hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Deputat təhsildəki problemlərə diqqət çəkdi: “Müəllimlərin maaşı...”

Deputat təhsildəki problemlərə diqqət çəkdi: “Müəllimlərin maaşı...”

“Hörmətli müəllimlər, əziz şagirdlər, tələbələr, sizi yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edir, hər birinizə can sağlığı, zehin açıqlığı, uğurlu tədris mövsümü arzu edir, xüsusən övladları ilk dəfə məktəbə, universitetə qədəm qoyan valideynlərə üz tutub gözaydınlığı verirəm”.

Cebhe.info xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov ilk tədris günü münasibəti ilə yazdığı təbrikdə qeyd edib.

Millət vəkili təbriklə yanaşı təhsil sistemində olan problemlərə də diqqət çəkib:

“Əlbəttə təhsil sistemində mövcud vəziyyəti ideal durum kimi sırımaq niyyətindən uzaqıq, istər təhsilin keyfiyyəti, təhsil haqları, istər müəllimlərin maaşları və s. sahələrdə problemlər var, bunu bilirik. Lakin etiraf edək ki, bizim müstəqillik tariximiz qədər yaşı olan bütün dövlətlərdə aşağı-yuxarı eyni mənzərədir. Lakin, ümidliyik, çünki, əsas olan bu istiqamətdə siyasi iradə, dövlətin niyyətidir ki, Azərbaycan dövləti təhsil hüququnun realizəsi üçün davamlı tədbirlər görür, daha yaxşı təklif və fikirləri də tətbiq etməyə hər zaman hazırdır. Təsəvvür edin, təhsilin maddi texniki bazasının yaxşılaşdırılması, yeni məktəb binalarının tikintisi baxımından müqayisə etsək, yalnız son 5 ildə tikilən məktəblərin sayı bir çox post-sovet dövlətlərin müstəqillik tarixi boyu tikdiyi məktəblərin sayından çoxdur. Əlbəttə, arqument kimi neft amilini qabarda bilərsiz, lakin, bu halda paralel olaraq müharibə amilini də, milyondan artıq məcburi köçkün amilini də qabartmaq lazımdır, tənqid edərkən biz bütün bunların fonunda qərəzdən uzaq durub qiymətləndirməliyik. Fikirlərimiz ehkam deyil, mübahisələndirə bilirsiz, lakin, unutmayaq ki, təhsildə bu gün görülən işlərin nəticəsini görmək üçün 10 illər lazımdır, təhsil uzunmüddətli investisiyadır. Səhifəmizdə mediadan dostların olmasını nəzərə alaraq, fürsətdən istifadə edib, təmsil etdiyim bölgənin qarşılaşdığı bir problem də dilə gətirim. Bu gün Biləsuvarda internetə qoşulmağa imkanı olmayan, yaxud imkanı olan, lakin texniki problemlər baxımından evinə internet çəkilməyən 10-larla ailənin vəziyyəti məni ciddi narahat edir. Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, habelə aztəminatlı ailələrdən olan məktəblilərin onlayn dərslərə qoşulmaq üçün internet ehtiyacının qarşılanması üçün ayrı-ayrı telefon operatorları ilə danışıqlarımız olub. Rayonun yeni rəhbərliyi də bu istqamətdə ciddi səylər başladıb, inanıram ki, problem açıq qalmaz, əks halda pandemiya şəraitində onlayn dərslərin tam effektindən danışa bilməyəcəyik. İstənilən halda unutmayaq ki, imkansızlıq və şəraitsizlik insanlar üçün məhrumiyyətlər yarada bilər, lakin heç bir amil təhsilin qarşısında sədd ola bilməz. Ona görə də ümidli olaq, gələcəyimizi, inkişafımızı yalnız və yalnız təhsildə görək. Bir daha hər birinizə xoş arzularımı çatdırır, bu tədris ilində uğurlarımızın bol olmasını diləyirəm”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 3840