoyan müxalifət liderlərinə də rast gəlmirik. Onlar zabitimizin faciəsindən də siyasi divident götürməyə çalışdılar.

Rəşad Atakişiyevin əziz xatirəsi heç zaman qəlblərimizdən silinməyəcək, xalqımız onu igid, Vətənə bağlı bir hərbçi kimi həmişə xatırlayacaq. Onun torpaqlarımızı işğaldan azad edilməsi arzusunu zabit dostları həyata keçirəcək və onun ruhu şad olacaq”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1475